Əsas Səhifə > Güney Press / Ana xəbər > Rizvan Qəmbərovun Təhsil Nazirliyindəki adamı kimdir?

Rizvan Qəmbərovun Təhsil Nazirliyindəki adamı kimdir?


17-03-2015, 11:58
Rizvan Qəmbərovun Təhsil Nazirliyindəki adamı kimdir?
Etiraf etmək lazımdır ki, bu gün ölkənin bir sıra şəhər və rayonlarında fəaliyyət göstərən təhsil müəssisələrinin başında duran şəxslər şagird və tələbələrə normal təhsilin verilməsini təmin etmək əvəzinə tamam başqa işlərlə məşğul olur, daha daqiq desək, müxtəlif vasitələrlə əlavə gəlir əldə etməyə çalışırlar. Məhz elə buna görə də bir sıra rayonlarda, əsasən də kəndlərdə normal, Avropa standartlarına cavab verən təhsil ocaqlarından və təlim-tədris prosesindən danışmağa belə, dəyməz. Misal kimi Tovuz Dövlət Sosial-İqtisad Kollecini göstərmək olar. İlk öncə onu qeyd edək ki, 2002-ci ildə Nazirlər Kabinetinin qərarına əsasən Tovuz Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılan Tovuz Dövlət Sosial-İqtisad Kollecində hazırda texnologiya müəllimliyi, mühasibat uçotu, vergi və vergitutma, yol hərəkətinin təşkili, aqronomluq və yerquruluşu torpaq müfəttişliyi ixtisasları üzrə tədris aparılır.

Beləliklə, bir müddət öncə adıçəkilən təhsil ocağının fəaliyyətinin dayandırıldığını vurğulayan məlumatlı şəxsin sözlərinə görə, Talıb Süleymanovun Tovuz Dövlət Sosial-İqtisad Kollecinin direktoru vəzifəsinə gətirilməsilə təhsil müəssisəsi yenidən işinə davam edib: "Talıb Süleymanov keçmiş təhsil naziri Misir Mərdanovla sıcaq münasibətlərə malik idi və elə buna görə də xeyli vaxt kollecin rəhbəri kimi fəaliyyətini davam etdirdi. O, həmin vaxt kolleci Sülemanovlara məxsus keçmiş Yeyinti-Sənaye İnstitutunun binasına köçürdü. Misir Mərdanovun nazir postundan getməsilə Talıb Süleymanovun da vəziyyəti qəlizləşdi və nəhayət, o, tutduğu postdan kənarlaşdırıldı. Odur ki, hazırda Tovuz Dövlət Sosial-İqtisad Kollecinə Rizvan Qəmbərov rəhbərlik edir. Lakin onun gəlişi müsbət heç nə vermədi. Əksinə kollecin problemləri azalmaq əvəzinə bir qədər də artdı". Mənbə iddia edir ki, Tovuz Dövlət Sosial-İqtisad Kollecinin direktoru Rizvan Qəmbərov sərbəst şəxs deyil və o, ən kiçik çətinliklə üzləşdikdə dərhal rayon icra hakimiyyətinə üz tutur: "Əsasən də mətbuat onun barəsində bir cümlə tənqidi fikir yazarsa, icra başçısının müavinlərinin, təhsil şöbəsinin müdirinin yanına qaçır. Onu da qeyd edim ki, Rizvan Qəmbərovun nönqsanlı fəaliyyətindən narazı düşmüş şəxslər dəfələrlə Təhsil Nazirliyinə müraciət etsələr də, bunun heç bir xeyri olmayıb. Halbuki bu gün kollecdə bir sıra məsələlər məhz "Qoy ovcuma, qoyum ovcuna" prinsipilə öz həllini tapır. Tovuz Dövlət Sosial-İqtisad Kollecinə qəbul olan şəxs necə oxudu, necə bilik aldı heç özü də bilmir. Çünki kollecdə tələbəyə elm, bilik yox, tamam başqa nəsnələr öyrədilir. Lakin bütün bunlara rəğmən, heç kim onlara Rizvan Qəmbərova "gözün üstündə qaşın var" demir. Kollecdə tələbələrin haqqını tapdalayırlar, valideyinləri isə övladlarının kollecdən atılması ilə hədələyib nələrəsə təhrik edirlər. Tovuz Dövlət Sosial-İqtisad Kollecində bu qədər problemin olmasına baxmayaraq, Rizvan Qəmbərova hələ də irad tutulmaması o deməkdir ki, onun Təhsil Nazirliyində babat adamı var. Əks halda bu qədər rahat hərəkət etmək, heç kimdən çəkinmədən, açıq şəkildə "tələb"lərini irəli sürməzdi. Maraqlıdır, görəsən Rizvan Qəmbərovun nazirlikdəki adamı kimdir?.."

Geri qayıt