Əsas Səhifə > Güney Press / Ana xəbər > Amerikadan yunanlara "Azərbaycanı seçin" çağırışı...

Amerikadan yunanlara "Azərbaycanı seçin" çağırışı...


9-05-2015, 09:46
Amerikadan yunanlara "Azərbaycanı seçin" çağırışı...
ABŞ administrasiyası Cənub Qaz Dəhlizinin bir hissəsi olan Transadriatik Qaz Kəməri (TAP) layihəsini ləngidən, Rusiyanın “Türk axını” layihəsinə qoşulmağa maraq göstərən Yunanıstana təzyiq göstərmək üçün xüsusi elçisini Afinaya göndərib.

Virtualaz.org saytı xəbər verir ki, mayın 8-də ABŞ Dövlət Departamentinin enerji resursları bürosunun xüsusi nümayəndəsi Amos Hoxşteyn Afinada Yunanıstanın energetika və təbii ehtiyatlar naziri Panaiyotis Lafazanislə danışıqlar aparıb.

Danışıqlardan sonra amerikalı diplomat bildirib ki, Birləşmiş Ştatlar Yunanıstana “Türk axını” layihəsindən imtina etməyə çağırıb. Diplomat bunun əvəzində Yunanıstana Azərbaycan qazını Avropaya nəql edəcək TAP kəməri layihəsini dəstəkləməyi təklif edib.

Vaşinqton hesab edir ki, Yunanıstan TAP layihəsinə dəstək verməklə Qərb investorları üçün cəlbediciliyini artıracaq və Avropa İttifaqının (Aİ) Rusiya qazından asılılığını azaldacaq.

A.Hoxşteyn deyib ki, Moskvanın maraqları heç cür Yunanıstanın maliyyə ehtiyacları ilə bağlı deyil. Diplomatın bildirdiyinə görə, “Türk axını” iqtisadi əsası olan layihə deyil və açıq-aşkar siyasi mahiyyət kəsb edir.

A.Hoxşteyn Yunanıstana TAP kəməri layihəsində daha fəal iştirak etməyi təklif edib. Hansı ki, Afina kəmərin Yunanıstan hissəsinin marşrutunu razılaşdırıb, ancaq sövdələşmənin maliyyə tərəfi ilə bağlı Bakı ilə anlaşma yoxdur. Daha doğrusu, Yunanıstanda bu ilin əvvəlində hakimiyyətə gələn solçu kabinet TAP kəmərinə dair tranzit müqaviləsinə yenidən baxılmasını tələb edir.

“Bu, Yunanıstan üçün gözəl layhədir, çünki böyük sayda yeni iş yerləri yaradacaq” - deyə amerikalı diplomat bildirib.

O, izah edib ki, “Türk axını” Avropanın Rusiya qazından asılılığını daha da artıracaq. TAP isə Avropanın qaz təchizatını şaxələndirməyə və Yunanıstana öz energetika resurslarını inkişaf etdirməyə imkan yaradacaq.

“Türk axını” layihəsi ötən il dekabrın 1-də Putinin Ankaraya səfəri zamanı elan edilib. Kəmərlər Türkiyənin Yunanıstan sərhədinə ildə 63 milyard kubmetr Rusiya qazının çıxarılması planlaşdırılır. “Qazprom” daha sonra qazın 50 milyard kubmetrini Yunanıstandan keçməklə digər Avropa ölkələrinə ötürməyə hazırlaşır.

Yunanıstan hökuməti bu layihəyə qoşulmağa maraq göstərir. Rusiya isə bunun əvəzində Yunanıstana iri həcmdə maliyyə yardımı vəd edir. Cəmi bir gün əvvəl Yunanıstanın baş naziri Aleksis Tsiprasla görüşündə Rusiya prezidenti Vladimir Putin deyib ki, Yunanıstana maliyyə yardımının göstərilməsi Afinanın “Türk axını”na qoşulmasından asılı olacaq. Və ABŞ eyni vaxtda ABŞ işə qarışır və

Aİ-nin çağırışlarını eşitməyən Yunanıstan hökumətinə təzyiq göstərməyə çalışır.

Amerikalı diplomatın Afinada gərgin danışıqlar apardığı bir vaxtda Birləşmiş Ştatların Yunanıstandakı səfirliyi də bəyanatla çıxış edib. Bildirib ki, Birləşmiş Ştatlar Yunanıstanın “Türk axını” layihəsində iştiraka maraq göstərməsindən narahatdır. Bu iştirak Avropanın qazla təchizatının şaxələndirilməsinə mənfi təsir edəcək, Aİ-nin antiinhisar orqanlarının diqqətini cəlb edəcək və Yunanıstanın energetika ehtiyacları üçün uzunmüddətli həll yolu olmayacaq.

Səfirlik TAP layihəsinin Yunanıstan üçün daha cəlbedici olduğunu bildirir. Bu layihə sayəsində Yunanıstan 1.5 milyard avro investisiya cəlb edəcək, 10 min yeni iş yeri açılacaq, 25 il ərzində tranzit haqlarından milyonlarla avro gəlirlər daxil olacaq.

Bütün bu dilətutmalara və təzyiqlərə baxmayaraq Yunanıstanın energetika naziri Panayiotis Lafazanis “Türk axını” layihəsindən imtina etməyəcəklərini deyib. Nazir amerikalı diplomatla danışıqlarından sonra bildirib ki, Afina Rusiyanın kəmər layihəsindən imtina etmək niyyətində deyil.

“Biz ölkəmiz üzərindən bu kəmərin keçməsini dəstəkləyirik. Çünki “Türk axını” yunan xalqına xeyir gətirəcək. O, həm regionda, həm bütöv Avropada əməkdaşlığa və energetika təhlükəsizliyinə müsbət təsir edəcək” - deyə nazir bildirib.

Lafazanis əlavə edib ki, Yunanıstan energetika mərkəzinə çevrilmək istəyir, hakimiyyət isə bu məqsədə nail olmaq üçün çoxsəviyyəli və müstəqil siyasət aparır.

Beləliklə, Avropanın qaz bazarı uğrunda açıq-aşkar siyasi xarakter daşıyan mübarizə qızışır. Və bu mübarizədə Putinin yunan solçularını öz tərəfinə çəkmək üçün daha çox imkanları var. Çünki bu məsələdə birbaşa maraqları olan Avropa İttifaqı Yunanıstana TAP-ı ləngitməmək və əngəlləməmək üçün güclü təzyiq göstərmirlər.

Rusiyanın Avropanın energetika bazarında mövqelərini zəiflətmək istəyən ABŞ isə mesajını Dövlət Departamentinin xüsusi elçisi səviyyəsində çatdırmağı qərara alıb.

Putin isə birbaşa yunan liderləri ilə təmasdadır, onlara milyardlar vəd edir, digər cəlbedici təkliflər irəli sürür və belə görünür ki, Cənub Qaz Dəhlizini əngəlləməkdə qərarlıdır.

Geri qayıt