Əsas Səhifə > Güney Press / Ana xəbər > Qərib Məmmədovun biznesi təhlükə altına düşüb...
Qərib Məmmədovun biznesi təhlükə altına düşüb...10-02-2015, 11:20 |
|
Prezident İlham Əliyevin bir neçə gün öncə imzaladığı fərmanla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildi. Fərmana əsasən, komitənin səlahiyyətlərinin əsas hissəsi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə, bir qismi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilib. Komitənin ləğv olunması qurumun sabiq rəhbəri Qərib Məmmədovun sonrakı taleyinin necə olacağı məsələsini gündəmə gətirib. Milli Məclisin deputatı Zahid Oruc mətbuata açıqlamasında bildirib ki, komitənin ləğv edilməsi nəticəsində Qərib Məmmədov faktiki olaraq işdən çıxarılıb. Eyni zamanda bunu komitənin rəhbərliyindən narazılıqla əlaqəli olduğunu düşünmədiyini də dilə gətirib: "Qərib Məmmədov dövlətçiliyə sadiq bir insan kimi, sadə insanlarla arasında hər zaman hörmət yaratmağı bacarmışdı. Parlamentdən vətəndaşların məsələləri ilə bağlı etdiyimiz müraciətlərə hər zaman operativ və həmçinin, xeyirxah, alicənab bir münasibətin şahidi olmuşduq. O, ictimai rəydə müsbət bir insan kimi xarakterizə olunurdu və həqiqi əqidə sahiblərindən, gerçək Heydər əliyevçilərdən biri sayılırdı. Lakin hansısa qurumlar arasında vahid dövlət orqanı yaradılması qərarı Prezidentin kompetensiyasıdır. Əslində, vətəndaşların torpaq üzərində hüquqi davranışlarını müəyyənləşdirmək üçün ötən illər ərzində xeyli işlər görülmüşdü. Əslində, elektron sistemlərin qurulması və torpaq islahatından sonra yaranan milyonlarla mülkiyyətçinin maraqlarının təmin edilməsi asan məsələ deyildi. Lakin təkrarçılıq hallarını heç kəs inkar edə bilməzdi. O cümlədən, dəfələrlə insanlar bizə müraciət edirdi ki, iki qonşu arasında eskiz layihələrində, kadastr planlarında qeyri-dəqiqlik yarandığı üçün onlar məhkəmələrə müraciət etməli olurlar. Halbuki bütün texniki pasportlaşma dövlət qurumlarının vasitəsilə həyata keçirilirdi və yaranmış problemlər də onlar tərəfindən aradan qaldırılmalı idi". Xatırladaq ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə müsahibələrinin birində komitə rəhbərliyinin fəaliyyətini ittiham edərək, bələdiyyələrə məxsus torpaqların xəritələrinin olmamasının müəyyən problemlər yaratdığını və bununla bağlı dövlət başçısı tərəfindən imzalanan sərəncamın icra müddətinin bitdiyini bildirib. Deputat Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə Dövlət Reyestr Xidməti arasında əlaqəli iş qurulmaması səbəbindən indiyə qədər xəritə hazırlanmadığını da bildirib. Komitədən isə bildirilmişdi ki, sərəncamda nəzərdə tutulan mərkəzi icra hakimiyyəti orqanları tərəfindən zəruri məlumat və sxemlərin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim olunması gecikdirildiyindən, həmçinin bələdiyyələrin ərazi hüdudları ərazi vahidlərinin hüdudları ilə müəyyən edildiyindən, bu işlərin icrasında müəyyən obyektiv gecikmələr yaranıb: "2013-cü ildə 176 bələdiyyənin xəritəsi hazırlanıb, ərazisində mərzçəkmə işləri aparılaraq bundan 35 bələdiyyənin xəritəsi təsdiqlənmək üçün aidiyyəti üzrə Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunub". Qeyd edək ki, ölkə başçısının sərəncamına əsasən, bələdiyyələrin dövlət reyestrinin aparılması 2013-cü ilin yanvar ayının 1-i üçün tamamlanmalı idi. Qərib Məmmədovun "vurulması" həmçinin onun biznesi ilə bağlı məsələləri də gündəmə gətirib. Bildiyiniz kimi, keçmiş məmurun biznes layihələri haqqında indiyə kimi mətbuat səhifələrində dəfələrlə məlumat verilib. Ancaq onun yaxın ətrafındakı insanlar Qərib Məmmədovun akademik olduğunu və biznes işlərindən kənarda dayandığını qeyd ediblər. Apardığımız araşdırmalar isə göstərir ki, keçmiş komitə sədri bəzi məmurlar kimi özünə kapital yığmağı yaddan çıxarmayıb. Bu barədə əməkdaşımızı məlumatlandıran mənbənin sözlərinə görə, sabiq komitə sədrinin paytaxtın müxtəlif ərazilərində, o cümlədən ayrı-ayrı bölgələrimizdə iri ticarət obyektləri fəaliyyət göstərir. Etibarlı mənbənin bildirdiyinə görə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin keçmiş sədri biznesinin əsas hissəsini Goranboy rayonunda qurub: "Rayonun giriş hissəsində yerləşən və bölgənin ən böyük hotellərindən biri sayılan "Goranboy Hotel" Qərib Məmmədova məxsusdur. Hotelin avadanlıqları xarici ölkələrdən gətirilib və hotel çox yüksək standartlara uyğun təmir olunub. 10 hektara yaxın ərazisi olan hotelin yerləşdiyi məkan isə Goranboyda ən bahalı ərazi sayılır. Bundan başqa onun rayonun müxtəlif kəndlərində hektarlarla torpaq sahəsi, fermer təsərrüfatı var. Hazırda sabiq məmurun bütün biznes obyektləri təhlükə altındadır. Yəni bu obyektlər hər an onun əlindən alına bilər". Mənbə deyir ki, Qərib Məmmədovun Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevlə münasibətləri çox yaxşıdır: "Hətta icra başçısı keçmiş məmurun adamı kimi göstərilir. Qərib Məmmədovun vəzifəsiz qalması rayonda icra başçısı da daxil olmaqla bəzi şəxslərin narahatlıq keçirməsinə səbəb olub. Deyilənə görə, Nizaməddin Quliyevi bu günə kimi bir çox təhlükəli situasiyadan məhz Qərib Məmmədov çıxarıb. Yəqin başçı gələcək karyerasının qaralacağından, daha doğrusu, vəzifəsini itirəcəyindən narahatdır". Gələn saylarımızda Qərib Məmmədovun Goranboydakı digər biznes obyektləri, rayondakı əsas adamlarından biri hesab edilən Qulam Əkbərovun vasitəsilə gördüyü işlər və Nizaməddin Quliyevin keçmiş birinci müavini Baxış Abdullayevin bacısının həyat yoldaşı Quliyev Vidadi İsmayıl oğlunun 07.03.2013-cü il tarixdə qol çəkdiyi 5000 manatlıq sənəd haqqında şok faktları açıqlayacağıq. Bizi izləyin. \\ gundelik-baku.com \\ Geri qayıt |