Əsas Səhifə > Güney Press / Ana xəbər > Şərti cəza verilən qatil həkimin məhkəməsi başlayır

Şərti cəza verilən qatil həkimin məhkəməsi başlayır


4-06-2015, 10:46
Şərti cəza verilən qatil həkimin məhkəməsi başlayır
Həkim səhlənkarlığı üzündən dünyasını dəyişmiş BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) ölüm işi ilə bağlı Nəsimi Rayon Məhkəməsinin çıxardığı hökmlə bağlı verilən apelyasiya şikayətinin vaxtı təyin edilib.

Bu barədə Axar.az-a məlumat verən zərərçəkən Anar Niftəliyevin hüquqi nümayəndəsi Səməd Vəkilovun sözlərinə görə, ilk məhkəmə prosesi iyun ayının 10-na təyin edilib:

“Elnarə Tofiqqızının ölümü ilə bağlı Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərardan narazı qaldığımız üçün apelyasiya şikayəti verdik. Biz hökmün cəzanın təyin olunması hissəsindən narazı qalmışıq. Çünki orada təqsirkar şəxsə cəmi 2 il həbs qərarı verilib və o, cəzasını məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Müvəkkilim isə belə cəzanı faktiki olaraq həkimin azadlığa buraxılması kimi dəyərləndirir. Şikayətimiz artıq qəbul edilib və Apelyasiya Məhkəməsinə göndərilib. İlk proses iyun ayının 10-da hakim Camal Ramazanovun sədrliyi ilə keçiriləcək. Biz Apelyasiya Məhkəməsindən cəzanın sərtləşdirilməsini istəmişik. Hesab edirəm ki, bizim tərəfimizdən irəlin sürülən şərt haqlı şərtdir. Çünki anesteziloq Firuz İbrahimov cinayətin birini ehtiyatsızlıqdan törətsə də, digərini, yəni sənədləri saxtalaşdırmanı qəsdən törədib. Ölümə səbəb olan səhlənkarlıq və sonra da bu səhlənkarlığı gizlətməyə qəsdən cəhd edilməsi – 124.1 və 320.1-ci maddələrlə təqsirli bilinən bu həkimin 2 il məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməsi, başqa sözlə, o cəzaçəkmə müəsisəsinə qeydiyyata düşəndən sonra sərbəst hərəkət etməsi və hətta həkimlik fəaliyyətini davam etdirməsi ədalətsizlikdir. Hesab edirik ki, cəzanın rejimi dəyişdirilməli və ona 2 ildən 6 ilə qədər cəza verilməlidir”. Qeyd edək ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də “Medi Sina” klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda fakt üzrə cinayət işi başlanılmışdı.

2014-cü il aprelin 10-da iş Nəsimi Prokurorluğundan alınaraq, Bakı şəhər Prokurorluğuna, müstəntiq Vaqif Süleymanovun icraatına verilib.

Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə məhkəmə prosesi 19 noyabr 2014-cü ildən başlayıb. 23 aprel 2015-ci ildə iki maddə ilə suçlanan anestezioloq Firuz İbrahimov barədə cəzasının məntəqə tipli cəzaçəkmə müəsisəsində çəkməklə iki illik həbs cəzası çıxarılıb.

Geri qayıt