Əsas Səhifə > Güney Press / Ana xəbər > Gədəbəy sakininin Ramiz Mehdiyevdən xahişi

Gədəbəy sakininin Ramiz Mehdiyevdən xahişi


16-01-2015, 14:58
Gədəbəy sakininin Ramiz Mehdiyevdən xahişi
Əliyeva Aybəniz Ramazan qızı hörmətli akademikdən imdad diləyir

Hörmətli Ramiz müəllim!

Mən 2013-cü ilin oktyabr ayından bu günə qədər bütün dövlət orqanlarına bizim ailənin hüquqlarının tapdalanması haqqında, başımıza gətirilən qanunsuz oyunlar haqqında 76 məktub və teleqram yazmışam. Lakin çoxsaylı müraciətlərimə baxmayaraq, hələ də bu qədər qanunsuzluqlara qarşı reaksiya verən heç bir dövlət orqanı tapılmayıb. Azərbaycan, ərazısı çox da böyük olmayan bir dövlətdir. Ucqar nöqtələri arasındakı saat fərqi cəmi 18 dəqiqədir. Mən inanmıram ki, bu az məsafədə baş verən qanunsuzluqlar haqqında dövlət orqanlarının xəbəri olmasın. Böyük ehtimalla bir çox yerlərdən gələn məktub və şikayətlər sizə çatdırılmır. Əks halda, əminəm ki, insan həyatına qarşı bu qədər laqeydlik nümayiş etdirməyə heç bir məmurda cürət olmazdı. Elə dövlətlər var ki, qərbində gün batanda, şərqində gün çıxır. Ucqar nöqtələr arasında fərq 11 saatdır. Bəs bu dövlətlərin qanunları əyalətlərdə necə icra olunur? Mən öz dərdimi cəmi 400 km məsafədə yerləşən dövlət orqanlarına 15 aya çatdıra bilmirəmsə, vay ərazisi böyük olan dövlətlərdə yaşayanların halına. Gədəbəy rayonunda 100.000 (yüz min) nəfərə yaxın əhali yaşayır. Ermənistanla uzun bir sərhəddi olan bir rayondur. İqlimi də bir az sərtdir. Əslində bu rayonda yaşayan gənclərə bir az güzəst olunmalıdır ki, bu şəraitdə yaşasınlar. Amma yerli icra hakimiyyətinin, yəni cəmi 3-4 nəfərin özbaşınalıqları bu insanları öz doğma yurd-yuvalarından didərgin salır. Rayonumuzun qeyrətli oğulları çoxdur. Onlar öz güclərinə rayonda nəsə bir abadlıq işimi, bir istirahət mərkəzimi yaratmaq istəyəndə onları elə çətinliklərlə üzləşdirirlər ki, məcbur olub kənara çəkilirlər. Çünki bu rayonun rəhbərlərini insanların yaşayışı yox, öz cibləri maraqlandırır. Biz Gədəbəydə hələ də rəhmətlik Mirzə Ələkbər Sabirin dediyi kimi idarə olunuruq:

Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum, özgələr ilə nədi karim,
Dünyavü cahan ac olur olsun, nə işim var?!

Gədəbəyin rəhbərləri də deyirlər ki, təki bunların ailələri yaxşı dolansın, villalarda yaşasın, xarıci ölkələrdə istirahət etsinlər. Bizlər isə, eybi yoxdur, soğan-çörəklə də yaşaya bilərik. Axı biz rəiyyətik.

Hörmətli Ramiz müəllim!

Sizdən bütün Gədəbəylilər adından və ilk növbədə öz ailəmiz adından artıq dərəcədə xahiş edirəm. Bizi Gədəbəy RİH-nin timsalında rayonu səfalətə yuvarladan bəladan xilas edin. Bu məmurların azğınlığına, özbaşınalıqlarına son qoyun! Gədəbəyi xilas edin!

Geri qayıt