Əsas Səhifə > Güney Press / Ana xəbər > Dəmirəl Tansu Çilləri Azərbaycana görə pəncərədən atmaq istəyib
Dəmirəl Tansu Çilləri Azərbaycana görə pəncərədən atmaq istəyib12-02-2015, 13:29 |
![]() “Süleyman Dəmirəl bir dəfə“Tansu Çilləri pəncərədən aşağı ataram” deyib”. Virtualaz.org saytı xəbər verir ki, bu sözləri iştirak etdiyi televiziya proqramlarının birində Türkiyə Böyük Millət Məclisi (TBMM) Konstitusiya Komissiyasının sədri və AKP İstanbul millət vəkili Burhan Kuzu deyib. AKP-li millət vəkilinin bu açıqlaması ciddi müzakirələrə səbəb olub. Əsas müzakirə mövzusu isə Süleyman Dəmirəlin Tansu Çillərə bu ifadələri hansı səbəbdən deməsidir. Hadisənin təfərrüatını isə bir zamanlar Tansu Çillərlə birgə Doğru Yol Partiyasında (o zaman Tansu Çillər partiyanın rəhbəri olub-red.) çalışan keçmiş millət vəkili Yılmaz Hastürk danışıb. Y.Hastürk “Sözçü” qəzetinə açıqlamasında hadisənin 1995-ci ildə - Tansu Çillər baş nazir olarkən baş verdiyini deyib. Bildirib ki, olayın şahidi isə keçmiş səhiyyə naziri Münif İslamoğludur. ![]() Y.Hastürk açıqlamasında Dəmirəllə Çillər arasındakı mübahisənin kəskinləşməsinin səbəbinin prezidentin səlahiyyət müddəti məsələsi və seçki qanununda edilməsi nəzərdə tutulan dəyişikliklərlə bağlı olduğunu bildirib. Lakin Y.Hastürk deyib ki, Dəmirəllə Çillər arasında münasibətlərin korlanmasının və gərginliyin yaranmasının əsas səbəbi 1995-ci ilin martında Azərbaycanda baş verən dövlət çevrilişi cəhdinin Tansu Çillər tərəfindən dəstəklənməsi idi. O zaman baş nazir olan Tansu Çillərin (1993-1996-cı illərdə Türkiyənin ilk qadın baş naziri olub-red.) 1995-ci ilin mart ayında Azərbaycandakı çevriliş cəhdini dəstəkləməsi o vaxtkı prezident Süleyman Dəmirəli (Dəmirəl 1990-93-cü illərdə baş nazir, 1992-2000-ci illərdə isə Türkiyənin prezidenti olub-red.) qəzəbləndirib. Tansu Çillərin bu addımı Azərbaycanın məhrum prezidenti Heydər Əliyevlə yaxın dostluq əlaqələri olan S.Dəmirəl tərəfindən qəbul edilməyib. Bununla da tərəflərin münasibətləri gərginləşib. Y.Hastürkün dediyinə görə, Turqut Özalın ölümündən sonra hakimiyyətə gələn Süleyman Dəmirəlin prezidentlik müddəti məsələsi də bu iki dövlət xadimini üz-üzə gətirirdi. T.Çillərin bu məsələni Doğru Yol Partiyasından olan bəzi nazirlərlə müzakirəyə çıxarmaq istəyi vəziyyəti dramatikləşdirmişdi. Belə ki, T.Çillər S.Dəmirəlin 7 il prezident olmasının yox, T.Özalın prezidentlik səlahiyyəti müddəti başa çatanadək hakimiyyətdə qalmasının tərəfdarı idi. T.Çillər nazirlərlə bu məsələni müzakirəyə çıxararaq Dəmirəlin prezidentlik postundan tez getməsinə nail olmağa çalışırdı. Y.Hastürk qeyd edib ki, T.Çillərin bu niyyətini S.Dəmirələ çatdırıblar, o da buna çox əsəbiləşib. “Dəmirəlin şəxsi həkimi və səhiyyə naziri kimi həmişə onun yanında olan Münif İslamoğlu “Çilləri pəncərədən ataram” ifadəsini sabiq prezidentin dilindən şəxsən eşidib. Həmin ərəfələrdə Dəmirəlin seçki qanununa veto qoyacağı da deyilirdi. Bunu eşidən Tansu Çillər Çankaya köşkündə Dəmirələ deyib ki, “siz bizim seçkini uduzmağımız üçün çalışırsınız, bu qanuna veto qoysanız, mən də sizin vəzifə müddətinizi müzakirəyə çıxaracam”. Dəmirəl isə cavabında “mən qanunsuz iş görmərəm, çölə çıx” deyib. Dəmirəl daha sonra üzünü yanında olan həkimi Münif İslamoğluna tutaraq deyib ki, əgər qarşımdakı qadın olmasaydı, onu pəncərədən atardım”- deyə Y.Hastürk hadisənin təfərrüatlarını açıqlayıb. Geri qayıt |