Əsas Səhifə > Güney Press / Ana xəbər > Maləsəf Gədəbəy yeni ili Ramiz Yediyarovla qrşılayacaq...

Maləsəf Gədəbəy yeni ili Ramiz Yediyarovla qrşılayacaq...


24-12-2014, 10:20
Maləsəf Gədəbəy yeni ili Ramiz Yediyarovla qrşılayacaq...
Ictimai diqqətdən kənarda olan ucqar Gədəbəy rayonunda ciddi hakimiyyət intriqaları hökm sürür. Rayondakı mənbələrdən redaksiyamıza daxil olan xəbərə görə, bu intriqalar Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Ramiz Yediyarovun təyinatından sonra başlayıb. Verilən məlumatlara görə, icra başcısı öz yaxın ətrafı ilə birgə rayonda sanki kiçik bir padşahlıq yaradıb. Yalnız ona yaxın olan adamlar bu rayonda yaxşı yaşayıb qazana bilirlər. Əhalinin vəziyyəti isə günü-gündən pisləşməkdədir. Verilən məlumata görə, rayon təsərrüfatı qışa hazır deyil, bu sahəyə ayrılan vəsait isə çoxdan yeyilib.

Daxil olan məlumatlara görə, dövlət büdcəsindən Gədəbəy rayonuna ayrılan vəsaitlər təyinatı üzrə xərclənmir. Onu da vurğulamaq gərəkdir ki, hazırda rayonun ən ağrılı problemlərindən biri də əhalinin yaşayış səviyyəsilə bağlıdır. Belə ki, "Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov vəzifəsindən sui-istifadə edir. O, ciddi nöqsanlara yol verir ki, bu da gədəbəylilərin kəskin etirazına səbəb olur. Ramiz Yediyarov dövlət büdcəsindən rayona ayrılmış vəsaitin düzgün xərclənməsinə şərait yaratmır" deyən Gədəbəy rayon sakinlərinin sözlərinə görə, icra başçısının adı indiyədək bir sıra xoşagəlməz məqamlarda hallandırılıb.

