Əsas Səhifə > Güney Press / Ana xəbər > Adı ev siyahısında olmayan ailə: "Özümüzü yandıracağıq"
Adı ev siyahısında olmayan ailə: "Özümüzü yandıracağıq"17-01-2015, 11:02 |
|
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkün və ikinci qrup əlil, onkoloji xəstə Quliyev Ruslan Rəşid oğluna bu il mənzil verə bilməcəyini açıqladıqdan sonra onun ailəsi etiraz aksiyası keçirmək niyyətindədir. Hazırda Quliyevlər ailəsi Bərdə rayonunun Şöləlli kəndində 50 manata kirayə evdə yaşayır. Bu barədə məlumat verən R.Quliyevin qaynanası Paşayeva Zemfira Əli qızı bildirir ki, etiraz aksiyasını Prezident Administrasiyasının qarşısında keçirəcəklər: "Mən nəvələrimlə, yəni Ruslanın 3 övladı ilə bu qurum qarşısında etiraz aksiyası keçirəcəyik. Tələbimiz yerinə yetirilməzsə, orada özümüzü yandıracağıq. Onkoloji xəstə olan kürəkənim qaldığı kirayə ev yaşamaq üçün yararsızdır. "Qaçqınkom" iddia edir ki, guya Ruslangilin qaldığı ev qohum evidir. Bu ağ yalandır. Ruslanın ailəsi, mənim qızım Quliyeva Günel Vidadi qızı, nəvələrim Gülçün, Zəhra və Yusif dözülməz şəraitdə olan daxmada qalırlar. Qışın oğlan çağında evlərini qızdıra bilmirlər". Z.Paşayeva bildirir ki, bu il Bərdədə məcburi köçkünlərə ev veriləcək: "Ruslan məcburi köçkün olduğu üçün ona da mənzil verilməsi üçün müraciət edib. "Qaçqınkom"un Bərdə rayon şöbəsinin reaksiyasından bəlli olub ki, onların müəyyən maraqları var. Yəni onlar maraqlarına uyğun gələn şəxslərə mənzil verirlər. Onkoloji xəstənin 5 nəfərdən ibarət ailəsinin küçələrdə qalması onları maraqlandırmır. Ruslan Quliyevin ailəsi aldıqları 100 manat ünvanlı dövlət sosial yardımın hesabına yaşayır. Sosial vəziyyətləri dözülməzdir. Qanunvericiliyə görə dövlət məcburi köçkünləri mənzillə təmin etməlidir. Buyursun, etsin. Əks halda özümüzü Prezident Administrasiyasının qarşısında yandıracağıq. Xatırladaq ki, vətəndaşın şikayəti ilə bağlı göndərdiyimiz sorğuya Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov cavab vermişdi: "Hazırda həmin şəxsin mənzillə təmin edilməsi imkan xaricindədir. Gələcəkdə Dövlət Proqramına əsasən bu kateqoriyadan olan insanların (yəni qohum evində yaşayanların) mənzil problemlərinə baxılarkən həmin ailənin də məsələsinə baxıla bilər"."Bizim Yol" Geri qayıt |