Əsas Səhifə > Güney Press / Ana xəbər > Ukrayna “erməni soyqırımı”nı Azərbaycana görə tanımadı

Ukrayna “erməni soyqırımı”nı Azərbaycana görə tanımadı


27-04-2015, 12:26
Ukrayna “erməni soyqırımı”nı Azərbaycana görə tanımadı
Ukrayna da əksər dünya ölkələri kimi 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş erməni ölümlərini “soyqırımı” kimi tanımayıb.

BBC-nin Ukrayna xidmətinin şərhçisi Oleq Kapryak yazır ki, bunun səbəbi tarixi yox, siyasidir.

Onun sözlərinə görə, Ukrayna özü üçün çox çətin bir vaxtda Türkiyə və Azərbaycanla münasibətlərini korlamaq istəmir.

Bundan əlavə Ermənistan da Ukraynanın iddia etdiyi “Qolodomor”u - ukraynanlıların Rusiya tərəfindən bilərəkdən aclıqdan öldürülməsini tanımır.

1915-ci il hadisələrini yalnız 20 ölkə və Avropa Parlamenti “soyqırımı” kimi tanıyıb. BMT “soyqırımı”nı yalnız bir komissiyasının səviyyəsində tanıyıb.

Rəsmilər “soyqırım” sözünü işlətsələr də...

Beləliklə, 1915-ci il hadisələri Ukraynada “soyqırımı” statusunu qazana bilməyib. Halbuki bunun üçün ölkədə çox yüksək səviyyədə və çox ciddi cəhdlər edilib.

2005-ci ildə Ali Radanın o vaxtkı sədri Vladimir Litvinov erməni icmasının nümayəndələrinə məktubunda 1915-ci il hadisələrini “soyqırımı” adlandırmış və onu Xolokost və Qolodomorla bir səviyyəyə qaldırmışdı.

Oleq Kapyak yazır ki, “soyqırımı” sözünü işlətməkdən prezident Yuşşenkonun mətbuat xidmətində də çəkinmirdilər.

Ukraynada son hesablamalara görə, az qala 100 min erməni yaşayır.

Arsen Avakovun layihəsi

Parlamentdə “soyqırımı”na dair ilk qətnamə keçirmək cəhdi 2013-cü ildə edilib.

Radanın o vaxtkı deputatlarından biri, hazırda ölkənin daxili işlər naziri və əslən erməni Arsen Avakov bu təşəbbüsü qaldıranlardan biri idi. Arsen Avakov həmçinin Radaya təklif olunan qətnamə layihəsinin müəlliflərindən biri idi.

Lakin bu qətnamə parlamentdən keçməyib və Radanın insan haqları və milli azlıqlar komitəsi buna çox səmimi bir izahat verib: “Belə bir qətnamənin qəbul olunması Ukraynanın xarici münasibətlər sahəsində gərginlik yarada bilərdi”.

Daha bir təşəbbüs

Buna bənzər son cəhd isə bu il aprelin əvvəllərində Radanın Odessa deputatlarından Vitali Barvinenko tərəfindən edilib.

“Özü 1932-33-cü illərdə Qolodomordan keçmiş Ukraynanın bu məsələdən kənarda qalmağa mənəvi haqqı yoxdur” - deyə deputat öz təşəbbüs məktubunda yazmışdı.

Lakin bu təşəbbüs də diqqətdən kənarda qalıb.

Ekspertlər bütün dünyanı Qolodomoru “soyqırımı” kimi tanımağa çağıran Ukraynanın erməni məsələsində həvəsli olmamasını iki əsas səbəblə izah edirlər.

“Əgər biz belə bir qərar qəbul etsək, bu, Ukrayna-Türkiyə münasibətlərini korlaya biləcək əlavə faktor ola bilər” - deyə politoloq Sergey Garan bildirib.

Onun fikrincə, Türkiyə ilə münasibətlər ona görə mühümdür ki, Rusiya gələcəkdə Ukraynadan yan keçəcək qaz kəmərlərini Türkiyədə tikmək niyyətindədir. Bundan əlavə Türkiyə ənənəvi olaraq Ukraynaya loyal yanaşan krım tatarlarını dəstəkləyir.

“Açığını desəm, biz indi real politikadan çıxış etməliyik. İndiki halda biz bu məsələni sadəcə olaraq qaldırmaya bilərik. Yəni nə “hə” deyirik, nə də “yox”. Real geosiyasət baxımından bu məsələni sadəcə olaraq təxirə salmaq lazımdır” - deyə S.Garan bildirib.

Ukrayna Yaxın Şərq Tədqiqatları Mərkəzinin direktoru İqor Semivolos da başlıca səbəbin siyasi olması ilə razıdır, lakin bunun onunla bağlı olmasına inanır ki, Ermənistan da Qolodomoru tanımır. İrəvanın bunu Moskva ilə münasibətləri pozmamaq üçün etmədiyi də bəllidir.

O deyir ki, dünya dəyişir və insan rəğbəti deyilən faktor mövcuddur, lakin Ukrayna ilə Ermənistan arasındakı münasibətlər SSRİ-nin başqa keçmiş respublikaları ilə olduğu qədər yaxın deyil. Ermənistan Rusiyanın müttəfiqidir və özünü buna uyğun şəkildə aparır.

Ukrayna parlamentinin mədəniyyət və mənəviyyat komitəsinin sədri Nikolay Knyajitsky inanır ki, Kiyev də əvvəl-axır “erməni soyqırımı”nı tanıyacaq.

“Hətta Ərdoğanın özü keçən il həlak olanların törəmələrinə başsağlığı verdi. Bir vaxtlar bunu heç təsəvvürə də gətirmək olmazdı” - deyib təhlilçi.

Lakin İqor Semivolos belə bir qərarın yaxın gələcəkdə qəbul olunması üçün hər hansı bir əsas görmür.

Geri qayıt