Əhalinin problemləri həll edilmir

Bundan başqa, gədəbəylilər Ramiz Yediyarovun təqiblərinə məruz qaldıqlarını, icra başçısının rayonu bərbad vəziyyətə saldığını bildirirlər: "Ölkə başçısı tərəfindən son illər qəbul olunmuş mühüm dövlət proqramlarının Gədəbəy rayonunda icrası demək olar ki, sıfıra bərabərdir. Məhz bunun nəticəsidir ki, rayonun sosial-iqtisadi və mədəni həyatında heç bir ciddi dəyişiklik əldə olunmayıb. Yerli əhalinin problemlərinin aradan qaldırılması istiqamətində də heç bir müsbət irəliləyiş yoxdur. Payız-qış mövsümünün çətinliklərini aradan qaldırmaq üçün də heç nə edilməyib. Rayonun qazla təminatı ürəkaçan səviyyədə deyil. İcra başçısı rayon camaatı ilə görüşlər keçirmir, bizim dərd-sərimizlə maraqlanmır. Bir dəfə də olsun görüş keçirilməyib, əhalinin problemləri öyrənilməyib". Gədəbəy sakinlərinin sözlərinə görə, rayonda başda Ramiz Yediyarov olmaqla, hələ də öz işini bugünkü tələblər səviyyəsində qura bilməyən idarə, müəssisə və təşkilat rəhbərləri var və onların yarıtmaz fəaliyyətindən əhali haqlı olaraq narazı qalır. Əldə etdiyimiz bilgilərdə həmçinin, o da vurğulanır ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun fəaliyyətindən narazı qalan rayon sakinlərinin ölkə başçısına və digər dövlət qurumlarına şikayət etmələrinə də imkan verilmir: "Hər dəfə ölkə başçısı Gədəbəyə səfər edərkən, icra başçısı Ramiz Yediyarov səfərdən bir neçə gün əvvəl ondan narazı qalan gədəbəylilərə indiyədək yığılmış problemləri həll edəcəyinə dair söz verir. Lakin onun bütün vədlərinə baxmayaraq, gədəbəylilər dövlət başçısına su, işıq və torpaq problemilə bağlı şikayət edəcəklərində israrlı olduqlarını bildirirlər. Şikayətçilərin təkidini görən başçı yerli polisə göstəriş verərək, narazıların dövlət başçısının həndəvərinə buraxılmamasını tapşırır. Beləliklə, hər dəfəsində ölkə başçısı ilə görüşmək istəyən gədəbəylilərin yolu kəsilir və nəticədə onlar şikayətlərini çatdıra bilmirlər". Rayon sakinləri iddia edirlər ki, icra başçısı Ramiz Yediyarov əhalinin sosial durumu, yaşayış tərzilə maraqlanmır, onların problemlərinin həlli istiqamətində konkret heç bir addım atmır: "Gədəbəyin əksər kəndləri, məsələn, Arabaçı, Arısu, Bəydəmirli, Cücanlı, Dikdaş, Dəyəqarabulaq, Gərməşöylü, Heriknaz, Kələman, Moruxlu, Nərimankənd, Plankənd, Qasımağalı, Rəmə, Səbətkeçməz, Təkyemişan, Yaqublu, Zəhmətkənd, Çalburun, İsalı, Şəkərbəy, Əmiraslanlı və Əyridərə sakinləri Ramiz Yediyarovun, eləcə də icra başçısının birinci müavini Qüdrət Paşayevin, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüsal Musayevin, aqrar məsələlər şöbəsinin müdiri Rüstəm Nağıyevin, ictimai-siyasi və humanitar şöbəsinin müdiri Vəfa Allahverdiyevanın, Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədovun, təhsil şöbəsinin müdiri Baxış Nağıyevin, mədəniyyət və turizm şöbəsinin müdiri Ramiz Məmmədovun, Gədəbəy Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramiz Pirverdiyevin iş prinsipindən, daha doğrusu, fəaliyyətsizliyindən narazıdırlar. Bununla bağlı dəfələrlə müvafiq orqanlara müraciət etmək istəmişik, lakin Ramiz Yediyarov və ətrafındakı məmurlar müxtəlif yollarla buna mane olublar. İcra başçısı bir dəfə də olsun camaat arasına çıxmayıb. Ancaq öz kabinetində oturur. Artıq biz gədəbəylilər onun əlindən cana doymuşuq. Hər cür vasitə ilə Ramiz Yediyarovun əməlləri barədə ictimaiyyəti və ölkə başçısını məlumatlandırmağa çalışırıq. Və bu işi davam etdirəcəyik. Demək olar ki, gədəbəylilərin 50-60 faizi Ramiz Yediyarovun yeni icra başçısı ilə dəyişdiriləcəyi günü böyük səbirsizliklə gözləyir".

Ramiz Yediyarov özəl sektorda çalışan sahibkarlara da təzyiq göstərir

Bu arada, sakinlərlə yanaşı, Gədəbəy rayonu ərazisində biznes fəaliyyətilə məşğul olan sahibkarlar da icra başçısının əlindən təngə gəldiklərini vurğulayırlar. Bu barədə redaksiyamıza məlumat verən mənbənin sözlərinə görə, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov əlində olan imkanlardan yararlanaraq özəl sektorda çalışan sahibkarlara qarşı təzyiq və təsir göstərir. Gədəbəy rayonu Plankənd sakini, iş adamı Oqtay İbrahim oğlu Əliyev də həmin sahibkarlardan biridir. Ramiz Yediyarov digərlər sahibkarlara, iş adamlarına süni əngəllər, ciddi maneələr yaratdığı kimi, Oqtay Əliyevə də təsir və təzyiq göstərib...

