Əsas Səhifə > Güney Press / Ana xəbər > “Müəllimlərin çoxu Rusiyadadır, adları isə məktəbdə gedir”

“Müəllimlərin çoxu Rusiyadadır, adları isə məktəbdə gedir”


19-11-2014, 15:13
“Müəllimlərin çoxu Rusiyadadır, adları isə məktəbdə gedir”
“Zərdab rayonunda təhsilin adı olsa da, özü yoxdur. Rayondakı məktəblərin əksəriyyətində, xüsusən kənd məktəblərində biabırçı vəziyyət hökm sürür. Deyəsən, bu gedişlə Bakıya köçməli olacağıq, övladlarımızın gələcəyinin məhv olması ilə barışa bilmərik”.

Bu sözlər bəlli səbəblərdən adını çəkmək istəməyən Zərdab rayon sakinlərindən biri tərəfindən Editor.az-a daxil olan şikayət məktubunda əksini tapıb.

Şikayətçi bildirir ki, uzun müddət Rusiyada yaşasa da, ötən il birdəfəlik yığışıb, Azərbaycana qayıdıb: “Rusiyada kiçik biznesim var. Fikirləşdim ki, obyekt işləyər, ordan da pulu göndərərlər, özüm də arabir Rusiyaya gedərəm. Bu məqsədlə ötən ilin noyabrında ailəmi də yığıb, Zərdaba qayıtdım. Bilirdim ki, burada iş tapa bilməyəcəm, ona görə, hazırlıqlı gəlmişdim. Amma onu bilmirdim ki, burada övladlarımın gələcəyi məhv olacaq. Məktəbdə dərs keçmirlər. Müəllimlərin yarıdan çoxu Rusiyadadır, adları isə məktəbdə gedir. Onlar aylıq məvaciblərini özləri alır, yoxsa direktorla bölüşür, bunu deyə bilmərəm, fakt odur ki, məktəbə gəlmirlər. Az sayda müəllim məktəbə gəlir ki, onlar dərs keçmək əvəzinə, nərd, domino oynayıb, vaxtını keçirirlər. Uşaqların da yarıdan çoxu dərsə gəlmir. Belə başa düşürəm, rayonda qalmaq mümkün olmayacaq. Ya Bakıya köçməli, ya da yenidən Rusiyaya qayıtmalıyam. Deyirlər, təzə nazir normal işləyir, ondan xahiş edirik, Zərdabda təhsil özbaşınalığına son qoysun”.

Editor.az şikayətdə əksini tapan məqamlarla bağlı Zərdab rayon Təhsil şöbəsi ilə əlaqə yaratmaq istəsə də, buna müyəsər olmayıb.

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik…

Geri qayıt