Əsas Səhifə > Güney Press / Ana xəbər > "Sevil Massivi"nin aldadılmış insanları etiraz aksiyası keçirəcək

"Sevil Massivi"nin aldadılmış insanları etiraz aksiyası keçirəcək


3-02-2015, 10:35
"Sevil Massivi"nin aldadılmış insanları etiraz aksiyası keçirəcək
"Sevil Massivi" Mənzil Tikinti Kooperativinin (MTK) aldatdığı payçılar gələn həftənin sonunda Prezident Administrasiyasının (PA) qarşısında etiraz aksiyası keçirəcəklər.

Aksiyada onlara dəymiş zərərin ödənilməsi və məmurların təzyiqlərə son qoyması tələb olunacaq. Bu barədə məlumat verən payçı Elnur Ağayev bildirir ki, aksiyanın sonunda zərərçəkmişlər adından PA-ya yazılı müraciətin təqdim olunması gözlənilir:

"Müraciətdə yerli icra hakimiyyətinin və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin bizi süründürməsini qeyd edəcəyik. Həmçinin, haqqını tələb edən vətəndaşların yanvarın 26-da Abşeron Rayon İcra Hakimiyyətinin qarşısında keçirilən aksiya zamanı məmurlar tərəfindən təzyiq göstərilməsi pisləniləcək. Həmin aksiyada iştirak edən payçılardan 10 nəfər polis tərəfindən saxlanılmışdı. Onlardan 4 nəfəri məmurların şərəf və ləyaqətini alçaldan ifadələr işlətdiyi iddia olunaraq məhkəmənin hökmü ilə 5 sutkalıq həbs olundu. Hazırda həmin şəxslər azadlıqdadırlar".

Payçıları hiddətləndirən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində açılan cinayət işinin istintaqının uzadılması və zərərçəkmişlərin hüquqlarını müdafiəsi üçün nəzərdə tutulmuş komissiyanın fəaliyyətsizliyidir. Belə ki, Abşeron rayon İcra Hakimiyyətinin və Hökməli Bələdiyyəsinin üzvlərindən ibarət yaradılmış komissiyanın nümayəndələri aldadılmış payçıları qəbul etməkdən imtina edirlər.
Bizim Yol

Geri qayıt