Həmçinin, hektarla torpaq sahəsi müxtəlif şübhəli sənədlərlə imkanlı şəxslərə satılıb. Onu da qeyd etmək lazımdır ki, ölkədə torpaq islahatına hələ bir neçə il öncə başlanılsa da, bu gün də Gədəbəy rayonunda özünə ya yararsız, ya da bölgü vaxtı göstəriləndən az torpaq verilməsindən şikayətlənənlər var. Rayon sakinlərinin sözlərinə görə, gədəbəylilərin digər bir problemi isə bələdiyyə torpaqları ilə bağlıdır: "Gədəbəydə elə yerlər var ki, əvvəlcə çəpərə alınır, sonra isə Ramiz Yediyarovun xeyir-duası ilə satılır. Bir müddət sonra isə eyni torpaq baha qiymətə tamam başqa şəxsə satılır". Məlumatlı şəxs isə iddia edir ki, bu gün Gədəbəy Rayon Maliyyə İdarəsində də yeyinti halları baş alıb gedir: "Gədəbəydə heç bir dövlət orqanı icra başçısı Ramiz Yediyarovun göstərişi olmadan bu və ya digər məsələdə sərbəst hərəkət edə bilməz. Odur ki, Namiq Məmmədovun rəisi olduğu Gədəbəy Rayon Maliyyə İdarəsində baş verən yeyinti halları da birbaşa Ramiz Yediyarovun və onun birinci müavini Qüdrət Paşayevin tapşırığı ilə həyata keçirilir. Çünki burada onların da payı var". Gördüyünüz kimi, hazırda gədəbəylilərin böyük əksəriyyəti icra başçısından, rayonun digər səlahiyyət sahiblərindən və onların yarıtmaz fəaliyyətlərindən narazılıq edirlər.

Namiq Məmmədov rayonda at oynadır

Ermənistanla üzbəüz mövqedə yerləşən Gədəbəydəki əsas problemlərdən biri də onun sağ əli olan Namiq Məmmədovun əməlləridir. Məhz onun özbaşına əməlləri vətəndaşların güzəranının pisləşməsinə, o cümlədən sosial problemlərin bir-birini əvəz etməsinə gətirib çıxarıb. Gədəbəy rayon sakini Ramazan Muradov bu şəxs haqqında çox maraqlı faktlar verdi. Ramazan Muradov Namiq Məmmədovun Gədəbəydə az qala icra başçısı statusunda tanınan şəxs olduğunu dilə gətirdi. Dediyinə görə, onun başına gətirilənləri elə Namiq Məmmədov edib. Nəzərinizə çatdıraq ki, qanunvericiliyə görə qohum şəxslər (seçkili vəzifələr istisna olmaqla - red.) bir-birlərinin tabeliyində işləyə bilməzlər. Amma Namiq Məmmədov hazırda da Gədəbəy Rayon Maliyyə İdarəsinin rəhbəri vəzifəsində çalışır. O, pul ayırır, yaxın qohumu - Gədəbəy Rayon Mədəniyyət Şöbəsinin rəhbəri Ramiz Məmmədov isə həmin vəsaiti xərcləyir. Bütün bunlar rayonda korrupsiya ilə bağlı faktların mövcudluğunu göstərir. Rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılan Ramiz Məmmədov sonradan Gədəbəy Rayon Mədəniyyət Şöbəsinin rəhbəri vəzifəsinə təyin edilib: "Əgər çağırıb ərizə yazdırsanız, onun ali savadının hansı səviyyədə olduğunu görərsiniz. Başqa qohumlar da ayrı-ayrı vəzifələrdə çalışırlar. Məsələn, öz kəndlərində bir mədəniyyət evi və feldşer məntəqəsi fəaliyyət göstərir. Orada çalışanların hamısı öz adamlarıdır. Adları orda qeyd edilib, özləri isə başqa yerlərdə yaşayırlar, işləmirlər". Ramazan Muradovun sözlərinə görə, hələ bir müddət əvvəl - Yeni Azərbaycan Partiyasının Gədəbəy Rayon Təşkilatının sədri vəzifəsində çalışarkən kitabxanalarda, məktəblərdə texniki işlərdə çalışmaq istəyənlər Namiq Məmmədova üz tuturdular: "Namiq Məmmədov nə edirdi, kimi vəzifəyə necə təyin edirdi - bunu deyə bilmərəm. Amma ortada müəyyən şərtlər vardı. Pensiya üçün arayış alırsansa, işə gəlmirsənsə, adın orda yazılır, amma pulu başqası alır. Əgər işləmək istəyirsənsə, bunun da digər formada qəbulu vardı. Mən bunları o vaxt eşitmişdim, indi də belə məlumatlar eşidirəm". Bütün bunlar onu göstərir ki, əslində, Gədəbəydə iki vəzifəli şəxs mövcuddur: - Namiq Məmmədov və Ramiz Yediyarov cütlüyü. Sakinlər məhz bu iki məmurun arasında qalıblar. Gədəbəylilər bilmirlər ki, Namiq Məmmədovu "görsünlər", yoxsa Ramiz Yediyarovu. Ramiz Yediyarovun sağ əli - Qüdrət Paşayev

