Əsas Səhifə > Güney Press / Ana xəbər > Daha bir deputat rəsmən qanunları pozmaqdadır...
Daha bir deputat rəsmən qanunları pozmaqdadır...14-05-2015, 10:38 |
![]() Heç kimə sirr deyil ki, bu gün ölkədə fəaliyyət göstərən əksər firma, şirkət və müəssisələrin, eyni zamanda məhdud məsuliyyətli cəmiyyətlərin əsl sahibləri iş adamları yox, məhz müxtəlif vəzifələrdə çalışan məmurlar, millət vəkilləridir. Bunu sübuta yetirmək o qədər də çətin məsələ deyil. Belə ki, deyilənlərin doğruluğunu müəyyənləşdirmək üçün Milli Məclisin saytına daxil olub deputatlar haqda informasiyaya nəzər yetirmək kifayətdir. O zaman görəcəksiniz ki, bu gün parlamentdə təmsil olunan şəxslərin bir qismi Konstitusiyanın tələblərinə zidd olaraq kommersiya fəaliyyəti ilə məşğul olur, bəziləri isə müxtəlif yüksək vəzifələrdə çalışır, ali təhsil ocaqlarına rəhbərlik edirlər. Düzdür, bəzi millət vəkilləri ilə bağlı bu tip informasiyalar keçmiş zamanda göstərilsə də, deputatlardan kimlərin hansı şadlıq saraylarına himayəçilik etdiyi, kimlərin nəqliyyat sektorunda hansı avtobus marşurutlarına, hansı ticarət obyektlərinə sahib olmaları barədə artıq çoxlarının bilgisi var. Məsələn, götürək elə millət vəkili Fərhad Qəribovu. Məlumat üçün bildirək ki, 1952-ci il təvəllüdlü deputat Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. O, Azərbaycan Politexnik İnstitutunun hidromeliorasiya fakültəsini bitirib. 1974-cü ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyi Şirvan qışlaqlarının su ilə təminatı sisteminin istismarı idarəsində mühəndis işləyib. 1977-ci ildən "Muğanmeliorasiyasutikinti" Trestinin tikinti-quraşdırma idarəsində usta, iş icraçısı, böyük iş icraçısı, rəis müavini, rəis, 1985-ci ildən "Kəndtikinti" Trestinin tikinti-quraşdırma sahəsində iş icraçısı, baş mühəndis vəzifələrində çalışıb. 1986-cı ildən "Azərneft" Birliyinin "Azərneftlayihətikinti" Birliyində tikinti-quraşdırma idarəsinin rəisi, mənzil-kommunal kontorunun rəis müavini, 1989-cu ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyində mexanikləşdirilmiş səyyar dəstənin baş mühəndisi, rəisi, 1991-ci ildən tikinti-quraşdırma idarəsinin rəisi, 1995-ci ildən "Azərneftlayihətikinti" Birliyinin rəisi, "Neftlayihətikinti" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri olub. 2002-2004-cü illərdə "Debüt" Səhmdar Kommersiya Bankının məsləhətçi müşaviri işləyib. 2004-2005-ci illərdə "Azəri-Holdinq" maliyyə-sənaye qrupuna rəhbərlik edib. Gördüyünüz kimi, onun kommersiya fəaliyyəti ilə məşğul olmasına dair bilgilər keçmiş zamanda göstərilsə də, Fərhad Qəribov bu gün də aktiv bizneslə məşğul olmaqdadır. Belə ki, onun 5 övladının olduğunu bildirən məlumatlı şəxsin sözlərinə görə, deputatın sahib olduğu nəhəng biznes şəbəkəsi onun övladları tərəfindən idarə olunur: "Fərhad Qəribovun Elnur, Zöhrab, Rəşad, Anar və Aytən adlı 5 övladı var. Nəhəng biznes şəbəkəsinə nəzarət edən Fərhad Qəribovun işlərini onun oğlanları həyata keçirir. Belə ki, deputatın biznes şəbəkəsinə aid olan obyektlərini Elnur, Zöhrab, Rəşad və Anar Qəribovlar idarə edir. Son bilgilərə görə, artıq Fərhad Qəribovun oğlanlarının ikisi vergi cinayəti ilə bağlı axtarışa verilib. Deyilənlərə görə, deputatın dörd oğlundan ikisi nəzarətlərində olan şirkətlərdə külli miqdarda vergidən yayınma halına yol veriblər". Bu isə onu deməyə əsas verir ki, deputat əlində olan imkanlardan yararlanaraq qanuna zidd olaraq biznes fəaliyyəti ilə məşğul olur. Halbuki, "Korrupsiya ilə mübarizə haqqında" Qanunda göstərilib ki, belə adamlar, yəni vəzifəli şəxslər, millət vəkilləri sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzlər. Lakin buna baxmayaraq, Fərhad Qəribov və digər bir sıra həmkarları kommersiya fəaliyyəti ilə məşğul olurlar… Bu arada, maraqlı məqam ondadır ki, təxminən bir il öncə Fərhad Qəribov mətbuata verdiyi açıqlamasında bəzi vəzifəli şəxsləri ittiham edərək onların ünvanına tənqidi fikirlər söyləmişdi. Belə ki, "Bəzi məmurlar var ki, yerində deyillər. Onların da cavabını cənab prezident verəcək" deyən deputat həmin məmurların hərəkətləri ilə ölkəmizdə aparılan bütün müsbət işlərə xələl gətirdiklərini bildirmişdi: "Bəzi məmurlar var ki, adlarına layiq olmayan addımları ilə inkişafımıza, ölkəmizdə məmur-vətəndaş dostluğuna zərbə vururlar. Onlar da öz cəzalarını alacaqlar". Təbii bu gün məmurların bir qismi ciddi neqativ hallara yol verməklə yanaşı, onlara həvalə olunan vəzifələri layiqincə icra edə bilmirlər. Lakin bununla