Əsas Səhifə > Güney Press / Ana xəbər > “Qazax məscidində Vəhhabi-Nəqşibəndi qarşıdurması”na reaksiya

“Qazax məscidində Vəhhabi-Nəqşibəndi qarşıdurması”na reaksiya


5-01-2015, 13:54
“Qazax məscidində Vəhhabi-Nəqşibəndi qarşıdurması”na reaksiya
Musavat.com-da yayımlanan “Qazax məscidində Vəhhabi-Nəqşibəndi qarşıdurması”, “Qazax məscidinin imamı vəhhabilərlə xaş yeməyə gedir” başlıqlı iki yazıda “münafiq”likdə və “vəhhabilərlə xaş yemək”də ittiham olunan Qazax rayon Cümə məscidinin imamı İlham Süleymanovla telefon əlaqəsi yaratdıq. Yazdığımız yazıdan sarı narahat olduğunu, məsciddə ayrı seçkilik yaradan kəslərin əsaslı arqument gətirmədən, keçmiş imamı yerinə bərpa etmək üçün onu qaraladıqlarını bildirdi.

O, məsciddəki parçalanmanın şəxsiylə bağlı bir məsələ olmadığını, qarşı tərəfin qərəzli mövqe sərgilədiyini söylədi: “O yazılanlarda deyilənlərin hamısı əsassız şeylərdir. Qazaxın məscidində baş verənlər mövqe davasından başqa şey deyil. Parçalanmanın əsas səbəbi köhnə imamın təzədən geri qaytarılmasıdır ki, adını başqa-başqa şeylər qoyublar. Burada özgə bir şey yoxdur. Onlar özləri də bilmədən təsir altına düşən insanlardır. Bir neçə dəfə söhbət aparmışam. Soruşduğum zaman bir söz demirlər. Əksəriyyəti gəlib Cümə namazını məsciddə qılırlar. Narahatlıq yoxdur. Yenə deyirəm ki, buradakı dava məscidə sahiblənmək uğrundadır”.

İlham Süleymanov müxbirimizin “Sizə “münafiq” deyilər, hətta, belə iddia edirlər ki, vəhhabilərlə əlaqələriniz o qədər yaxşıdır ki, onlarla birlikdə xaş yeməyə gedirsiniz. Bu məsələyə münasibətiniz nədir”, – sualına cavab verdi ki, səsləndirilənlərin hamısı gülüş doğurur və iftiradan özgə bir şey deyil: “Əstəğfürüllah! Onlar mənə atılan iftiradır. Sadəcə o ittihamları səsləndirən adam, kim mənim arxamda namaza durursa, hamısına “vəhhabi” damğası vurur, böhtan atır. Bu məscid Azərbaycan dövlətinindir və burada da Azərbaycanın qanunları işlər. Onlar istəyirlər ki, məscid başqa dövlətin təsiri altında olsun. Nə mən, nə müavinim Zaur Budaqov buna razı olmayacağıq. Biz bu dövlətin, dini komitənin və Şeyxin istəyi nədirsə, onu qoruyacağıq. Ancaq bəzi insanlar var ki, dediyim kimi, burada adını çəkmək istəmədiyim dövlətin təsirini saxlamaq istəyirlər”.

Sonda o qeyd edib ki, məqsədi məsciddəki tolerantlığı qorumaqdır: “Mənim məqsədim burada Azərbaycanın tolerantlığını qorumaqdır. Dövlətin də, Şeyxin də, komitənin də istəyi nədirsə, onu qorumağa çalışıram. Yenə deyirəm, burada heç vaxt başqa dövlətlərin təsiri, təbliğatı olmayacaq”.


“Qazax məscidində Vəhhabi-Nəqşibəndi qarşıdurması”na reaksiya
“Qazax məscidində Vəhhabi-Nəqşibəndi qarşıdurması”na reaksiya
Geri qayıt