"Qüdrət Paşayev Gədəbəy Rayon İcra Hakimiyyətində birinci müavin vəzifəsinə təyin olunandan sonra sadə vətəndaşlara yuxarıdan aşağı baxmağa başladı.

O, YAP-a keçənə qədər müxalifət düşərgəsində təmsil olunurdu. Gədəbəyin ən fəal müxalifətçilərindən sayılırdı. Bunu rayonda bilməyən yoxdur. Onun həyata keçirdiyi bəzi qanunazidd hərəkətlər Gədəbəydə bir neçə ailənin sosial durumuna mənfi təsir edib. Hazırda rayonda sosial sahədə vəziyyət o qədər ürəkaçan deyil. Əhali işsizlik ucbatından ya paytaxta, ya Rusiya, ya digər xarici ölkələrə üz tutur. Qüdrət Paşayev yerli adamdır, amma bizlərin problemləri ilə maraqlanmır. Yer-yurdumuzu söküb bizi iş-gücsüz qoyurlar". Bu sözləri Gədəbəy rayonunun adının çəkilməməsini xahiş edən sakinlərindən biri bildirdi. İcra başçısı Ramiz Yediyarovun birinci müavini Qüdrət Paşayevlə bağlı redaksiyamıza maraqlı faktları açıqlayan mənbənin sözlərinə görə, adıçəkilən məmur bir neçə il əvvəl Qasımovlar ailəsinə heç bir səbəb olmadan problem yaradıb: "Qasımov Valeh Əlirza oğlu bir müddət əvvələ kimi Dəyəqarabulaq kəndinin icra nümayəndəsi işləyirdi. Qüdrət müəllim bu kənddəndir. Valeh Qasımovun qardaşı Nizami Qasımovun Ceyran çölündə mal-qaranın bəslənməsi üçün böyük yatağı var idi. Qüdrət Paşayev icra başçısının birinci müavini vəzifəsinə təyin edilən kimi onlara açıq savaş elan etdi. Nizami Qasımovun digər qardaşı Şahvələd Qasımov Gədəbəy Rayon İcra Hakimiyyətində təlimatçı vəzifəsində işləyirdi. Qüdrət Paşayev ilk növbədə, onu tutduğu vəzifədən kənarlaşdırdı. Və bu əməlini heç nə ilə əsaslandıra bilmədi. Məmur onun yerinə öz adamını vəzifəyə gətirdi. Get-gedə rayonda dayaqlarını möhkəmləndirən keçmiş müxalifətçi Dəyəqarabulaq kəndinin icra nümayəndəsi Valeh Qasımovu da bir neçə ay öncə tutduğu vəzifədən çıxarmağa nail oldu. Anadan olduğu Dəyəqarabulaq kəndinə yaxın adamlarından birini icra nümayəndəsi postuna təyin etdirdi. Beləcə, icra hakiminin müavini Nizami Qasımova məxsus olan yatağı ələ keçirmək istiqamətində böyük addım atdı. Bu işlərin üstündən bir müddət keçəndən sonra Ramiz Yediyarovun müavini qeyri-qanuni sənədlər düzəltdirərək Ceyran çölündəki yatağa sahib çıxdı. Beləliklə, həmin yataq Qasımovların əlindən çıxdı". Rayon sakininin iddiasına görə, icra başçısının birinci müavini yatağı yaxın qohumlarından birinin adına sənədləşdirib: "Bununla bağlı yuxarılara nə qədər şikayət məktubu göndərilsə də, heç bir xeyri olmadı. Çünki başçının müavini özü ilə bağlı əlaqədar dövlət orqanlarına ünvanlanan şikayət məktublarının ünvanına çatmasına imkan vermir. Gədəbəyin poçt və rabitə sistemi demək olar ki, tamamilə Qüdrət müəllimin nəzarəti altındadır. Rayonda məmur özbaşınalığı dözülməz həddə çatıb. Keçmiş müxalifətçi camaatın rahat yaşamasına imkan vermir. Məndə Qüdrət Paşayevin keçmişdəki fəaliyyəti, daha dəqiq desəm, müxalifət düşərgəsində olarkən gördüyü işlərlə bağlı elə faktlar var ki, onları açıqlasam gərək bu adam həmin gün vəzifədən çıxarılsın. Zərurət yaranacağı təqdirdə, həmin faktları sizə açıqlayacam. O general rütbəsi daşıyan qardaşı Ədalət Paşayevin çətiri altına sığınıb, yəni ona güvənir. Ədalət Paşayevin Gədəbəydəki biznesini qardaşı idarə edir. Rayonun mərkəzində yerləşən ticarət obyektlərinin və turizm üçün əlverişli olan kəndlərdəki istirahət mərkəzlərinin bir neçəsi Ədalət Paşayevə məxsusdur. Generalın Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının ərazisində tikdirdiyi imarətin qiyməti bəlkə də milyonlara bərabərdir. Bu mülkün tikintisində rayonun abadlaşması üçün alınan tikinti materiallarından daha çox istifadə edilib.

