Əsas Səhifə > Güney Press / Ana xəbər > Ov quşu biznesindən kimlər faydalanır...
Ov quşu biznesindən kimlər faydalanır...28-04-2015, 13:21 |
![]() Çöl quşlarının ovlanmasına qoyulan qadağa qüvvədə olsa da, ov quşları bazar və yol kənarlarında sərbəst satılır. Xüsusilə də bölgələrdə fəaliyyət göstərən bazarlarda qanunsuz olaraq ovlanan quşların satışı həyata keçirilir. Aparılan müşahidələr göstərir ki, cənub bölgəsinin bazarlarında yol kənarlarında çöl ördəyi, qaşqaldaq kimi quşlarla yanaşı, qırmızı kitaba düşən sultan toyuğunun, ququşunun satılması adi hala çevrilib. Ehtiyacları olduğu üçün çöl quşlarını satmaqla gəlir əldə etdiklərini deyən satıcılar bildirirlər ki, quşu qonşu rayonlardan alıb gətirirlər. Bazarlarda çöl quşlarının açıq satışı ilə məşğul olurlar. Satıcılar tələbat olduğu üçün çöl quşları satdıqlarını bildirirlər. İnzibati Xətalar Məcəlləsində qanunsuz quş ovuna və satışına görə 1000 manatdan 2000 manata qədər cərimə nəzərdə tutulub. Qeyd edək ki, Azərbaycan Respublikasının "Qırmızı kitab"ına 108 növ heyvanın adı daxil edilib. Onlardan 36-sı quşdur. Milli mətbəximizdə həmişə ov quşlarından istifadə olunub. İslam dini göydə qanaq çalmayıb süzən quşların ətini haram buyurduğuna görə daha çox qanad çalan quşlar - qızılğac, çöl qazı, çöl ördəyi, kəklik, turac, qırqovul, bildirçin, bəzgəc, meşə qoruzu, qaşqaldaq, çöl toyuğu, dovdaq, sultan toyuğu, fısıldayan qu, kiçik qu, qırmızıdöş qaz, qafqaz uları, qafqaz tetrası, talış qırqovulu və s. ovlanılır. Bu arada, onu da nəzərinizə əçatdıraq ki, ənənəvi ov quşlarının bir çoxunun nəsli kəsilmək üzrə olduğu üçün onların adı - turac, dovdaq, bəzgəz, sultan toyuğu, qızılğac, fısıldayan qu, kiçik qu və qırmızıdöş qaz "Qırmızı kitab"a düşüb. Lakin buna baxmayaraq, hazırda ovu qadağan olunmuş, həmçinin nəsli tükənməkdə olan quşların belə, ovlanması hallarına tez-tez rast gəlinməkdədir. Və məhz həmin quşların satışı bazarlarda açıq şəkildə həyata keçirilir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəsmiləri dəfələrlə bildiriblər ki, köçəri çöl və vəhşi quşların ətinin açıq, eləcə də qapalı formada satışı birmənalı şəkildə qadağandır. Acı reallıq isə budur ki, Azərbaycanda quş ovuna qadağa aradan götürülməsə də istər paytaxtda, istərsə də bölgələrimizdə yerləşən bazarlarda açıq şəkildə satılır. Qeyd edək ki, bu ilin ilk aylarında Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunsuz ov edən bır necə şəxsi çərimələyib. Qaradağ rayonu ərazisində keçirilmiş reyd zamanı Bakı-Ələt yolunun 29-cu kilometrliyində ov edən Bakı şəhər sakinləri İbrahim Rəsulov, Sabir Nəcəfov və Fazil Məmmədov saxlanılıb. Onlardan 3 ov tüfəngi, 10 patron götürülərək qanun pozucuları barəsində qanuna müvafiq qaydada akt və protokol tərtib edilib və təqsirkar şəxslərin hər biri 1000 manat məbləğində cərimə olunub. Binəqədi rayonu ərazisində keçirilmiş reyd zamanı gölün qırağında ov edən Bakı şəhər sakini Seyfəddin Xəlilov saxlanılaraq ondan 1 ov tüfəngi, 2 patron götürülüb. Faktla bağlı akt və protokol tərtib olunaraq, qanun pozucusu 1000 manat məbləğində cərimə edilib. Şabran rayonu, Xəzər dənizi sahilində keçirilmiş reyd zamanı ovla məşğul olan Şabran şəhər sakini Azad Məmmədov saxlanılaraq ondan 1 ov tüfəngi, 2 patron götürülüb. Qanun pozucusu barəsində akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub. Respublika ərazisində qanunsuz ov hallarının qarşısını almaq məqsədilə müvafiq qurumlar tərəfindən tez-tez reydlər keçirilir. Geri qayıt |