Əsas Səhifə > Güney Press / Ana xəbər > Qərib Məmmədovun işçisinin FIRYADI

Qərib Məmmədovun işçisinin FIRYADI


23-05-2015, 15:29
Qərib Məmmədovun işçisinin FIRYADI
"2 aydır nə maaş verirlər, nə də işdən çıxarırlar" - bu sözləri musavat.com-un redaksiyasına şikayətlə gələn Əyyub Həziyev deyir.

Şikayətçimin sözlərinə görə, o uzun illərdir Torpaq və Xəritəçəkmə Komitəsində işləyir. Amma son iki aydır ki, maaş ala bilmir. Buna səbəb isə, ixtisarlardır: "Mən Torpaq və Xəritəçəkmə Komitəsində işləyirəm. Daha doğrusu heç işləyib-işləmədiyimi belə bilmirəm. Çünki dəqiq bir söz deyən yoxdur. Düz 2 aydır ki, maaş almıram. Dəqiq bir söz deyən də yoxdur ki, işimizi bilək. Yanvar ayında 177 manat, fevral ayında 158 manat maaş almışam. Ondan sonrakı ayları verməyiblər. İxtisarların olacağı gözlənilir. Hər şey də buna görədir.

Bir müddət öncə Prezident İlham Əliyevin fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildi. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verildi. Hər şey də bundan sonra başladı".

Ə.Həziyev deyir ki, işdən kütləvi şəkildə ixtisarlar gözlənilir. İxtisara düşməyənlər ancaq rəhbərliyin qohumları, həmkəndliləri və tapşırılan şəxslərdir: "Qurum içində yerlibazlıq, tapşırıqla işdə saxlama prosesi gedir. Savadsız, heç nə bilməyən adamları işdə saxlayırlar. Savadlı adamları çıxarırlar. Bunu dəqiq bilirik. Çünki bunlar artıq siyahı da hazırlayıblar. Həmin siyahıda mənim adım yoxdur. Çünki nə Rafiq Məcidov, Ədalət Salmanov və Ramiz müəllimin hazırladığı siyahıda mən ola bilmərəm. Nə onların yerlisiyəm, nə pulum var, nə də tapşıran biri yoxdur".

Ə.Həziyev deyir ki, maaş ala bilməməsi, onu çətin hala salıb: "İki aydır mənə nə maaş verirlər, nə də konkret bir söz deyən yoxdur ki, işdən çıxarırlar, ya yox. 25 ildir mən burada işləyirəm. Dəfələrlə imtahanlar olub və hamısından yüksək nəticə ilə keçmişəm. Çünki savadım var. Amma məni çıxarırlar. Maaş ala bilmirəm. İş də tapa bilmirəm. Bu ölkədə haqqını tələb edənə iş vermirlər. "Demaqoq" deyirlər. İndi buraya gəlmək üçün yol pulunu belə güclə tapmışam. Yoldaşımın aldığı 200 manatla dolanmağa çalışırıq. Savadım var, bacarığım var. Amma yaşayış tərzimə baxın".

Geri qayıt