yanaşı, o da qeyd olunmalıdır ki, Fərhad Qəribov kimi deputatların biznes fəaliyyəti ilə məşğul olmaları da müvafiq qanunlarımıza ziddir. Və bu cür əməllər vətəndaşların parlamentin bəzi üzvlərinə olan inamını əməlli-başlı sarsıdır. Görünür, Fərhad Qəribov bu cür önəmli məsələnin üzərindən sükutla keçməyi daha məqsədə uyğun hesab etdiyi üçün əsas diqqəti başqa istiqamətə yönəltməyə çalışır. Ancaq bu, o qədər də asan məsələ deyil. Çünki onun bizneslə məşğul olması qüvvədə olan qanunvericiliyin tələblərinə tamamilə ziddir. Məsələn, bununla bağlı Konstitusiyanın 89-cu maddəsi var ki, həmin maddə "Azərbaycan Respublikası Milli Məclisi deputatlığından məhrumetmə və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi" adlanır. Həmin maddədə millət vəkillərinin hansı halda mandatı itirəcəkləri qeyd olunub. Maddənin 4-cü bəndində deyilir ki, millət vəkili dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) deputat səlahiyyətini itirir. Bu qadağa Seçki Məcəlləsinin 175-ci maddəsində də öz əksini tapıb. Bu isə onu deməyə əsas verir ki, Fərhad Qəribov millət vəkili olduğu üçün elmi yaradıcı fəaliyyəti istisna olmaqla, digər işlə məşğul ola bilməz. Bundan başqa, "Milli Məclisin deputatının statusu haqqında" Qanunda da qeyd olunub ki, deputatlar elmi-pedaqoji fəaliyyətdən başqa digər fəaliyyətlərlə məşğul ola bilməzlər. Fərhad Qəribovun diqqətinə çatdırmaq istərdik ki, onun sahibkarlıq fəaliyyəti ilə məşğul olması "Dövlət qulluğu haqqında" Qanunun da tələblərinə ziddir. Belə ki, sözügedən qanunun 1-ci maddəsində göstərilir ki, bu qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. 2-ci maddənin 2-ci bəndində isə qeyd olunur ki, bu qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Qanunun 14-cü maddəsində bildirilir ki, dövlət qulluqçusu bu qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız dövlət büdcəsi vəsaitindən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Maddənin 15-ci bəndində deyilir ki, dövlət qulluqçusunun andı Azərbaycan Respublikası ilə dövlət qulluqçusu arasında açıq hüquqi borc və sədaqət münasibətlərini təsdiq edir. Vətəndaş dövlət qulluğuna daxil olarkən belə bir and içir: "Azərbaycan Respublikasına sadiq olacağıma, onun Konstitusiyasına dönmədən əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, dövlət qulluğunun mənə verdiyi hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanuna uyğun surətdə, var gücümlə və vətənin mənafeyi naminə həyata keçirəcəyimə and içirəm". 18-ci maddədə isə göstərilir ki, dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: Qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud işlədiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; qulluq etdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli; etik davranış qaydalarına əməl etməlidir. Qanunun 20-ci maddəsində isə qeyd olunur ki, dövlət qulluqçusunun dövlət orqanlarında əlavə ödənişli vəzifə tutmağa; elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, işlədiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa ixtiyarı yoxdur. Xülasə, artıq çoxlarına bəllidir ki, bu gün ölkədəki şirkət və müəssisələrin bir qismi ayrı-ayrı məmurlar, deputatların himayəsi altında fəaliyyət göstərir. Yəni həmin biznes strukturlarına məhz vəzifə sahibləri, millət vəkilləri "yaşıl işıq" yandırırlar. Məsələ ondadır ki, bəzi məmurların, parlament üzvlərinin özləri və övladları bir sıra yollarla külli miqdarda sərvətə sahibləniblər. Onlar o qədər gəlir əldə ediblər ki, artıq pulsayan maşın belə, həmin kapitalı hesablamaqda çətinlik çəkə bilər. Yəqin elə bu səbəbdən də bir sıra vəzifə sahibləri, millət vəkillərinin gözləri heç kimi, heç nəyi görmür. Buna görə də özləri, övladları, hətta yaxın adamları, qohumları bir sıra məsələlərdə "Burda mən, Bağdadda kor xəlifə" prinsipini əldə bayraq tutub ürəkləri istəyəni edirlər. Odur ki, artıq həmin şəxslər barəsində ölçü götürməyin vaxtı gəlib çatıb. Yəni onlara hamının qanun qarşısında bərabər olduğunu, məmurun, deputatın sadə vətəndaşdan, fəhlədən üstun olmadığını əyani şəkildə göstərmək lazımdır. Hamı kimi onlar da qüvvədə olan qanunlara hörmətlə yanaşmalıdırlar. Çünki bu və digər qanun qəbul edilərkən orada qeyd olunan müddəalar ölkənin hər bir vətəndaşı üçün nəzərdə tutulur. Odur ki, hamı kimi millət vəkili Fərhad Qəribov da qanunlara sayğı göstərməli, mandatla biznesi arasında seçim etməlidir… \\ gundelik-baku.com \\ Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |