Əsas Səhifə > Güney Press / Ana xəbər > Şəfayət Mehdiyev küçəsinin sakinləri Zakir Həsənova müraciət etdi

Şəfayət Mehdiyev küçəsinin sakinləri Zakir Həsənova müraciət etdi


10-12-2014, 14:02
Şəfayət Mehdiyev küçəsinin sakinləri Zakir Həsənova müraciət etdi
Zakir Həsənov müdafiə naziri postuna təyin ediləndən sonra bu strukturda çox şey dəyişdi. Keçmiş rəhbərliyin komandasında təmsil olunan şəxslərin demək olar ki, əksəriyyəti tutduğu vəzifələrdən uzaqlaşdırıldılar. Məhz general-polkovnik Zakir Həsənovun nazir vəzifəsinə təyin edilməsi Silahllı Qüvvələrin şəxsi heyətində böyük ruhyüksəkliyi yaratdı.

Nazir tez-tez döyüş bölgəsinə getməklə və hərbi hissələri gəzməklə həm əsgərlərə, həm də zabit-gizir heyətinə olan qayğısını göstərir. Cənab general bu addımları ilə kabinet naziri olmadığını göstərir. Zakir Həsənovun rəhbərliyi altında görülən işlər həqiqətən də təqdirəlayiqdir. Amma bəzi məsələlər olmasa. Başqa sözlə desək, Müdafiə Nazirliyinin (MN) Yasamal rayonu ərazisində yerləşən "Salyanski kazarma" kimi tanınan Təlim-Tədris Mərkəzində (TTM) çalışan şəxslərin özbaşına əməlləri ətrafda yaşayan insanların narazılığına səbəb olub. Belə ki, Şəfayət Mehdiyev küçəsi 77 və 79-cu binaların bir qrup sakini "Gündəlik Bakı" qəzetinin vasitəsilə nazir Zakir Həsənova müraciət edərək ondan kömək istəyiblər. Sakinlər TTM-in işçilərinin onların rahatlığını əllərindən aldığını iddia edirlər: "Cənab nazir, bu şəraitdə yaşamaqdan bezmişik. Bizim yerimizə başqaları olsaydı, bəlkə də çoxdan evini satıb köçüb getmişdi. Təəssüf ki, bizim buna imkanımız çatmır. Yaşadığımız binaların həm arxa hissəsində, həm də qarşısında Təlim-Tədris Mərkəzində xidmət keçən hərbçilər maşınlarını saxlayaraq bəzi problemlərin yaranmasına gətirib çıxarırlar. Küçə boyunca maşınların saxlanması yolda həm tıxacın, həm də səs-kuyün yaranmasına səbəb olur. Bizim Vətən uğrunda xidmət göstərən hərbçilərə hörmətimiz sonsuzdur. Buna görə onlara öz təşəkkürümüzü bildiririk. Amma bu məsələyə bir əncam çəkmək lazımdır. Bizim də səbrimizin bir həddi var. Siqnal səsindən az qalır qulaqlarımız tutulsun. Hər gün səhər günə eyni ssenari ilə başlayırıq. Hərbçilərin həm öz, həm də maşınlarından gələn əcaib siqnal səsləri əsəblərimizi korlayıb. Mərkəzdə işləyən hərbçilər maşınlarını həyətimizdə, yada piyadaların istifadəsi üçün nəzərdə tutulan səkidə saxlayır ki, bu da bizi narahat edir. Binamızın həyətinə maşın əlindən girə bilmirik. Hamısı zabit-gizirlərin maşınlarıdır. 77 və 79-cu binalarda yaşayan vətəndaşlar maşınlarını saxlamağa yer tapmır. Hələ bu azmış kimi, bəzi hərbçilər maşınlarını vətəndaşlara məxsus "qaraj"ların qarşısında saxlayıb çıxıb gedirlər. Nəticədə, xoşagəlməz mənzərə yaranır". Şikayətçilər deyir ki, sabah hər hansı yanğın hadisəsi baş versə, yanğınsöndürən maşınlar həyətlərinə girə bilməyəcək: "Çünki hərbçilərin maşınları bütün yolu bağlayıb. Artıq neçə ildir ki, bu problemin əlində aciz qalmışıq. Dəfələrlə Müdafiə Nazirliyinin səlahiyyətli şəxslərinə müraciət etməyimizə baxmayaraq, şikayətimizi araşdıran yoxdur. Hansı qanunda yazılıb ki, sürücülər piyada səkilərinin üzərində maşın saxlaya bilər? Yaxud kimin başqasının rahatlığını pozmağa haqqı var? Bu haqda iradımızı dəfələrlə avtomobillərin sahiblərinə çatdırmışıq, lakin onlar bizə məhəl qoymur. Deyirlər ki, başqa yer göstərin maşını orda saxlayaq. Təlim-Tədris Mərkəzinin rəhbərilyi bu məsələyə xüsusi diqqət göstərmək əvəzinə, hərbçilərin tərəfini saxlayır. Ya mərkəzdə işləyən insanların işə maşınla gəlməsi qadağan edilməlidir, ki, ya da onlar üçün hardasa maşınlarını saxlamaları üçün yer ayrılmalıdır. Yay aylarında vəziyyət daha da pisləşir. Uşaqlar həyətdə oynaya, böyüklər istirahət edə bilmir. Zabit və gizirlər, habelə müddətdən artıq hərbi xidmət keçən şəxslər danışıqlarına fikir vermirlər. Ətrafda yaşayan insanları nəzərə almayaraq bir-birlərinə qarşı təhqiramiz ifadələr işlədirlər. Sizin vasitənizlə Zakir Həsənov cənablarından xahiş edirik ki, vətəndaşları narahat edən problemlə maraqlansın və hərbçilərin maşınlarını başqa ərazidə saxlamaları üçün Təlim-Tədris Mərkəzinin rəhbərliyinə müvafiq göstərişlərini versin". Ümid edirik ki, Zakir Həsənov Şəfayət Mehdiyev küçəsi 77 və 79-cu binanın sakinlərinin müraciətini nəzərə alıb yaxın günlərdə lazımi tədbirlər həyata keçirəcək.

Geri qayıt