Əsas Səhifə > Güney Press / Ana xəbər > İtaliyanın yeni “komissar Katanisi” Azərbaycanın qaz layihəsini araşdırır
İtaliyanın yeni “komissar Katanisi” Azərbaycanın qaz layihəsini araşdırır24-11-2014, 14:11 |
![]() İtaliyada Azərbaycan qazının Avropaya nəqli üçün çəkiləcək Transadriatik Qaz Kəmərinə (TAP) qarşı yeni əngəllər meydana çıxıb. Virtualaz.org saytı İtaliya KİV-lərinə istinadən xəbər verir ki, kəmərin Adriatik dənizinin sahillərində quruya çıxaraq Melandunyo bölgəsinə qədər çəkilməli olan 8 kilometrlik hissəsi üçün torpaq sahələrinin satın alınmasında korrupsiya və fırıldaq şübhələri yaranıb. Nəticədə prokurorlar və maliyyə polisi TAP kəməri üçün torpaq sahələrinin alınmasına dair araşdırma başladıblar. Xatırladaq ki, bundan əvvəl İtaliyanın Adriatik dənizi sahilindəki Salento bölgəsinin sakinləri TAP kəmərinin çoxillik zeytun bağlarına və ətraf mühitə zərər vuracağını əsas gətirərək onun tikintisinə etiraz edirdilər. Bu kampaniyaya İtaliya parlamentində yerlərin 23 faizinə nəzarət edən “5 ulduz hərəkatı” başçılıq edirdi. TAP konsorsiumu kəmərin ətraf mühitə, tarixi abidələrə və zeytun bağlarına zərər vuracağını təkzib edir. İtaliya hökuməti kəmərin marşrutunu təsdiqləsə də tikinti işləri hələ başlamayıb və yerli sakinlər TAP-a qarşı etirazlarını davam etdirəcəklərini deyirlər. İndi isə kəmər üçün torpaq sahələrinin alınmasında korrupsiya iddiaları ortaya atılıb. İtaliya mətbuatının yazdığına görə, TAP üçün torpaq sahələrinin alınmasında korrupsiya və fırıldağa yol verildiyinə dair dosye Melandunyo əyalət prokurorunun müavini Antonio Neqronun masası üzərindədir. O, araşdırmanı maliyyə və ədliyyə polisi ilə birlikdə aparır. Təhqiqat qrupuna polkovnik Françesko Mazotta başçılıq edir. Araşdırmanın başladığı barədə Melandunyo və Vernole bələdiyyələrinin texniki şöbələrinə rəsmi məktublar göndərilib. Bələdiyyələr xəbərdar edilib ki, TAP kəmərinin sahilyanı San-Foka bölgəsindən Acquarica Leççedəki kompressor stansiyasına qədər çəkiləcək 8 kilometrlik hissəsi üçün torpaq sahələrinin satın alınmasında fırıldaq şübhələri var. Bələdiyyələrdən istintaq üçün gərəkli sənədlərin və materialların təqdim olunması tələb edilir. Bildirilir ki, bundan əvvəl kəmərin San-Foka sahillərində suyun dibini çirkləndirə biləcəyinə və ətraf mühitə zərbə vuracağına dair ekoloqların şikayətlərini polis və xüsusi dalğıclar komandası araşdırıb. Araşdırma zamanı bu narahatlıqların əsaslı olmadığı, TAP-ın ancaq balıqçı torlarına zərər yetirə biləcəyi müəyyən edilib və balıqçılara kompensasiya verilib. Prokuror Antonio Neqro həmin araşdırmanın da nəticələrini xahiş edib və arxivləşdirib. Xatırladaq ki, İtaliyada TAP kəməri ətrafında yaşanan problemlərə görə “Şahdəniz” konsorsiumu Azərbaycan qazının Avropaya çatdırılması planlarında dəyişiklik edib. Bu günlərdə açıqlanıb ki, Azərbaycan qazı Avropaya planlaşdırıldığı kimi 2019-cu ildə yox, 2020-ci ildə çatdırılacaq. “Şahdəniz-II” qazının TANAP kəməri ilə Türkiyəyə çatdırılması isə əvvəl planlaşdırıldığ kimi 2018-ci ildə baş tutmalıdır. Virtualaz.org saytı araşdırıb ki, TAP-a dair təhqiqata başçılıq edən polkovnik Mazotta Leççe əyalətinin maliyyə polisinin məhkəmə polisi qvardiyasının rəisidir. 46 yaşlı Mazottanın parlaq karyerası var. 2004-cü ildən Leççedə mafiya ilə mübarizə üzrə İstintaq İdarəsinə başçılıq edib. İtalyan mafiyasına - “Koza nostra”ya qarşı bir sıra uğurlu təhqiqatlar həyata keçirib. Polkovnik Mazotta bu təhqiqat çərçivəsində mafiyanın bir çox tanınmış üzvlərini, o cümlədən yerli bələdiyyə şurasının deputatlarını həbs edib, onların əmlakına həbs qoyub. Onun mafiyaya qarşı son uğurlu əməliyyatı ötən il həyata keçirilib, bu əməliyyat zamanı “Tornese” klanından olan mafioz, fermasında Sibir pələngləri saxlayan Luiso Vetrugno həbs edilib. Geri qayıt |