Əsas Səhifə > Güney Press / Ana xəbər > "Qarasu" əməliyyat şirkətində növbəti xoşagəlməz hal
"Qarasu" əməliyyat şirkətində növbəti xoşagəlməz hal19-12-2014, 11:15 |
![]() Şirvan şəhərində fəaliyyət göstərən "Qarasu" əməliyyat şirkətində mövcud olan problemlər və qanun pozuntuları ilə bağlı bu vaxta kimi mətbuatda silsilə yazılar dərc olunub. Buna rəğmən, şirkətdə cərəyan edən qaranlıq əməllər bitib-tükənmək bilmir. Qeyd edək ki, şirkətin sahibi "Rosneft"in keçmiş prezidenti Mixail Qutseriyevdir. Şirkət 2009-cu ilə kimi bir Kanada şirkəti tərəfindən idarə olunub və neft hasilatı gündəlik 1200 tona çatıb. Amma bu gün şirkətin ümumi hasilatı 330 tondur. Hasilat birdən-birə hardasa 1000 tona yaxın aşağı düşüb. Kanadalılar şirkətə 200 milyon dollar yatırım qoyublar. Bu gün isə bura heç bir investisiya qoyulmur, özbaşınalıq baş alıb gedir. Xarici iş adamlarının nəzarətində olan "Qarasu" əməliyyat şirkəti Azərbaycan qanunlarını demək olar ki, tanımır. Xatırladaq ki, bir müddət əvvəl mətbuata danışan Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı şirkəti ağ yuyub qara sərmişdi: "İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ var. Belə ki, Azərbaycan Konstitusiyasının 35.4-cü maddəsinə görə, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əməkhaqqı miqdarından az olmayan haqq almaq hüququ var. Həmçinin Əmək Məcəlləsinin 207-ci maddəsində göstərilir ki, işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ var. Həmin qanunun 215-ci maddəsində isə müəssisənin işçilərin iş yerlərində əməyin mühafizəsi norma və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdeh olduğu göstərilir. Lakin bu ilin 9 ayında "Qarasu" əməliyyat şirkətinin 18 əməkdaşı bədbəxt hadisənin qurbanı olub". Ümumiyyətlə, sözügedən şirkətin fəaliyyətindəki nöqsanlarla bağlı səsləndirilən tənqidlərin sayı-hesabı yoxdur. Bu barədə əvvəlki saylarımızda ətraflı məlumat vermişik. Əfsus ki, xarici iş adamlarının nəzarətində olan "Qarasu" əməliyyat şirkətində yerli işçilərə qarşı edilən haqsızlıq, o cümlədən ölkə qanunlarına olunan sayğısızlıqla bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər görülmür. Yəqin elə buna görədir ki, şirkətdə vəzifə tutan bəzi şəxslər qanunları ayaq altına ataraq özbaşına işlər törədirlər. Mötəbər qaynaqlardan əldə etdiyimiz məlumatlara istinadən deyə bilərik ki, şirkətdə "super vayzer" işləyən Rasim Bağırov bir sıra xoşagəlməz əməllərlə məşğuldur. Məlumatda bildirilir ki, o "Qarasu" əməliyyat şirkətində yüksək vəzifə tutan Rafiq adlı şəxslə yeznə-qayındır: "Rasim Bağırov qaynı Rafiq müəllimə arxayın olub şirkətdə müxtəlif qanundankənar işlərə imza atır. Rasim Bağırov "super vayzer" vəzifəsində çalışsa da, özünü şirkətin direktoru, əsas söz sahiblərindən biri kimi aparır. Onun yerli işçilərə qarşı göstərdiyi münasibət normal deyil. Məsələn, xarici ölkə vətəndaşları "Qarasu"da ürəkləri istəyən hərəkətləri edirlər, amma Rasim Bağırov azərbaycanlı işçiləri sıxma-boğmaya salır. Bu isə həmin şəxslərin iş şəraitinə mənfi formada təsir edir. Haqsız yerə danlanan və incidilən şəxslərin işə olan marağı azalır. Rasim Bağırovun özbaşına əməlləri şirkətdə çalışan bəzi işçiləri xirtdəyə yığıb. Amma onlar işlərini itirməməkdən ötrü Rafiq müəllimin qohumu ilə kəllə-kəlləyə gəlmək istəmirlər". Deyilənə görə, Rasim Bağırov "Qarasu" əməliyyat şirkətində "super vayzer" işləməsinə baxmayaraq, son zamanlar özünü klip çəkilişlərində sınamaq qərarına gəlib. Verilən məlumatda qeyd olunur ki, Hicran adlı xanımın evində baş tutan klip çəkilişində 4 nəfər iştirak edib. Ki, bunlar prodüser, tərəf müqabili, operator və texniki işçi olub. Lakin nədənsə Rasim müəllim klipin təqdimat mərasimini gecikdirir. Həmçinin o da vurğulanır ki, klip çəkilişində istifadə olunan geyimlər və klipdəki əl hərəkətləri Azərbaycan adət-ənənəsindən daha çox fransız adət-ənənələrinə uyğun gəlir. Şirkətin əməkdaşı ilə bağlı əldə etdiyimiz digər maraqlı faktlar barədə isə gələn saylarımızda geniş məlumat verəcəyik. Növbəti saylarımızda həmçinin Arif Alışovla bağlı bəzi məqamlara da aydınlıq gətirəcəyik. Bizi izləyin. \\ gundelik-baku.com \\ Geri qayıt |