Əsas Səhifə > Güney Press / Ana xəbər > Şok iddia: Aksiyaçını direktor öldürüb

Şok iddia: Aksiyaçını direktor öldürüb


19-01-2015, 12:56
Şok iddia: Aksiyaçını direktor öldürüb
Hövsan kəndində kütləvi aksiya keçirilir.

Musavat.com-un hadisə yerində olan reportyoru xəbər verir ki, buna səbəb 118 saylı orta məktəbin direktoru Qardaşxan Kərimovun hərəkətləri və dediyi sözlərdir.

Direktorun kənd camaatını, xüsusilə də şagirdlərin valideynlərini təhqir etdiyi bildirilir.

Yerli sakinlər danışıblar ki, hər şey dərslərin boş keçməsinə görə yaranıb. Şagirdlər məktəb direktorundan dərsə gəlməyən müəllimin başqası ilə əvəz olunmasını xahiş ediblər, o isə şagirdlərə belə cavab verib: "Atanız evdə olmayanda sizə başqa kişi gəlib atalıq edir?".

Bu söz övladları həmin məktəbdə təhsil alan hövsanlıların hiddətinə səbəb olub və onlar bu gün səhər saatlarında məktəbin qarşısına yığışaraq aksiya keçirib, Q.Kərimova etirazlarını bildiriblər. Aksiya zamanı Əliyev Elmar Rəcəbəli oğlu ad-soyadlı Hövsan sakininin halı pisləşib və o, dünyasını dəyişib.

Hazırda hövsanlılar kəndin icra nümayəndəliyinin qarşısında toplanaraq aksiya keçirirlər, Q.Kərimovun cəzalandırılmasını tələb edirlər.

Polis hərəkətə keçib və 3-4 nəfər kənd ağsaqqalı ilə danışıqlar aparır ki, camaat sakitcə dağılışsın. Camaat isə çox hiddətlidir və sakitləşmirlər.

Bildirilir ki, ölən şəxsin 21 yaşı var, əsgərlikdən bu yaxınlarda gəlibmiş.

Məlumata görə, aksiya zamanı daha bir yaşlı adamın ürəyi gedib və onu xəstəxanaya aparıblar.

Bakı Təhsil İdarəsindən Axar.az-a bildirilib ki, Hövsan kəndində orta məktəbdə baş vermiş olayla bağlı onlara məlumat daxil olub.

“Hazırda idarənin rəsmiləri hadisə yerinə gedib. Araşdırılma aparıldıqdan sonra mətbuata açıqlama veriləcək”, – idarədən bildirilib.


12:55


Sakinlər hadisənin təfərrüatı barədə Azadxeber.az-a yeni açıqlama verib. Sakinlərin sözlərinə görə, direktor maşını camaatı qovmaq üçün onların üstünə sürüb. Dünyasını dəyişən Elmar Əliyev isə maşının qarşısından qaçmayıb və nəticədə həyəcandan ürəyi partlayaraq ölüb.

Sakinlər direktoru daşlayaraq ərazidən qovub.

Geri qayıt