Əsas Səhifə > Güney Press / Ana xəbər > "Şapka" papaqla əvəz olunsun...

"Şapka" papaqla əvəz olunsun...


1-12-2014, 18:07
"Şapka" papaqla əvəz olunsun...
Hər halda bir təklifdir dedim

Məndən inciməyin, papaq sözünün mənası o qədər dəyişib ki, nəyin simvoluna çevrildiyini də müəyyən etmək olmur. Təbii ki, "qeyrət"in kəllə-çarxa çıxdığını düşünənlər ağzını büzəcəklər ki, papaq elə papaq mənasında işlənir. Yəni qeyrət mənasında. (Halbuki heç özü papaq qoymur Dərinə getsən, bəlkə də heç ömrü boyu papağı da olmayıb. Nə isə...)

Amma mən sizə ən azı beş cümlə işlədərəm ki, papaq sözünün mənası qeyrət kəlməsilə sinonim təşkil etməsin. Məsələn, birini deyım. Bankdan filan qədər pul götürmək üçün filan qədər papaq (şapka) vermək lazımdır. (Düzdür, bizimkilər papağı ruslaşdırıb şapka deyirlər. Amma fərqi yoxdur. Şapka elə papaq deməkdir.) Və yaxud kimsə deyir ki, (mən demirəm) Sahibkarlığın İnkişafına Yardım Fondundan qoyun saxlayıb artırmaq üçün kredit almaq istəyirəm. Lakin papağı (şapkanı) çox istəyirlər. Və yaxud yenə kimsə deyir ki, filan nazirlik (Təhsil, Səhiyyə və sair əksər nazirlik və komitələr. Hamısı bu sahədə uzmandırlar) tender elan edib, amma papağını çox yüksək edib, qorxuram girəm. yanaram. (Gördüyünüz kimi, bizim papaq nədirsə adam yandırmağı da bacarır.) Yəni bizim məmləkətdə papaq sözünü müxtəlif mənalarda işlətmək mümkündür. Özü də bu yalnız bizdə belədir. Başqa millətlər papaq sözünü elə papaq mənasında işlədirlər.

Bəs bizim papaqlar niyə alınıb-satıla bilir, başqa məna daşıya bilir, hətta başqasına belə verilə bilir. Bəs deyirdiniz ki, papaq qeyrət simvoludur. Bəyəm qeyrəti alıb-satmaq olar. Deməli, olar. Onda yekə-yekə danışmağın mənası nədir.

Papağın Milli valyutamızla ekvivalenti

Papağımız o vaxt alınıb- satılmağa başladı ki, ona şapka dedik.Yəni öz papağımızı rusun şapkasına dəyişdik. Rusun şapkasını isə nə mənada istəsən işlədə bilərsən. Çünki onlarda qeyrət sözü şapkaları ilə ölçülmür. Pulla ölçülür. Ona ğörə bizdə də papaq artıq milli valyutamızın tərkib hissəsinə çevrılıb. Bank əməliyyatlarında, nazirliklərin keçirdikləri tenderlərdə, hətta verilən qəpik-quruş qrantlarda belə papaq adlı Azərbaycan valyutasından istifadə olunur. İstifadə etmək istəməyənlərə isə məsləhət görürlər ki, get papağını qoy qabağına fikirləş. Gör, sənə o papağı başına qoymaq sərf edir, yoxsa əskinaz kimi istifadə etmək. Mənim bildiyimə və gördüyümə görə çoxluq başdansa cibin qeyrətinə inanır. Bəlkə də düz edir. Artıq ölkədə "kimin pulu var, elə kişi də odur" sözləri atalar kəlamına çevrilib. (Sonra da deyirik ki, atalarımız görəsən, bəzi mənasız kəlamları hardan deyiblər.) Dünən doğulan uşaq da görüb-eşitdiyini yığır qabına. Böyüyəndə də dədəsinin (o da dədəsi özü papağını pula çevirməyibsə) papagını pula çevirib istəyənə verəcək ki, əsl kişi olsun.

P.S. Sonda gündəmə gələ biləcək və inanıram ki, atalar sözünə çevriləcək yenı kəlamlar səsləndirmək istəyirəm.

Qoyun dərisindən papaq tikib başa qoymaq, qoyunçuluğun inkişafı deməkdir.

Qoyunçuluğun inkişafı, pullu kişiliyin sürətlə vüsət alması deməkdir.

Pul verib papaq alma, papaq verib pul al.

Kimin verməyə papağı yoxdursa, deməli, yeməyə çörəyi də yoxdur.

Şöhrət Əli \ Gündəlik Bakı \

Geri qayıt