Əsas Səhifə > Güney Press / Ana xəbər > Əbiyevin çex müəmması: zidiyyətli açıqlamaların səbəbi

Əbiyevin çex müəmması: zidiyyətli açıqlamaların səbəbi


8-01-2015, 15:18
Əbiyevin çex müəmması: zidiyyətli açıqlamaların səbəbi
Keçmiş müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ətrafında yaranmış müəmma hələ dekabrın 26-da verdiyi lakonik açıqlama ilə başladı. Sabiq vitse-admiral Şahin Sultanovun azadlığa çıxmasına eks-nazirin, “Narahat olmayın, hər şey yaxşıdır. Heç bir problem yoxdur. Bu barədə danışmağa vaxtım yoxdur. İşim var indi, getməliyəm” - cavabı bir işarə kimi qiymətləndirildi.

Axar.az yada salır ki, sabiq nazir “getməliyəm” deməklə getdi. Yeni ilin ilk günlərində isə Əbiyevin sorağı Çexiyadan gəldi. Onun Yeni ili Praqada qarşıladığı, hətta bu ölkənin vətəndaşlığını qəbul etdiyi barədə xəbərlər yayıldı.

Praqada yaşayan azərbaycanlı Zamiq Məmmədlinin Feysbukda Əbiyevin Çexiya vətəndaşı olduğunu yazması bu məlumatı bir qədər də gücləndirdi.

Keçmiş müdafiə nazirinin yaxın çevrəsi isə israrla onun vətəndaşlıq məsələsini təkzib edirdilər, yalnız təkzibolunmaz fakt qüvvəsində qaldı - onun Çexiyada olması. Ancaq Əbiyevin yaxın ətrafının verdiyi açıqlamalar da daban-dabana bir-birini təkzibləyir.

Əvvəlcə, onun Çexiyada müalicə olunduğu, daha sonra istirahət etdiyi bildirildi. Praqada özünün və yaxınlarının adlarına mülk çıxdı. Sonra bu ziddiyyətli xəbərlər sırasında həmin mülklərin onun qohumlarına aid olması barədə açıqlama verildi.

Əbiyevə yaxın şəxslərdən, adının açıqlanmasını istəməyən yüksək rütbəli zabit qeyd etdi ki, ola bilsin həmin mülklər qohumlarına məxsusdur. Axar.az-ın araşdırması zamanı məlum oldu ki, həqiqətən Əbiyevə yaxın qohum olan Murad Əbiyev, Dilarə Əbiyevanın adına Çexiyada əmlak var.

Nəticə etibarı ilə sabiq nazirin ətrafının operativ verdikləri açıqlamaların heç birində israrlı təkzibə rast gəlinmədi; ya mülklərin qohumlarının adına olması, ya da generalın istirahətdə olduğu bildirildi. Yalnız vətəndaşlıq məsələsində təkzib olunurdu.

Son olaraq isə eks-nazirin qayını Oqtay Məmmədovun S.Əbiyevin hazırda Bakıda, hətta Qubada olduğunu deməsi açıqlamaların bir mərkəzdən koordinasiya edilmədiyini, həmçinin xəbərin tələsik təkziblənməsinə girişildiyi üçün bir-birindən fərqli və gözgörəsi yalanlarla müşayiət olunduğunu ortaya çıxardı.

Əbiyevin qayını bildirdi ki, keçmiş nazir Çexiyada deyil: “Doğma kəndi olan II Nüqədiyə həmişə gəlir, orada qalır. Səfər müəllim indi Bakıdadır. Özü ilə mən tez-tez əlaqə saxlayıram. O öz vətənindən heç yerə getməyib. Nə üçün getməlidir ki?”

Geri qayıt