Əqidəli YAP üzvləri rayondan sıxışdırılır

Redaksiyamıza müraciət edən Gədəbəy rayon sakini Ramazan Muradovun dediyinə görə, icra başçısının etdiyi əməllər barədə Bakıdakı müvafiq qurumlara müraciət edib: "Mən Yeni Azərbaycan Partiyasının yaradıcılarından biriyəm. Prezidentin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşam. Amma indi rayonda tam izolyasiya olunmuş vəziyyətdəyəm. Səsim heç yerə çatmır. Qəzetlərə baxın: - Qüdrət Paşayevin xeyli sayda qanunsuz əməlləri var. Amma bunların heç birinə baxan yoxdur. Birinci müavin kimi oturub orda. Uzun illər vəzifədə işləmişəm, amma məndən bircə şikayət ərizəsi də yazılmayıb. Ramiz Yediyarov Gədəbəyin icra başçısı vəzifəsinə təyin olunana qədər məndən bir şikayət ərizəsi də yazılmayıb. Amma Ramiz Yediyarov Gədəbəyin icra başçısı vəzifəsinə təyin edildikdən sonra məndən Cahangir Qasımov, Hüseyn Əliyev, Namiq Rüstəmov şikayət ərizəsi yazdılar. Bütün bunlar Namiq Məmmədovun diktəsi altında yazılan ərizələr idi. Onların hamısını buna görə "mükafatlandırdılar". Ramazan Muradov qeyd etdi ki, o hələ bir müddət əvvəl - Yeni Azərbaycan Partiyasının Gədəbəy Rayon Təşkilatının sədri vəzifəsində çalışarkən kitabxanalarda, məktəblərdə texniki işlərdə çalışmaq istəyənlər Namiq Məmmədova üz tuturdular: "Namiq Məmmədov nə edirdi, kimi vəzifəyə necə təyin edirdi - bunu deyə bilmərəm. Amma ortada müəyyən şərtlər vardı". Ömrünün 20 ilindən çoxunu Yeni Azərbaycan Partiyasına, Heydər Əliyev siyasətinə həsr edən Ramazan Muradov bu gün də həmin xidməti ilə fəxr etdiyini vurğuladı: "Bundan sonra da çiçəklənən Azərbaycanda yenə o siyasətə xidmət edəcəm. Məni nə qədər incitsələr də, döysələr də, söysələr də, işdən qovsalar da, əmin olacam ki, heç olmasa millətim yaxşı yaşayır. Amma bəzi məmurlar xalqı dövlətdən, Heydər Əliyev siyasətindən incik salır. Bunun qarşısını alan yoxdur. Mənim yadımdadır - Əmiraslanlı, Şəkərbəy, Əlismayılda, Parakəndən şikayətlər gəlirdi ki, elektrik xətləri çox aşağıdır. Atın belində elektrik xəttinin altından keçmək olmur. Hətta Əmiraslanlı kəndində bir nəfər cavan oğlan atla gedərkən onu "tok" vurmuşdu, amma özünə heç nə olmamışdı. Çünki tullanıb qaçmışdı, lakin at ölmüşdü. Elə şeylər var, onu sübut etmək çətinlik törədir. Məsələn, Mədəniyyət Evinin arxasında bir bələdiyyə üzvünün yeməkxanası vardı, ticarət köşkü fəaliyyət göstərirdi. Ərzaq-zad satırdı. Ramiz Yediyarov dedi ki, onu dağıtmaq lazımdır. Habelə 70-dən çox gündəlik çörəkpulu qazanan fəhlənin işlədiyi obyekti dağıtdı. Öz-özümə söz vermişəm ki, nə qədər ki, Gədəbəyin Ramiz Yediyarov kimi icra başçısı var, mən rayona getməyəcəm. Qəzetdə oxudum, sonra da zəng edib dəqiqləşdirdim ki, Zərifə Əliyeva adına Xəstəxananın giriş hissəsini