Əsas Səhifə > Güney Press / Ana xəbər > Fazil Məmmədov üçün ən yaxşı qaynaq şou-biznesdir...

Fazil Məmmədov üçün ən yaxşı qaynaq şou-biznesdir...


27-02-2015, 12:45
Fazil Məmmədov üçün ən yaxşı qaynaq şou-biznesdir...
Vergi Məcəlləsinə əsasən, vergi dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə məcburi, fərdi, əvəzsiz qaydada aparılan ödənişdir. Yəni göstərdiyi fəaliyyət nəticəsində il ərzində müəyyən məbləğdə gəlir əldə edən şəxslər qanunvericilikdə nəzərdə tutulan şəkildə dövlətə vergi ödəməlidir. Əks halda, vergidən yayınan insanlar müvafiq qaydada cəzalandırılır. Qeyd edim ki, vergi mədəniyyətinin formalaşmasının əsas elementlərindən biri vergi intizamı ilə bağlıdır. Belə ki, vergi intizamlığının təmin olunması mütəmadi olaraq vergilərlə bağlı təlimlərin keçirilməsini, büdcə ilə hesablaşmaların aparılmasında vergi ödəyicilərinin mənəvi hazırlığının və maliyyə qabiliyyətliliyinin inkişaf etdirilməsini, vergi orqanları ilə vergi ödəyiciləri arasındakı qarşılıqlı əlaqələrin ahəngdar şəkildə qurulmasını tələb edir. Vergi intizamı anlayışı həm vergi ödəyicilərinin, həm də vergi orqanlarının fəaliyyətinə aid edildiyinə görə onun qarşılıqlı şəkildə formalaşması vacib şərtlərdən biri hesab edilir. Özünüz də görürsünüz ki, son illər dövlət tərəfindən vergilərin ödənilməsi istiqamətində ciddi maarifləndirmə işləri aparılır. Əslində, bu lazımdır və vacibdir. Çünki gəlir qazanan şəxslər mütləq bunun vergisini verməlidir. Amma şou-biznes nümayəndələrinin bir çoxu il ərzində külli miqdarda gəlir qazanmalarına baxmayaraq, dövlətə vergi vermirlər. Heç kimə sirr deyil ki, bu gün müğənnilərin əksəriyyəti toylara baha qiymətə gedir. Mən bunu müğənnilərin toy qiymətlərinə istinad edərək deyirəm. Hansı ki, toy qiymətlərini müğənnilərin özləri açıqlayır. Məsələn, Faiq Ağayev toyu 12, Brilliant Dadaşova 10, Nadir Qafarzadə 10, Nazpəri 10, Elton 8, Xatirə İslam 6, Ayaz Qasımov 5, Şəbnəm Əsədova (Tovuzlu) 4 min manata aparır. Son günlər qiymətlərdə bir qədər də artım edilib. Deyəsən, manatın ucuzlaşması şou-biznes əhlinə də təsir edib. Müğənnilərin toyda 30 dəqiqəlik çıxışının qarşılığı da ucuz deyil. Belə ki, bir neçə gün əvvəl aparıcısı olduqları "Hər şey daxil" verilişində milli valyutamızı cıran əkiz bacılar Sevil və Sevinc paytaxt toylarında yarım saatlıq çıxış üçün 3000-3500 manat tələb edirlər. Sumqayıt, Mingəçevir Gəncə və digər rayonlarda təşkil olunan toy şənliklərinə isə daha baha qiymətə- 4000-4500 manata gedirlər. Özlərini şou-biznesin bərk gedən müğənniləri kateqoriyasında görən ifaçılar qiymətdə qətiyyən endirim etmirlər. Toy yiyəsi razıdırsa müğənni gəlib oxuyur, razı deyilsə xoş gəldin. Amma soruşan və maraqlanan yoxdur ki, müğənnilər ay ərzində qazandıqları pullardan dövlətin büdcəsinə vergi verirlər, ya yox. Bu sual marağıma səbəb olduğundan qısa araşdırma apardım. Məlum oldu ki, bu gün toyların vazkeçilməzinə çevrilən bəzi müğənnilər ayda 10-15 min manat civarında gəlir əldə etsələr də, dövlətə bir qəpik belə vergi vermirlər. Axı niyə? Necə olur ki, küçədə tum, saqqız, siqaret satandan, hətta tualet işlədən şəxslərdən vergi yığılır, amma müğənnilər vergi vermirlər. Xeyir ola? Bəzi müğənnilər kimdən artıqdır? Ayda 20 toya gedən bəzi müğənnilərin altında 200-300 minlik maşını var, milyonluq villalarda yaşayırlar və sair. Di gəl ki, vergidən yayınırlar. Mən bir vətəndaş və jurnalist olaraq bu məsələyə öz etirazımı bildirirəm. Bir halda ki, bütün vətəndaşlar qanun qarşısında eyni hüquqlara malikdir, o zaman müğənnilər də vergiyə cəlb edilsin. Vergilər Nazirliyinin rəhbərliyindən məsələyə xüsusi diqqət ayırmalarını xahiş edirəm. Fikrimcə, müğənnilər vergiyə cəlb olunsa, fantastik toy qiymətləri xeyli aşağı düşə bilər.

Pərvin Mahmud

Geri qayıt