Əsas Səhifə > Güney Press / Ana xəbər > Sabirabadda başçı ilə deputatın davası

Sabirabadda başçı ilə deputatın davası


22-04-2015, 13:31
Sabirabadda başçı ilə deputatın davası
Dövlətin idarə olunmasında ölkənin qanunverici orqanı Milli Məclisin böyük rolu var. Bildiyiniz kimi, parlamentdə 125 millət vəkili təmsil olunur. Deputatların hər biri yalnız təmsil etdikləri seçicilərinin səsini deyil, eyni zamanda yeri gələndə bütün xalqı təmsil edən ictimai-siyasi fiqurlardır. Onlar milləti narahat edən, ağrıdan bütün məsələlərdən hər gün danışmağa, aktiv, fəal olmağa borcludurlar.

Bu onların həm millət vəkili, həm vətəndaş, həm də bir ictimai-siyasi xadim kimi ən ümdə borclarıdır. Milli Məclisin bəzi deputatları qanun layihələrinin müzakirəsində, eləcə də digər məsələlər zamanı aktivlik nümayiş etdirsələr də, bəziləri susqunluqlarını pozmur. O da qeyd olunmalıdır ki, Milli Məclisin bir sıra deputatları qanunun qadağan etməsinə baxmayaraq, özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Parlamentdə səsləri çıxmayan deputatların bir neçəsi bu qrupa daxildir. Danışmayan deputatlar parlament və mətbuatın tribunasından başqa, təşkil olunan ictimai-siyasi müzakirələrdə, debatlarda, diskussiyalarda, fikir mübadilələrində də görünmürlər. Elə millət vəkilləri var ki, aylarla bir dəfə də olsun ağzını açıb iclaslarda fəallıq göstərmir, hansısa məsələdə öz münasibətini bildirmir. Bu tip deputatlar adətən ya özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olanlardır, ya da millət vəkili vəzifəsinə ikinci dərəcəli baxanlar. Onlar həm də seçicilərinə qarşı etinasızlıq nümayiş etdirirlər. Seçiciləri bəzi deputatları sonuncu dəfə təbliğat-təşviqat kampaniyası zamanı görüb. Bu baxımdan 64 saylı Sabirabad Seçki Dairəsini təmsil edən Rüstəm Xəlilovun adı yenidən mətbuatın gündəminə düşüb. Rayonda keçirilən sorğuda iştirak edən vətəndaşların əksəriyyəti deputatı tanımadığını, onun üzünü görmədiyini bildirib: "Rüstəm Xəlilovun adını eşitmişik, amma özünü görməmişik. Rayonun bir çox kəndində sosial problemlər hökm sürür. Yollarımız bərbad gündədir. Deputat isə bu problemlərlə maraqlanmır. Biz demirik o gəlib bizə yol, işıq, qaz və su çəkməlidir. Millət vəkilinin əlində belə səlahiyyətlər yoxdur. Amma bir vəkil olaraq bizi narahat edən məsələləri Milli Məclisin tribunasında səsləndirməyə borcludur. Onun nümayəndəsi bir neçə dəfə rayona gələrək iclas keçirib. Bizə deputatın özü lazımdır, nümayəndəsi yox. Gəlsin bura, dərdimizi ona danışaq. Bu beş il ərzində deputatdan heç bir fayda görməmişik. Əgər o builki seçkilərdə namizədliyini irəli sürsə, səsimizi ona verməyəcəyik". Apardığımız araşdırmalar nəticəsində öyrəndik ki, Rüstəm Xəlilov və yaxın qohumları Sabirabadda, həmçinin qonşu rayonlarda böyük imkanlara sahibdir. Məlumatlı mənbənin bildirdiyinə görə, Xəlilovlar ailəsi SSRİ vaxtında rayon camaatına əlavə problemlər yaradıb: "Sovet vaxtı deputatın atası Gülbaba Xəlilov uzun illər "Jdanov" kolxozunda sədr işləyib. O oğlanları ilə müqayisədə camaata çox əziyyət verməyib. Millət vəkilinin qardaşı Ağaəli Xəlilov uzun müddət Saatlı rayonunda polis rəisi işləyib. Vəzifəsində yol verdiyi nöqsanlara görə bir neç il əvvəl işdən azad edilib. Deputatın digər qardaşı Vaqif Xəlilov isə Nizami kəndində məktəb direktoru işləyir. Vaqif Xəlilovun oğlu Ağaşirin Xəlilov isə uzun illər Sirvan Şəhər İşıq İdarəsində müdir olub. İşdən çıxarılandan sonra Şirvanda biznes fəaliyyətini davam etdirib. Deputatın başqa bir qardaşı isə Sabirabadın Qaragünə kəndində sahə müvəkkili işləyir. Onun digər qardaşı Telman Xəlilov isə yol polisidir. Bir sözlə, Xəlilovlar Sabirabadda, habelə qonşu rayonlarda bütün mühüm vəzifələri tutublar". Bu arada, qeyd edək ki, bir müddət əvvəl Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovla Rüstəm Xəlilovun arasında ciddi konflikt yaranıb. "Editor.az" saytının yazdığına görə, buna səbəb deputatın icra başçısının fəaliyyəti ilə bağı müsbət fikirlər bildirməkdən imtina etməsi olub: "Bir neçə ay öncə rayonda nazirlərdən birinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədən öncə icra başçısı deputatdan tələb edib ki, onun haqqında müsbət fikirlər səsləndirsin. Deputat bundan imtina edib. Hətta icra başçısına xitabən "Nə iş görmüsünüz ki, sizi müdafiə də edək. Bizi rayonda heç eşitmirlər, elə bil deputat yox, xırda məmuruq" söyləyib. Bundan əsəbiləşən icra başçısı isə "Sənin də Milli Məclisdəki fəaliyyətindən xəbərimiz var. Bircə dəfə ağzını açıb danışmamısan" deyərək deputata qarşılıq verib. Həmin tədbirdə deputata ümumiyyətlə söz verilməyib". Xatırladaq ki, millət vəkili saytlardan birinə verdiyi müsahibədə "Sabirabadda və Bakıda heç bir obyektim yoxdur. Ona görə də özümü xoşbəxt hiss edirəm. Obyektim olsaydı, kiminsə qabağında mütləq əyilməli idim" deyə bildirib. Bu isə inandırıcı görünmür. Əgər deputatın obyektləri yoxdursa, bu qədər sərvət hardandır?

Qarşı tərəfin də cavab haqqını tanıyırıq.

Geri qayıt