bağlayıb, "Nur" restoranı, market ediblər. Camaat bir tərəfdən gələndə xəstəxanaya girə bilir. Aşağı Qumlu kəndi tərəfdən yolu açıblar, gərək camaat gedib kəndin içindən dolanıb gəlsin. Bunu qəzetdə yazmışdılar, oradan oxumuşam". Bir neçə il bundan əvvəl iş adamı İsgəndər Sadıqovun vəsaiti hesabına təxminən, 9-10 kəndi birləşdirən, Kiçik Qaramurad kəndindən keçən çayın üzərindən körpünün tikildiyini deyən Ramazan Muradovun sözlərinə görə, onun dəmirdən hazırlandığını dilə gətirdi: "Həmin vaxt körpünün açılışında icra başçısı da, İsgəndər Sadıqov da iştirak etdi. Hələ mən YAP-ın maşını ilə körpünün üstündən keçdim. Telekanal bunu çəkdi. Bu, hardasa 2010, ya da 2011-ci ildə olub. Amma təxminən, 6-7 ay bundan əvvəl kənddən mənə zəng etdilər ki, həmin körpünü qırmızı rənglə rəngləyib onun açılışını ediblər. Bu, nə dərəcədə düzdür, onu dəqiq deyə bilmərəm. Biz onu göy rənglə, onlar isə qırmızı rəngdə rəngləyiblər. Hələ qəzetdə də veriblər". Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərindən olan Mir Cəlal Paşayevin müəllim kimi ilk dəfə Rüstəm Əliyev, 1 saylı məktəbdə dərs dediyini vurğulayan Ramazan Muradov bu kəndə, orada nə üçün kifayət qədər diqqət ayrılmamasının səbəblərini bilmir: "2011-ci ildə sabiq icra başçısı Kamran Rzazadənin təşəbbüsü ilə deputat Sevinc Hüseynova Rza Vəziri ilə danışdı. Rza Vəziri bizə yolun "qruntovoy" düzəlməyinə söz verdi. Rza Vəziri əslən iranlı olsa da, Amerika vətəndaşıdır. Gədəbəydə qızıla rəhbərlik edir, şirkət onun şirkətidir. Söz verdi ki, hər həftə sizə bir neçə maşın iri daş verəcəyəm. Mən də ora rəhbər, nəzarətçi təyin olundum. Həmin daşları yan-yana tökdürdüm ki, yeni yol alınsın. Hətta bir dəfə Rza Vəzirinin nümayəndəsi dedi ki, Ramazan müəllim daşları elə tökdürürsən ki, əsaslı yol alınacaq. Cavab verdim ki, lazım olan avadanlıqları, maşınları da gətirərik. Siz nə qədər daş verəcəksinizsə verin. Daşları verdilər. Qaraqayanın birinci döngəsinə qədər daş tökdürdük, yaydırdıq. Sonra isə düzəltdirdik. Camaat da bizdən razılıq elədi. Bu işə sahibkarlar da kömək etdilər. Bircə qaldı həmin yola 5-6 santimetrlik asfalt tökdürmək. Cənab prezidentimizə təşəkkür edirəm ki, vəsait ayırdı. İndi eşidirəm ki, Miskinli kəndinə yenə yol çəkilməyib. Qaraqayadan Çalburna dönüblər. Bunda məqsəd nədir - bilmirəm. Biz həmin vaxt orada Mir Cəlal Paşayevin ev muzeyini də yaratdıq. Məktəbdə əsərləri üçün ayrıca otaq ayırdıq. Habelə 1 saylı orta məktəbi təmir etdik". Ramiz Yediyarovun rəhbərlik etdiyi Gədəbəyin əsas problemlərindən biri də burada ictimai ayaqyolunun olmamasıdır. Ramazan Muradovun sözlərinə görə, vaxtilə şəhərdə ayaqyolu fəaliyyət göstərib. Lakin həmin ayaqyolu sıradan çıxsa da, yenisi inşa edilməyib.

