Əsas Səhifə > Güney Press / Ana xəbər > Rublun qiyməti Rusiyadan pul gözləyən azərbaycanlılara necə təsir edir?

Rublun qiyməti Rusiyadan pul gözləyən azərbaycanlılara necə təsir edir?


8-11-2014, 15:53
Rublun qiyməti Rusiyadan pul gözləyən azərbaycanlılara necə təsir edir?
Rus rublunun dəyəri düşməkdə davam edir. Cümə günü səhər 1 dollar 48 rubl, 1 avro isə 59 rubl olub. Bəzi banklarda nəğd pul çatışmır. Rusiyada yaşayan və Azərbaycandakı ailəsinə pul göndərən minlərlə azərbaycanlı var. Rublun qiymətinin düşməsi onların büdcəsinə necə təsir edir? Bəs Rusiyada yaşayan ailə üzvünüzdən pul yardımı alan azərbaycanlılar üçün rublun qiymətinin düşməsi aldıqları məbləğə təsir edibmi?

ANS PRESS-in məlumatına görə, BBC Azərbaycancaya danışan və ya şərh yazan azərbaycanlıların çoxu buna görə əziyyət çəkdiklərini deyiblər.

Türkiyədə təhsil alan İntizar Musayevin atası Rusiyada pul qazandığından rus rublunun düşməsi onun ailəsinə çox pis təsir edir. Azərbaycanlı tələbə atasının onun təhsil haqqını ödəməkdə artıq çətinlik çəkdiyini deyir: "Mən Simali Kiprdə Lefkosa şəhərində yaşayıram. Yakın Doğu Universitetində Beynəlxalq Münasibətlər fakültəsində, ikinci kursda oxuyuram. Təhsilimə görə hələlik burada yaşayıram. Atam Rusiyanin Moskva şəhərində yaşayır və şəxsi produkt mağazası var, onu işlədir. Ayda mənə 300 dollar göndərir. Təhsil haqqım universitetin yataqxanasında qalmaq da daxil olmaqla illik 4900 avrodur. Rublun dəyəri düşdükdən sonra, nə qədər çox göndərməli olduğunu tam dəqiqliklə deyə bilmərəm, amma hər dəfə rublun düşdüyünü və məni bəlkə də oxuda bilməyəcəyini deyir." "İnşallah tezliklə düzələr." - deyən əlavə edən İntizar, vəziyyətin düzələcəyinə ümid edir.

Rusiya bazarlarının birində alver edən iş adamı Azər Həsənov da çox narahatdır: "Mənim işimə çox təsir edir. Çünki çox itirirəm. Bazarda belə davam etsə rublun düşməsi, mənim kimi minlərlə adamın bəlkə də milyonlarla insan müflis olacaq! Çünki Rusiyadan kənardan nə gətiririksə, dollarla gətirib burada rubla satırıq. Adi transport: Azərbaycandan tərəvəz meyvə vurdururam, gömrük və transport dollarla hesablayır.

12,000 dollar idi, indi də yenə 12,000 dollara hesab edirlər. Hesab edəndə adi bir maşında yarıya-yarı itirdik və burada da qiymət qaldıranda deyirlər ki, "Çornıye obnaqleli", yəni qaralar qudurublar! Bax belə. Çox pis. Şəxsən mənimçün rublun baha, dolların aşağı olması sərf edir. Mərkəzi bank 48,10 göstərir bu gün dolları ancaq ara obmen valyutalar 49,50 ilə qoyub məzənnəni..."

Şamil Xəlilov artıq Rusiyada işləməyin onlar üçün sərfəli olmadığını deyir: "Əlbəttə təsir edir, özdə çox ... Əvvəl 33 000 rublun 1000 dollar idisə indi 46 000-47 000 bir azdan 50 000 rublun 1000 dollar edəcək, o da heç nə. Ortada biz böyük pul itiririk."

Taleh Səmədov, artıq Rusiyada işləməyin hədər olduğunu, orada, havayı yerə oturduqlarını deyir. Biznes sahəsində çalışan digər azərbaycanlıların da vəziyyəti yaxşı deyil. Onlar əgər belə davam edərsə iflas olacaqlarını bildirirlər.

Rus rublunun "ölməsi" oğlu Rusiyada işləyən Şamxal Əzizliyə də sərf etmir: "Mənə pul gəlir, adın eşidirəm sevinirəm, misal üçün 10 min rubl, dəyişəndən sonra ağlamağa qalıram. Çox aşağıdı, necə olacaq bunun axırı?"

Qeyd edək ki, rəsmi statistikaya görə Rusiyada 600 000-dən çox azərbaycanlı yaşayır.

Geri qayıt