Əsas Səhifə > Güney Press / Ana xəbər > “Vertolyotun düşdüyü əraziyə gedə bilmədik...”
“Vertolyotun düşdüyü əraziyə gedə bilmədik...”19-11-2014, 12:16 |
![]() ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi,səfir Anjey Kasprşik noyabrın 18-də təmas xəttinin Ağdam istiqamətində keçirilən monitorinq zamanı Azərbaycan silahlı qüvvələri tərəfindən vurulmuş erməni vertolyotunun düşdüyü əraziyə baş çəkə bilmədiyini deyib. Virtualaz.org saytı xəbər verir ki, Kasprşik jurnalistlərə açıqlamasında ATƏT-in Vyandakı baş ofisindən ötən gün yayılan açıqlamanı təkzib edib. Həmin açıqlamada ATƏT-in mətbuat xidmətinin rəsmisi bildirirdi ki, Kasprşik və onun səhra köməkçiləri Ağdamda keçirilən monitorinq zamanı vertolyotun düşdüyü rayona baş çəkiblər. Lakin Azərbaycan Müdafiə Nazirliyi bu açıqlamanı təkzib edərək bəyan edib ki, monitorinq vertolyotun düşdüyü ərazidən təqribən 20 kilometr aralıda keçirilib və Kasprşikin vertolyotun düşdüyü əraziyə baş çəkməsi xəbəri yalandır. Erməni KİV-lərinin məlumatlarına görə, Kasprşik jurnalistlərlə söhbətində deyib ki, o, erməni tərəfinin xahişi ilə vertolyotun düşdüyü əraziyə getmək istəyib. Lakin onun Azərbaycan tərəfdən monitorinqdə iştirak edən səhra köməkçisi məlumat verib ki, bu, təhlükəsiz olmaya bilər. A.Kasprşik bunu nəzərə alaraq vertolyotun düşdüyü əraziyə getməkdən imtina edib və onun başçılığı ilə monitorinq əvvəlcədən nəzərdə tutulduğu kimi Əsgəran istiqamətində keçirilib. “İstənilən monitorinq əvvəlcədən planlaşdırılır, ərizə verilir ki, əvvəlcədən hazırlıq işləri aparılsın. Sonuncu monitorinqin keçirilməsi üçün ərizə də vertolyot insidentindən əvvəl verilmişdi. Təbii ki, bu hadisədən sonra mən vertolyotun düşdüyü ərazidə monitorinq keçirmək arzumu çatdırdım. Lakin mənim Azərbaycandakı həmkarım cavab verdi ki, həmin ərazidə situasiya gərgindir, təhlükəsizlik təminatı vermək mümkün deyil. Bu isə bizim işimiz üçün zəruridir” - deyə Kasprşik bildirib. Onun sözlərinə görə, qərara alınıb ki, monitorinqi razılaşdırılmış plana uyğun keçirsinlər. Diplomat vertolyot barədə danışıqların davam etdirildiyini deyib. “Mən narahatlıqları başa düşürəm. Əlimdən gələni edirəm ki, mümkün qədər tez vertolyotun düşdüyü əraziə baş çəkim” - Kasprşik bildirib. O, məsələni bu həftə Bakıda müzakirə edəcəyini deyib. Xatırladaq ki, Anjey Kasprşikin veertolyotun düşdüyü əraziyə baş çəkdiyi haqda açıqlamanı ATƏT-in Vyana ofisinin mətbuat xidmətinin əməkdaşı Mersixa Kauzoviç-Podziç “RİA Novosti” agentliyinə bildirmişdi. Kauzoviç-Podziç demişdi ki, Kasprşiki və onu müşayiət edən ATƏT heyətinin şəxsi təhlükəsizlikləri təmin olunub. “Təhlükəsizliklə bağlı problem yaranmayıb və təhlükəsizliyə dair qarantiya adi prosedurla təqdim olunub” - ATƏT nümayəndəsi bildirib. İndi isə Kasprşik özü təmsil etdiyi təşkilatın rəsmisinin yalan danışdığını etiraf etməli olur. Əgər ATƏT-də Kasprşikin Ağdamda noyabrın 18-də nə işlə məşğul olduğunu dəqiqləşdirə bilmirlərsə, o zaman bu təşkilatın Qarabağ münaqişəsinin həllini tapacaq qədər ciddi olduğuna kim inanar? Geri qayıt |