Əsas Səhifə > Güney Press / Ana xəbər > İcra başçısı rayondan qazandıqlarına Bakıda obyekt alıb

İcra başçısı rayondan qazandıqlarına Bakıda obyekt alıb


17-01-2015, 12:49
İcra başçısı rayondan qazandıqlarına Bakıda obyekt alıb
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun gədəbəylilərin müflisləşməyinə və rayon iqtisadiyyatının çökdürülməsinə yönəldilmiş talançılıq fəaliyyəti davam edir. Bu barədə yerli mənbələrdən almaqda davam etdiyimiz çoxsaylı şikayət məktublarında ətraflı açıqlamalar verilir. Son aldığımız məlumatlardan birində göstərilir ki, Ramiz Yediyarovun əldə etdiyi qeyri-qanuni gəlirləri hesabına aldığı növbəti kommersiya obyektlərindən biri, yenə də Bakı şəhərində yerləşir. Mənbənin sözlərinə görə, paytaxtın 20 Yanvar dairəsi ərazisində yerləşən yeni tikilmiş hündür mərtəbəli binalardan birinin birinci mərtəbəsini tutan bu obyekt Gədəbəy RİH başçısına nə az-nə çox, düz bir milyon manata başa gəlib. Təbii ki, sual oluna bilər, Ramiz Yediyarov bu obyektə verdiyi pulları hansı fəaliyyəti sayəsində əldə edib? Amma yox, özünü gülünc vəziyyətə salmaq istəməyən heç bir kəs belə bir sualı ortaya qoymaz. Çünki Gədəbəydə kiçikdən-böyüyə, hər kəs başçının gəlir mənbələrindən kifayət qədər xəbərdardır. Məsələ bundadır ki, rəhbərlik etdiyi rayonu öz xüsusi mülkü hesab edən Ramiz Yediyarovun, burada törətdiyi özbaşınalıqları gizlətmək heç ağlına da gəlmir. Bir milyonu necə qazanmağa gəlincə isə, bunun üçün RİH başçısının həyata keçirdiyi tək bircə maxinasiyanı xatırlatmaq kifayətdir. Heç uzağa da getmək lazım deyil. Mənbələr xəbər verirlər ki, 2014-cü ilin sonunda, Gədəbəyə ayrılmış büdcə vəsaitlərindən rayonda fəaliyyət göstərən inzibati ərazi vahidləri üzrə icra hakimiyyəti nümayəndəliklərindən hər birinə 2000 (iki min) manat məbləğində pul köçürülmüşdür. Daha dəqiq desək, icra nümayəndələri yalnız bu vəsaiti aldıqlarına dair müvafiq sənədi imzalayıblar. Həmin pullar isə rayonun maliyyə idarəsi tərəfindən bir başa başçının müavinlərindən birinə təslim edilib. Əlbəttə ki, bu əməliyyat Ramiz Yediyarovun göstərişlərinə əsasən rayonda həyata keçirilən maxinasiyaların yalnız cüzi bir hissəsini ifadə edir. Bununla belə, törədilən korrupsiya əməlinə görə məsuliyyət mənimsənilən vəsaitlərin həcmində olan fərqə görə qətiyyən azalmır. Digər tərəfdən isə Gədəbəy RİH rəhbərliyinin məsuliyyət daşımalı olduğu məqamlar sadəcə yer almış mənimsəmə halları ilə bağlı deyil. Belə ki, Ramiz Yediyarovun Gədəbəy sakinlərinin mal və mülklərini əllərindən alması ilə bağlı aldığımız məlumatlar da kifayət qədər ciddi araşdırmalar üçün əsas verir. Belə hallara aid sıradan bir misal kimi Vaqif Səfərova aid obyektin sökülməsini nəzərdən keçirmək olar. 1998-ci il 16 iyun tarixində Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının 143 nömrəli sərəncamı ilə Səfərov Vaqif Qara oğluna kənd təsərrüfatı, sənaye, ərzaq və digər məhsulların satışı üçün bazarın tikintisinə torpaq ayrılmağı barədə sərəncam verilmişdir. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyəti olduğu üçün satışa çıxarılmış və qanuni əsaslarla Vaqif Səfərov tərəfindən alınmışdır. Bundan sonra həmin ərazidə müəyyən tikililər tikilmiş və kiçik bazar kimi fəaliyyət göstərməyə başlamışdır. Ramiz Yediyarov Gədəbəy rayonuna icra başçısı təyin olunandan sonra yalançı abadlıq-quruculuq işləri adı altında uçurulan bir çox ticarət obyektləri ilə bərabər, Vaqif Səfərova məxsus olan həmin obyekt də 0,26 ha ərazidə yerləşməklə və içərisində 30 min manatdan artıq dəyərində tikililəri ilə birlikdə başçının maddi maraqlarının qurbanına çevrildi. Heç bir əsas olmadan, heç bir məhkəmə qətnaməsi çıxarılmadan, hətta şifahi və yaxud yazılı xəbərdarlıq edilmədən həmin ərazi Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov tərəfindən zəbt olundu və içindəki tikili ağır texnikanın və polis qüvvələrinin cəlb olunması ilə darmadağın edilmişdi.Təbii ki, bütün bu özbaşınalıqlar Gədəbəy əhalisinin səbr kasasını gec-tez daşdırmalıdır. Elə bu yaxınlarda rayon ictimaiyyətini təmsil edən, ağbirçək və ağsaqqallardan ibarət bir qrup vətəndaşın ölkə prezidentinə ünvanlanmış müraciətlərini də məhz bu cür qiymətləndirmək olar. Öz müraciətlərində isə, gədəbəylilər Ramiz Yediyarovun fəaliyyətinin araşdırılması və lazımi ölçülərin götürülməsini dövlət başçısından xahiş ediblər.Son olaraq Gədəbəydən aldığımız məlumatlarda, mənbələr Ramiz Yediyarovun onu ifşa edən insanları qaralamaq və nüfuzdan salmaq üçün müxtəlif çirkin üsullara əl atdığını bildirirlər. Lakin xalqın qəsdinə durmuş bütün digər məmurlar kimi, Ramiz Yediyarovun da əli hara uzansa da, sonda yenə öz üzünü cıracaq.
\\ bizimdövr.az \\
Geri qayıt