Əsas Səhifə > Güney Press / Ana xəbər > Astara sakinləri Ramil Usubova müraciət etdilər

Astara sakinləri Ramil Usubova müraciət etdilər


24-12-2014, 08:59
Astara sakinləri Ramil Usubova müraciət etdilər
Arqument.az-ın redaksiyasına bir qrup Astara sakini tərəfindən şikayət məktubu daxil olub.

Qarşı tərəfdən təhlükəsizliyinə heç bir təminat olmadığı üçün adını gizli saxlayan şikayətçilər Astara rayon Polis İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Əliyar Həziyevin fəaliyyətindən narazılıq edirlər.

Arqument.Az olaraq müraciəti olduğu kimi təqdim edirik:

“Cənab nazir!

Biz ölkəsini sevən Azərbaycan vətəndaşları olaraq, daim dövlətçiliyin keşiyində dayanır, xalqımızın rifahı naminə ölkədə həyata keçirilən uğurlu islahatlara dəstək veririk. İndiyə qədər keçirilən bütün seçkilərdə Cənab İlham Əliyevə və onun rəhbəri olduğu Yeni Azərbaycan Partiyasına səs vermişik. Hesab edirik ki, ölkəmizin bu səviyyəyə gəlib çatmasında başlıca amil uğurlu idarəetmə sisteminin olmasıdır. Heç şübhəsiz daxili sabitliyin qorunmasında hüquq-mühafizə orqanlarının, o cümlədən daxili işlər orqanlarının misilsiz xidmətləri var. Cənab nazir Ramil Usubovun rəhbərliyilə ölkə daxilində, o cümlədən Astara rayonunda sabitlik ən yüksək səviyyədə qorunur. Təəssüf ki, bu gün öz qüsurlu fəaliyyəti ilə ümumilikdə polis adına yaraşmayan hallara yol verən asayiş keşikçiləri də var. Bizim narazılığımız Astara rayon Polis İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Əliyar Həziyevlə bağlıdır. Rayona gələndən işi-gücü insanları əsassız yerə incitmək, onları ciddi səbəb olmadan çək-çevirə salmaq olan Ə.Həziyev artıq bizlərin “qorxulu röyası”na çevrilib. İndiyə qədər neçə-neçə rayon sakinini əsassız ittihamlarla şərləyir, onları həbs təhlükəsi ilə təhdid edir. Cənab nazir, sizdən imdad diləyirik. Bizi Əliyar Həziyevin zülmündən qoruyun”.

Xatırladaq ki, Əliyar Həziyevin fəaliyyəti ilə bağlı mətbuatda indiyə qədər yazılar dərc olunub. Cenubnews.az saytının yazdığına görə, o, bir müddət öncə Lənkəran sakini olan qadını təhqir edib və buna görə, iş rayon prokurorluğa göndərilib.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Geri qayıt