Əsas Səhifə > Güney Press / Ana xəbər > Rövşən Lənkəranskiyə yaxın mənbə: “Yalandır, Lotu Qulinin işidir...”

Rövşən Lənkəranskiyə yaxın mənbə: “Yalandır, Lotu Qulinin işidir...”


7-01-2015, 15:14
Rövşən Lənkəranskiyə yaxın mənbə: “Yalandır, Lotu Qulinin işidir...”
“Rövşən Lənkəranski “qanuni oğru” adından məhrum edilməyib”.

Bunu kriminal avtoritetin yaxın ətrafındakı mənbə virtualaz.org saytının Ermənistanda keçirilən “oğru sammiti”nin nəticələrini şərh etmək xahişinə cavabında deyib.

Mənbə bildirib ki, R.Lənkəranski Ermənistanda keçirilən “sxodka”dan və orada onun “oğru” adından məhrum edilməsi məsələsinin qaldırılmasından xəbərdardır.

“Rövşən Lənkəranski əvvəlki kimi “qanuni oğru” adını daşıyır. Rövşən Lənkəranski ilə münaqişədə olan adamlar onu dəfələrlə “sxodka”ya çağırıblar. Amma o, bu təkliflərə məhəl qoymayıb” - deyə mənbə bildirib.

Mənbə onu da əlavə edib ki, Ermənistandakı “sxodka” hələ də davam edir. Bu gün bu məsələ ilə bağlı yeni təfərrüatların üzə çıxacağı istisna deyil.

Moskvadakı oğru dairələrində Rövşən Lənkəranskiyə (Canıyev) yaxın digər mənbə də Ermənistanda son 10 ilin ən iri kriminal sammitinin keçirildiyinə dair yayılmış informasiyaları təkzib edib.

Virtualaz.org saytı xəbər verir ki, həmin mənbə Lənkəranskinin mövqeyini ifadə edən şərhi bir neçə KİV-ə, o cümlədən vesti.az-a göndərib.

Mənbə deyib ki, Ermənistanda keçirilən toplantıda Lənkəranskinin “vor zakon” titulundan məhrum edilməsinə dair yayılan informasiyalar yalandır.

Mənbənin bildirdiyinə görə, “Ded Xasan” klanının əsas liderləri - “Piçuqa” ləqəbli Yuri Piçuqin, “Voskres” ləqəbli Vasili Xristoforov, “Robinzon” ləqəbli Robinzon Arabuli və digərləri “sxodka”ya qatıla bilməyiblər. Həmçinin yunan, türk və Moskva qruplaşmalarının liderləri də bu toplantıya qatıla bilməyib.

Piçuqin və Xristoforovun “sxodka”da iştirak etməməsinin səbəbi məlumdur. Yanvarın 5-də Komi Respublikasının Ust-Vımsk rayonunda Piçuqinin kiçik qardaşı Oleq güllələnib. Nəticədə “vor zakon”lar Ermənistandakı “sxodka”ya yox, dəfn mərasiminə getməli olublar.

Nəticədə Ermənistanda bir qrup “vor zakon” toplaşsa da “Şakro Molodoy”un qərarı ilə “sxodka” sonraya təxirə salınıb. Mənbə deyib ki, sxodka olacaq, ancaq nə vaxt və harada - bu, məlum deyil.

“İrəvandakı görüşdə heç bir qərar qəbul edilməyib. Xüsusən də Rövşən Lənkəranskinin “vor” titulundan məhrum edilməsi ilə bağlı. Yeri gəlmişkən Rövşənin dostları - “vor zakon”lar Georgi Uqulava və Kaxaber Parpaliya da İrəvana uçublar. Ancaq “sxodka”nın təxirə salındığını görüb geri qayıdıblar. Heç bir qərar qəbul edilməyib” - deyə mənbə bildirib.

Xatırladılır ki, 2012-ci ildə də “Ded Xasan”ın klanı Rövşən Lənkəranskini “vor” titulundan məhrum etməyə çalışıb, bu barədə qiyabi, yəni adamın özünün iştirakı olmadan qərar qəbul edilsə də həmin qərarın qüvvəsi olmayıb. Çünki “vor”un özünün iştirakı olmadan onu tituldan məhrum etmək prinsiplərə ziddir.

Mənbənin bildirdiyinə görə, Rövşən Lənkəranskinin tituldan məhrum edilməsinə dair informasiyanı onun düşməni, hazırda 8 saylı kalonda cəza çəkən “Lotu Quli” (Nadir Səlifov) yaya bilər.

Əvvəllər Canıyevin maraqlarını müdafiə etmiş vəkil Abdul Bağırov da onun tituldan məhrum edilməsinə şübhə edir.

Vəkil deyib ki, qiyabi yolla “vor zakon” titulu alınmır. Onun fikrincə, bu yalan informasiyanı təxribat məqsədi ilə yaya və Rövşən Lənkəranskini hansısa düşünülməmiş hərəkətlərə sövq etməyə çalışa bilərlər.

Hazırda Bağırov Canıyevin vəkili deyil, çünki Lənkəranskinin Azərbaycan ərazisində qanunlarla problemi yoxdur. Ancaq Canıyev vaxtaşırı olaraq onunla hüquqi məsələlərdə məsləhətləşir.

Geri qayıt