Əsas Səhifə > Güney Press / Ana xəbər > Nəsiminin icra başçısı Balakəndə necə pul qazanır...
Nəsiminin icra başçısı Balakəndə necə pul qazanır...19-12-2014, 15:56 |
![]() Balakən rayonunun mərkəzi bazarında fəaliyyət göstərən vətəndaşlar müxtəlif problemlə üzləşmək məcburiyyətində qalıblar. Bu barədə rayondakı etibarlı mənbələrdən məlumat almışıq. Bəzi səbəblərə görə adının açıqlanmasını istəməyən şəxsin dediyinə əsasən bazarın Minə adlı qadın müdiri burda işləyən insanlara göz verib işıq vermir: "Bazarın əsl sahibi Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyevdir deyirlər. Əslən Baləkəndən olan məmur rayon ərazisində bir neçə obyektin sahibidir. Onun rayondakı biznesinin özəyini, daha doğrusu ən çox gəlir gətirəni isə camaat arasında "kolxoz bazarı" kimi tanınan mərkəzi bazar təşkil edir. Ümumiyyətlə, Nəsib Məhəməliyev Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı olmasına baxmayaraq, Balakəndə iri biznes layihələri həyata keçirir. Mərkəzi bazarda yüzdən çox insan işləyir və burdan qazandığı pullarla ailələrini saxlayırlar. Bazarda həm "şmotka", həm də meyvə-tərəvəz məhsulları satılır. Minə xanım hər ay müxtəlif bəhanələrlə yer pullarını artırır. Satıcıların buna etiraz etmək şansı yoxdur. Çünki ən cüzi narazılıq qeydə alınan kimi bazar müdiri dükanı həmin şəxsin əlindən alıb başqasını onun yerinə qoyur. Yəni vəziyyət bu dərəcədə acınacaqlıdır. Minə xanım Nəsib Məhəməliyevin qaynanasıdır. Nəsimi rayonunun icra başçısının Balakəndəki bütün yaxın qohumları və tanışları rahat şəraitdə yaşayırlar. İcra başçısı onlara hər cür şərait yaradıb. Minə xanım kürəkəninə arxayın olaraq bazarda işləyən insanlara qarşı haqsız münasibət sərgiləyir. Onun səbəb olduğu özbaşınalıqlar bazarda işləyənləri hövsələdən çıxarıb". Mənbənin bildirdiyinə görə, dükan sahiblərindən yer pulundan əlavə hər ay 500 manat pul yığılır: "Bazar rəhbərliyi bu məbləğin bazarın təmirinə sərf edildiyini desə də, bazar bərbad vəziyyətdədir. Mərkəzi bazarda antisanitariya baş alıb gedir. Zibil qutuları vaxtında yığışdırılmır. Halbuki, dükan sahiblərindən gündəlik 2 manat zibil pulu yığılır. Minə xanım əksər hallarda Nəsib Məhəməliyevin adından istifadə edir. Bazar müdirinin bütün işlərini Əsli adlı mühasibi aparır. Əsli xanım bazarın ikinci müdiri kimi tanınır. Bütün maliyyə məsələlərinə o nəzarət edir. Bu xanımın sahibkarlara qarşı göstərdiyi münasibət normal deyil. Onun satıcılarla hansı səs tonunda və necə danışdığını görsəniz, dəhşətə gələrsiniz. Dükan sahibləri müəyyən məqamları nəzərə alıb mühasibin törətdiyi özbaşına işlərə etiraz edə bilmirlər. Bazarda 4 dükan Əsli adlı qadının əli ilə qanunsuz olaraq satılıb. Yer pullarının heç bir səbəb olmadan artırılması isə burda işləyən insanların narazılığına səbəb olub. Bazar rəhbərliyi bildirir ki, kimə xoş deyil dükanı təhvil verib getsin. Bəzi şəxslər məruz qaldıqları zülmə bir neçə dəfə etiraz etməyə cəhd göstəriblər. Amma Minə xanım həmin şəxsləri polisin gücünə sakitləşdirməyi bacarıb. Digər tərəfdən, bazarın müdiri dükan sahiblərinə açıq şəkildə deyir ki, kim burdakı şəraitlə bağlı harasa şikayət etsə, yaxud bu fikrə düşsə onu dərhal həbs etdirəcəm. Həbsdən qorxan icarədarlar məcburiyyət qarşısında bütün qanunsuzluqlara dözürlər. Lakin son günlər Baləkənin mərkəzi bazarında durum olduqca ağırlaşıb. Sahibkarların bir neçəsi müflis olmaq həddinə çatıb. Minə xanım isə hər yerdə deyir ki, kürəkənimin sayəsində heç kim mənə problem yarada bilməz. Sizdən xahiş edirəm bu məsələni işıqlandırın. Bəlkə mətbuatın işə qarışmasından sonra yuxarı qurumların rəsmiləri və Balakən Rayon İcra Hakimiyyətinin rəhbərliyi, icra başçısı İslam Rzayev bizə kömək göstərər". Qarşı tərəfin münasibətini öyrənmək istəsək də, cəhdlərimiz heç bir nəticə vermədi. Lakin buna baxmayaraq, yazıda adı hallanan şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq. \\ GünBakı \\ Geri qayıt |