Əsas Səhifə > Güney Press / Ana xəbər > Bakıya gələcək böyük pullar

Bakıya gələcək böyük pullar


13-05-2015, 10:10
Bakıya gələcək böyük pullar
Azərbaycan malları Rusiya bazarında yerini bundan sonra daha da möhkəmləndirəcək. Azərbaycan bu ölkənin ərzaq bazarında payını əhəmiyyətli dərəcədə artıracaq. Buna səbəb rus rublunun yerini möhkəmləndirməsinin bazarda çalışan əcnəbilər üçün yeni stimul yaratması olub. Digər səbəb Azərbaycan və Rusiya arasında gömrük nəzarəti nəticələrinin qarşılıqlı tanınması haqqında danışıqların müsbət nəticələnməsidir. Razılığa əsasən iki ölkənin gömrük prosedurları sadələşdirilir. Bununla sahibkarların tranzit xərcləri 2 dəfəyə qədər azalacaq və iki ölkə arasında meyvə-tərəvəz ticarəti canlanacaq.

Ekspertlərin fikrincə, meyvə-tərəvəz mövsümünün başlaması ilə əlaqədar Rusiya Azərbaycan fermerləri üçün çox sərfəli bazara çevirilir. Moskvanın hərəkətlilik sönük olan bazarlarında indi fəaliyyət artıb, boş piştaxtalar məhsullarla dolub, alıcıların sayı çoxalıb. Sahibkarlar üçün Rusiya bazarı 5-6 ay əvvəl zəifləmişdi. Çünki rublun kəskin dərəcədə düşməsi iş adamları üçün sərfəli əmək yaratmırdı. İndi vəziyyət dəyişib. Belə olan halda yeni canlanma dalğası yaranıb. Bəs, yerli məhsullarımızın Rusiya bazarlarına çıxarılması daxili bazara, qiymətlərə təsiri necə olacaq?

ANS PRESS-in məlumatına görə, Avropa ölkələrindən Rusiyaya tərəvəz idxalına ötən ildən qoyulan qadağa nəticəsində Rusiya bazarında Azərbaycanın kənd təsərrüfatı məhsullarının satışı 2-3 dəfə artıb. Əvvəllər Rusiya bazarında Azərbaycanın kənd təsərrüfatı məhsullarının satış həcmi təxminən 10-20% idisə, hazırda bu, 50 faizi keçib.

Ekspertlər deyiblər, Azərbaycana xarici ölkələrdən meyvə-tərəvəz gətirilməsinə ehtiyac yoxdur. Azərbaycan özünün meyvə-tərəvəzə olan tələbatını təmin edir. Mövsümlə əlaqədar olaraq, indi bazarlarda məhsul bolluğu yaranır. Amma qiymət məsələsi çox düşündürücüdür. Yerli məhsulların qiymətinin aşağı düşməməsinin səbəbi Rusiya bazarıdır. Çünki bir çox fermer becərdiyi məhsulları xarici bazara çıxarırlar. İndi Rusiya rublunun yerini möhkəmləndirməsi iş adamlarında, ticarətlə məşğul olanlarda ümid yaradıb.

Rusiyanın çox sərfəli bir bazara çevrilməsini statistik göstəricilər də təsdiqləyir. Bildiyimiz kimi, meyvə-tərəvəz və kənd təsərrüfatı məhsulları Rusiyada milyardlarla ölçülən bazardır. Hesablamalara görə, meyvə-tərəvəz bazarından ildə təqribən 60 milyard dollara yaxın qazanc götürülür.

Ekspertlər iki ölkə arasında razılığın əldə olunmasını perspektiv üçün müsbət dəyərləndirirlər. Onların fikrincə, anlaşmanın baş tutması və reallaşdırılması olduqca müsbət nəticə verə bilər. Gömrük prosedurlarının sadələşdirilməsi, fermerlərə güzəşt edilməsi Azərbaycan iqtisadiyyatı üçün çox pozitiv addım olar. Çünki Rusiya kimi böyük bir bazarda özünə yaxşı mövqe tutmaq üçün Azərbaycanın kifayət qədər potensialı var.

