Əsas Səhifə > Güney Press / Ana xəbər > Dələduzluqla üzləşən Bakı sakininin şikayəti 4 ildir araşdırılmır

Dələduzluqla üzləşən Bakı sakininin şikayəti 4 ildir araşdırılmır


8-04-2015, 11:51
Dələduzluqla üzləşən Bakı sakininin şikayəti 4 ildir araşdırılmır
Bakı şəhər, Yasamal rayon sakini Sədaqət Səlimova hüquq-mühafizə orqanlarına ünvanladığı şikayətin 4 ildir araşdırılmadığını deyir. Redaksiyamıza müraciət edən qadın ona külli miqdarda pul “atan” iki nəfərdən şikayətçidir. O, əlində faktla bağlı sübutlar olduğunu, müstəntiqin isə ona dəlillərin kifayət etmədiyini söylədiyini bildirir.

Sədaqət Səlimova bildirir ki, 2009-cu ildə uzun müddət tanıdığı ailəyə 30 min dollar və 20 min manat pul verib. “İlhamə və Ələsgər Abuşovlar məndən aptek açmaq üçün pul aldılar. Biz şərik olacaqdıq. Onlar “Avromed”in Yasamalda aptekini açmağı planlaşdırdıqlarını bildirdilər. Mən də dörd dəfəyə ümumilikdə 30 min dollar və 20 min manat pul verdim. Bir dəfə pulu verəndə yanımda şahid də olub. Həmin şahid sonradan bununla bağlı ifadə də verib. Aptek isə açılmadı. Bir neçə aydan sonra İlhamə Abuşova gəldi, dedi ki, iflasa uğramışıq. Amma pul alanda deyirdilər işlərimiz yaxşı gedir. Sonra öyrəndim ki, məndən aldıqları pula Yeni Yasamalda Ələsgər Abuşovun adına “Akkord”dan ev alıblar. Mən kürəkənimlə onların yanına gedib pulumu istədim. Sonda dedilər ki, həmin evi satıb pulumu verəcəklər. Evin pulu tam ödənməmişdi. Şirkətdə əvvəlcə evi satmağa razılaşsalar da, sonra imtina edildi. Səbəb demədilər, güman edirəm ki, bu, düşünülmüş oyun idi. Sonra dedilər ki, evi tam satıb mənim pulumu verə bilərlər. Bunun üçün də məbləğ tam ödənməlidir. Qohumlarımdan biri evi almağa razılaşdı, ancaq bu dəfə şirkət buna getmədi”.

Şikayətçi daha sonra deyir: “Sonda onlara dedim ki, heç olmasa, verdiyim pulu notariusda rəsmiləşdirək. Uzun mübahisədən sonra yazdıq ki, onlar məndən bir kiloqram qızılın pulunu alıblar. Çünki qız mənə pulun əvəzinə qızıl verəcəyini vəd etmişdi. Onların xətti ilə yazılan ərizələri də məhkəməyə təqdim etmişəm. Məhkəmədə təsdiqini tapıb ki, xətt onlarındır. Mənə cəmi 13 min dollarlıq qızıl verdilər, mən də satıb pulumu götürdüm. Geri qalan məbləği verməkdən isə imtina etdilər. Mən də 2011-ci ildə polisə müraciət etdim. Bundan sonra isə İlhamə Abuşova məni hədələdi”.

Sədaqət Səlimova 4 ildir işə baxılmadığını söyləyir: “Prokurorluq işi polis idarəsinə göndərib. İş müstəntiq Elnur Abdullayevdədir. 2014-cü ildə Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci, yəni külli miqdarda əmlak mənimsəməsi maddəsi ilə cinayət işi açılıb. Hazırda Yasamal polisində iş aparılmır. Müstəntiq bildirir ki, əlinizdə kifayət qədər dəlil yoxdur”.

Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı prezident İlham Əliyevə müraciət və şikayət etməyi planlaşdırır: “Həmin pul mənim qızıl-zinət əşyalarımın, həyat yoldaşım rəhmətə gedəndə yığılan pullar idi. Üstəlik, qızımın toyunda yığılmışdı. Mən bu pulları dar gün üçün saxlamışdım. Onlar fırıldaqla əlimdən aldılar. Hazırda heç vəkil tuta bilməz duruma düşmüşəm. Dövlət başçısından kömək istəyirəm”

İddialarla bağlı müstəntiq Elnur Abdullayevin fikirlərini öyrənməyə çallıdıq. Lakin qəzetdən olduğumuzu bilən müstəntiq açıqlama verməkdən imtina elədi.

P.S. Yazıdakı iddialarla bağlı adı çəkilən digər şəxslərin də mövqeyini təqdim edə bilərik.

Geri qayıt