Əsas Səhifə > Güney Press / Ana xəbər > “Sevil Massivi”ndəki gizli sövdələşmələr ört-basdır olunur
“Sevil Massivi”ndəki gizli sövdələşmələr ört-basdır olunur7-01-2015, 08:32 |
![]() “Sevil Massivi”ndəki qanunsuzluğa görə barəsində cinayət işi başlanan keçmiş bələdiyyə sədri öz yerinə oğlunu gətizdirir. Son illərin ən böyük mülkiyyət qalmaqalının əsas qəhrəmanlarından olan Abşeron rayon Hökməli kəndinin sabiq bələdiyyə sədri Mirnemət Miradiyev barədə ilginc məlumatlar yayılıb. Aznews.az xəbər verir ki, “Sevil Massivi”ndəki qanunsuzluqlara görə barəsində cinayət təqibi olan və bu səbəbdən də vəzifəsindən azad olunan bələdiyyə sədri M.Miradiyev öz postuna oğlu Mirəziz Miradiyevi gətirtməyə çalışır. Dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mirəziz Miradiyev Hökməli bələdiyyə üzvlüyünə namizəd olub və seçilən 11 nəfərin siyahısında onun da adı var. Məlumata görə, onun seçilməsi və yanvarın sonlarında keçiriləcək ilk iclasda sədr postunu tutması əvvəlcədən planlaşdırılıb. Bunun üçün Hökməli bələdiyyəsinə namizədlərin kimliyindən tutmuş onların toplayacaqları səslərə qədər hər şey dəqiqliklə hesablanıb. Bələdiyyə üzvlüyünə namizədliyini irəli sürmüş şəxslərin əksəriyyəti illərdir bələdiyyə sədri işləyən M.Miradiyevin öz adamlarıdır. Məhz onların köməkliyi ilə bu ayın sonunda keçiriləcək sədr seçkisində oğul Miradiyevin seçiləcəyi artıq qətiləşdirilib. Onun sədr postuna hazırlanması seçkidə topladığı səslərin sayında da özünü göstərir. Sayt Hökməli bələdiyyəsinə seçilənlərin siyahısının screen-shot-unu da təqdim edib. Həmin siyahıdan bəlli olur ki, oğul Miradıyev 1398 səslə 11 nəfər arasında birincidir. Məlumatlı şəxslər bilir ki, sədr seçkisində adətən ən çox səs toplayan şəxs sədr seçilir. Yada salaq ki, “Sevil Massivi”ndə həyata keçirilən həbslərlə bağlı ilk məlumatı “Yeni Müsavat” qəzeti yaymışdı. M.Miradıyevi massivin rəhbəri Aynur Zeynalovla eyni gündə saxlamışdılar. Onu ilkin olaraq Vergilər Nazirliyinə çağırıb sorğu-sual edərək nəzarət altında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərmişdilər. M.Miradıyev “Sevil” MTK-ya Hökməli bələdiyyəsinin balansında olan hektarlarla torpaq sahəsini ayırıb. Bundan başqa, M.Miradıyev ərazidə qanunsuz tikintilərin aparılmasını, xüsusən vəhhabi məscidinin tikilməsini himayə etməkdə suçlandırılıb. M.Miradıyev istintaqda dindirildiyi zaman Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov dövlət orqanlarına bələdiyyə sədrinin azad edilməsi üçün müraciətlər edib. Son nəticədə siyasi rəhbərliyi inandıra bilib ki, M.Miradıyevin vəhhabi təriqətinə aidiyyəti yoxdur, onun bu işə qol qoyması sadəcə tamahından irəli gəlib. Bundan sonra sinəsi “Tərəqqi” medallı bələdiyyə sədrini azad ediblər. “Yeni Müsavat”a daxil olan son məlumatda bildirilir ki, M.Miradiyev Hökməli bələdiyyəsinin sədri postuna oğlunu təyin etdirməklə bu postda özünün etdiyi qanunsuzluqların ört-basdır olunmasına nail olmaq istəyir. Bu posta M.Miradiyevin iradəsindən kənar digər şəxsin təyinatı Hökməli bələdiyyəsində illərlə baş verən qanunsuzluqların üzə çıxması deməkdir. Odur ki, M.Miradiyev oğlunu öz postuna gətirməklə faktiki olaraq bələdiyyə sədri postunu özündə saxlamış olacaq. Bu isə ona gizlinlərinin faş olmasını əngəlləməyə imkan verəcək. Baş Prokurorluğun yaydığı rəsmi məlumatda bildirilirdi ki, aparılmış istintaq zamanı kooperativin təsisçisi Aynur Zeynalovun həmin kooperativin direktoru Elçin İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmalarında, habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etmələrində şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən onlara Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Eyni zamanda Abşeron rayonu Hökməli bələdiyyəsinin sədri Mirnemət Miradiyevin bələdiyyə ərazisində yerləşən torpaq sahələrini A.Zeynalov və E.İsmayılovun bilavasitə şərait yaratmaları ilə müxtəlif şəxslərə sataraq ümumilikdə sonunculardan 170 min manat məbləğində rüşvət almasında şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən ona Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə ağır xəstəliyi ilə əlaqədar barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. İstintaqla həmçinin müəyyən edilib ki, “Sevil Massivi” MTK-nın məsul şəxsləri M.Miradiyevlə əldə etdikləri şifahi razılaşmaya əsasən bələdiyyənin mülkiyyətində olan 30 hektar perspektiv inkişaf torpaqlarını, eləcə də ayrı-ayrı şəxslərin mülkiyyətində olan “At yalı” və “Sonalı sahəsi” adlandırılan 110 hektar örüş torpaqlarını qanunsuz olaraq zəbt edərək həmin torpaqların vətəndaşlara faizsiz kreditlə satışını həyata keçiriblər. Vətəndaşlar tərəfindən isə həmin torpaq sahələrində layihə-smeta sənədləri olmadan, dövlət qeydiyyatına alınmadan 200 fərdi yaşayış evinin tikintisi həyata keçirilib. Kredit ödənişləri başa çatdıqdan sonra bələdiyyəyə məxsus olmayan sahələr bələdiyyə tərəfindən hərraca çıxarılmaqla satılaraq vətəndaşların adlarına rəsmiləşdirilib. İstintaqın bu qərarından sonra isə bələdiyyə üzvlərinin iştirakı ilə iclas keçirilib. İclasda M.Miradiyevin bələdiyyə sədri vəzifəsindən çıxarılması barədə qərar qəbul olunub. \\ musavat.com \\ Geri qayıt |