Rusiya Avropa məhsullarına qarşı sanksiyalar tətbiq etdikdən sonra üstünlüyü MDB ölkələrinə, ö cümlədən Azərbaycan istehsalı olan məhsullara verib. Rusiya tərəfinin rəsmi dairələrinin bununla bağlı bu yaxınlarda açıqladığı statistika bunu deməyə əsas verir. Belə ki, hər il meyvə-tərəvəz mövsümündə Azərbaycandan Rusiyaya on min tonlarla meyvə-tərəvəz ixrac olunur. Dövlətin fermerlərə dəstəyi də bu məsələdə mühüm rol oynayır. Məhsul istehsalına görə stimullaşdırıcı proqramların qəbulu, kreditlərin, subsidiyaların, kənd təsərrüfatı texnikasının verilməsi iqtisadiyyatın bu sahəsində ciddi irəliləyiş yaradır. İndi Azərbaycanda meyvə-tərəvəz istehsalı ilə məşğul olan təcrübəli fermerlər fəaliyyət göstərir.

Rusiyalı ekspertlər də qərb məhsullarına qarşı sanksiyaların tətbiqindən sonra Azərbaycan Rusiyanın ərzaq bazarında mühüm yer tutur. Azərbaycan məhsullarına təlabat, bazarda yerini möhkəmləndirməsi bizim üçün çox əhəmiyyətlidir.

Ölkəmizin Kənd Təsərrüfatı Nazirliyi Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığının yeni səviyyəsi uzunmüddətli xarakter daşıyacağını düşünür, Azərbaycanın meyvə məhsullarının Rusiya bazarında yerini möhkəmləndirməsini müsbət hal hesab edir, bunun ölkə daxilində məhsulların qiymətinə o qədər də ciddi təsir göstərmədiyini düşünür. Buna səbəb kimi, ölkədə meyvə istehsalının ilbəil artmasını göstərilir: "Belə ticarət razılaşmaları perspektivdə uzun müddətə imzalanır. Gələcəkdə bu daha da genişləndiriləcək, təkmilləşəcək, Azərbaycandan meyvə-tərəvəz məhsulları üçün yeni loqistik mərkəzlər yaranır. Bu, həm uzunmüddətli olacaq, həm də yalnız alma üzrə olmayacaq."

Tanınmış iqtisadçı alim Oqtay Haqverdiyev deyib ki, Azərbaycan Rusiya bazarında əsas yer tutur. Son vaxtlar baş verən proseslər nəticəsində Rusiya bazarına maraq daha da artıb və ərzağın çatdırılmasında artım müşahidə olunur: "Bizdən hər il təqribən 950 min ton meyvə məhsulu ixrac olunur. Daxili bazar üçün isə 400 min ton kifayət edir. Bu rəqəmlər göstərir ki, Azərbaycan daxili bazarı qorumaqla Rusiyaya alma və başqa meyvə növləri göndərilməsində çox imkan malikdir. İndi biz təchizatçı rolundayıq və bunu bacarırıq. Gələcəkdə bu göstərici daha da yaxşılaşdırılmalıdır".

İqtisadçı vurğulayıb ki, yeni razılaşma nəticəsində sərhəddə kilometrlərlə növbə yaranmayacaq. Yəni təşkilati məsələləri nizama salınacaq. Azərbaycan məhsulu maneəsiz Rusiyaya gedəcək.

Bir sözlə, rublun möhkəmlənməsi Rusiya bazarlarında kənd təsərrüfatı məhsullarının satış qiymətlərində sərbəstlik yaradır. Azərbaycanda bəzi məhsulları, xüsusən alma, xurma, nar, xiyar, pomidor, faraş kartof və bəzi sitrus meyvələr istehsal edən sahibkarlar əldə etdikləri məhsulları daxili və xarici bazarda satırlar. Bu da bazarlarda həmin məhsulların qiymətində nisbətən ucuzlaşmasına səbəb ola bilər. Ancaq, vacibdir ki, məhsul qıtlığı baş verməsin, yəni təklif azalmasın. Təklif azalarsa qiymətlərin artması labüddür.

Geri qayıt