Əsas Səhifə > Güney Press / Ana xəbər > "Şərurlu İsfəndiyar" ölkə qanunlarını ayaq altına atır

"Şərurlu İsfəndiyar" ölkə qanunlarını ayaq altına atır


30-12-2014, 13:19
"Şərurlu İsfəndiyar" ölkə qanunlarını ayaq altına atır
Qəzetimizin ötən saylarında "Şərur" MTK-nın sahibi, "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundovun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndindən olan, hazırda isə Xəzər rayonunda yaşayan Hacıyev Tural Adəm oğlunun başına gətirdiyi müsibət haqqında məlumat vermişdik.

Şikayət ərizəsi ilə redaksiyamıza müraciət edən vətəndaş bildirmişdi ki, 2008-ci ildə "Azərtikinti ATF" MMC-dən iki otaqlı mənzil alıb. "Şirkətin Xətai rayonu, Telnov küçəsi, 23-47/48 ünvanında binaları inşa olunurdu. 2008-ci ildən tikilməyə başlanan 16 mərtəbəli binaların birində iki otaqlı ev aldım. Şirkətin direktoru Azər Quliyevlə alqı-satqı müqaviləsi bağladım. Əlimdə bütün sənədlər var, yəni hər şey müvafiq qanunlara uyğun şəkildə həyata keçirilib. Mənzilə görə, şirkət rəhbərinə ilkin olaraq 27900 dollar ödədim. Yerdə qalan 32 min dolları isə aramızda əldə olunan razılaşmaya əsasən kredit yolu ilə ödəyəcəkdim. Beləcə, dörd ay şirkətə 1000 dollar pul ödədim. Lakin dörd aydan sonra eşitdim ki, şirkətin rəhbəri Azər Quliyevi dələduzluğa görə həbs ediblər. Azər Quliyev "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundovla şərik idi. Azər Quliyev mənzil dələduzluğuna görə həbs olunandan sonra "Azərtikinti ATF" MMC-nin mənzilləri İsfəndiyar Axundovun nazarətinə keçdi. İsfəndiyar müəllimlə görüşdüm. O dedi ki, bina bizimdir, müqaviləni Azərlə bağlamısan əlavə olaraq 25000 manat ver və mənzilini al. "Şərur" MTK-nın rəhbərinə buna maddi imkanımın çatmadığını dedim və bildirdim ki, pulum düzəlmir. Şirkət rəhbəri mənə dedi ki, get pulun düzələndə gələrsən. Növbəti dəfə onun yanına gedəndə məndən 35000 manat istədi. Səbəb kimi isə qiymətlərin bahalaşmasını göstərdi", deyə şikayətçi vurğulayırdı. Dünən yenidən redaksiyamızla əlaqə saxlayan Tural Hacıyev probleminin hələ də həll olunmadığını bildirdi. Onun sözlərinə görə, "Şərurlu İsfəndiyar" ölkə qanunlarını ayaq altına atır və vətəndaşları yuxarılardan incik salmaqdan çəkinmir: "İş adamı yaranmış vəziyyətdən necə lazımdırsa istifadə edir. Bilirsiniz ki, bu gün ölkəmizdə hərtərəfli inkişaf gedir. Hörmətli prezidentimizin sayəsində vətəndaşların rifah halı yüksəldilib, insanlar daha yaxşı yaşayırlar. Lakin bütün bunlara baxmayaraq, bəzi iş adamları, o cümlədən İsfəndiyar Axundov mənim kimi kasıb insanları incidir. Camaat bayramı qeyd etməyə hazırlaşır, amma mən bayram ab-havasında deyiləm. Şirkətdən aldığım mənzilə görə ümumilikdə 32 min dollara yaxın pul ödəmişəm. "Azərtikinti ATF" MMC-nin direktoru Azər Quliyev hazırda həbsdədir. MMC tərəfindən tikilən binadakı mənzillərin satışı və satılan mənzillərlə bağlı yaranan problemlərin yoluna qoyulması "Şərur" MTK-ya həvalə edilib. Təəssüflər olsun ki, İsfəndiyar Axundov mənə kömək etmir. Keçən dəfə bu barədə geniş məlumat verdim. Bu adam açıq-aşkar şəkildə ölkənin müvafiq qanunlarına qarşı çıxır. Mənzilimi ala bilmirəm, heç olmasa şirkətə ödədiyim pulu geri qaytarsınlar. Görəsən, İsfəndiyar müəllim mənzil dələduzluğuna görə həbs olunan şirkət direktorlarını görmür? O elə hərəkətlər edir ki, buna göz yummaq olmaz. Heç kim belə işdən sığortalanmayıb. Şirkət rəhbəri ilə bağlı mətbuatda dəfələrlə silsilə tənqidlər dərc olunub. O kimə və nəyə arxayındırsa, haqqında yazılanlara reaksiya vermir. Pulu çox ola bilər. Amma heç bir vətəndaşın hüquqlarını tapdalamağa haqqı yoxdur. Nəticə isə göz qabağındadır. Bu gün mən və mənim kimi onlarla insan mənzil fırıldağının qurbanına çevrilib. Hazırda küçələrdə qalmışam. Yaşamağa yerim yoxdur. Qohum-əqrəbanın qapısına getməyə üzüm gəlmir. Artıq canım boğazıma yığılıb. Mən İsfəndiyar müəllimdən əlavə heç nə istəmirəm. Ya mənzilimi versin, ya da mənzilə görə ödədiyim pulu qaytarsın. Problemim yaxın günlərdə həll olunmasa, daha yuxarı instansiyalara şikayət edəcəm". Xatırladaq ki, İsfəndiyar Axundovun adı bir müddət əvvəl oğlunun bahalı maşını ilə əlaqədar hallandırılırdı. Belə ki, biznesmenin oğlu Allahverdi Axundov İnstaqram səhifəsində bahalı "Lamborghini" maşınının fotosunu paylaşaraq, "My new car, lambo#aventador" haştagından istifadə edib. Şirkət rəhbəri isə oğlunun belə bahalı maşını olmadığını bildirib. O deyib ki, internet saytlarında 650 min min dollarlıq "Lamborghini" avtomobilini onun oğluna məxsus olması barədə yazılanlar həqiqətə uyğun deyil. Lakin sonradan həmin maşının iş adamının oğluna məxsus olması təsdiqləndi. İnanmaq istərdik ki, aidiyyəti dövlət qurumlarının rəsmiləri vətəndaş Tural Hacıyevin üzləşdiyi məsələyə diqqət ayırıb İsfəndiyar Axundovun törətdiyi özbaşınalıqların qarşısını alacaqlar.
\\ GünBakı \\
Geri qayıt