Prezident İlham Əliyev Gədəbəy rayonu ilə bağlı sərəncam imzaladı. Sərəncama əsasən, iyirmi yeddi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,7 milyon manatı Gədəbəy Rayon İcra Hakimiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb. Qeyd edək ki, ölkə başçısı bölgələrin inkişafı, yolların müasir formada qurulması və əhalinin rahatlığının təmin edilməsi məqsədilə mühüm işlər görür. Gədəbəy Rayon İcra Hakimiyyətinə ayrılan 7 milyon manata yaxın vəsaitlə nəzərdə tutulan yolu ən yüksək səviyyədə tikib başa çatdırmaq olar. Lakin gədəbəylilər çox narahatdırlar. Ona görə narahatdırlar ki, rayonda vəzifə sahibi olan bəzi məmurlar dövlətin göstərdiyi qayğıya biganə münasibət sərgiləyirlər. Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun fəaliyyətindən razı qalmayan yerli sakinlər ayrılan məbləğin təyinatı üzrə sərf olunmayacağından əndişəlidirlər. Redaksiyamıza daxil olan xəbərlərə görə, indiyə qədər, yəni Ramiz Yediyarov rayona icra başçısı təyin olunandan büdcədən ayrılan vəsaitlərin yetərli hissəsi şəxsi maraqlara qurban verilib. Rayonu daha abad və gözəl üslubda görmək istəyən sakinlərin arzusu belə demək mümkünsə, gözündə qalıb. Verilən məlumatda bildirilir ki, icra hakimi və başqa-başqa vəzifələrdə çalışan məmurlar vətəndaşların qeydinə qalmayaraq ancaq öz mənafeləri üçün çalışırlar: "Qış fəslinə üzü qara gedən rayonun kommunal xidmət qurumları camaatı pis vəziyyətdə qoyub. Qışın soyuğunda qaz xətlərinin olduğu kəndlərdə insanlar odun daşıyırlar. Günlərlə mavi yanacaq verilmir. Havanın qarlı-şaxtalı keçdiyi günlərdə əsl zülm yaşanır. Elektrik enerjisinin və içməli suyun verilişində də uzun fasilələr əmələ gəlir. Bu qışı necə başa vuracağıq bir Allah bilir… Prezidentimizdən Allah razı olsun. Hər zaman bizi yadda saxlayır. Amma hansısa səbəblərə görə icra başçısı rayonun inkişafını sanki istəmir.
\\ GünBakı \\
Geri qayıt