Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycandakı xarici neft şirkətlərinin əcnəbi-yerli işçi ayrı-seçkiliyi

Azərbaycandakı xarici neft şirkətlərinin əcnəbi-yerli işçi ayrı-seçkiliyi


17-11-2014, 13:47
Azərbaycandakı xarici neft şirkətlərinin əcnəbi-yerli işçi ayrı-seçkiliyi
Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətləri Əmək Məcəlləsinin tələblərini yerinə yetirmir. Yerli kadrlar işsiz olduğu halda vakant yerlərə xaricdən işçi gətirilir.

Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.

M.Qəhrəmanlı deyir ki, xarici şirkətlərdə vakansiyalara təyinatla bağlı rəhbərlik etdiyi təşkilata şikayətlər daxil olub: “Xarici şirkətlər yenə də yerlı işçiləri deyil, əcnəbi mütəxəssisləri işə götürürlər. Ən çox şikayət isə “Bahar enerji” əməliyyat şirkətindən daxil olub. Şirkət 2015-ci ilin yanvar ayından kütləvi ixtisarlara başlayacaq. Ancaq ixtisarlar yalnız yerli əməkdaşlara şamil ediləcək. Yüksək əməkhaqqı alan əcnəbi işçilər isə ixtisara salınmayacaq”.

M.Qəhrəmanlının sözlərinə görə, “Bahar enerji”də aparılan qazma işləri müsbət nəticə vermədiyi üçün şirkət qazma şöbəsini ləğv edib. Şöbə ləğv edildiyinə görə azərbaycanlı işçilər işdən çıxarılıb. Amma şirkət hələ də qazma üzrə əcnəbi mütəxəssisləri işə qəbul edir.

Hüquq müdafiəçisi təşkilata xaricdən dəvət olunan mütəxəsislər arasında vergidən yayınma ilə bağlı məlumatlar daxil olduğunu da bildirib: “Əcnəbi mütəxəssislərlə 3 ay (90 gün) müddətinə əmək müqaviləsi bağlanılır. Əcnəbi mütəxəssislər 90 gündən sonra ölkədən çıxıb yenidən geri dönürlər, təkrar müqavilə bağlanılır. Biz xarici neft şirkətlərində yoxlamalar aparılmasını istəyirik. Əcnəbi mütəxəssislərin yerli mütəxəssislərlə əvəzlənməsi üçün xarici şirkətlərin qarşısında şərt qoyulmalıdır”.

Geri qayıt