Əsas Səhifə > Güney Press / Ana xəbər > Jurnalistlər bələdiyyələri topa tutdular
Jurnalistlər bələdiyyələri topa tutdular3-11-2014, 12:38 |
![]() Ölkəmiz növbəti bələdiyyə seçkilərinə hazırlaşır. Dekabrın 23-də baş tutacaq seçkilərə rəsmi olaraq start verilməsə də, seçki ərəfəsində bələdiyyələrin statusu və fəaliyyəti ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Editor.az ölkənin aparıcı mətbuat orqanlarında çalışan jurnalistlərə “Hansı bələdiyyənin ərazisində yaşayırsınız? Bələdiyyənizin fəaliyyəti sizi qane edirmi?” sualı ilə müraciət edib. Sorğumuza qatılan jurnalistlər bələdiyyələrin fəaliyyəti ilə bağlı təəssüratlarını Editor.az-a bölüşüblər. Simsar.az portalının baş redaktoru İradə Nürəddinqızı Binəqədi Bələdiyyəsinin fəaliyyətindən narazıdır: “Binəqədi rayonunda yaşayıram. Bizdə ümumiyyətlə bələdiyyənin hər hansı fəaliyyəti hiss olunmur. Onların fəaliyyəti haqqında ancaq torpaq alveri ilə bağlı məsələlərdə məlumat alırıq. Fəaliyyətini görmədiyim qurum haqqında nəsə müsbət rəy verməyim düzgün olmaz”. Moderator.az portalının baş redaktoru Zülfüqar Hüseynzadə bildirib ki, bələdiyyələrin fəaliyyəti onu maraqlandırmır: “İnşallah bələdiyyələrin təkcə adı yox, həm də özü olanda harada səs verəcəyimi müəyyənləşdirəcəm. Düşünürəm ki, yaxın 10 ilə ömür vəfa etsə də, mövcud şərait mənə belə bir xoşbəxtliyi dadmağı nəsib etməyəcək”. Virtualaz.org portalının şef-redaktoru Famil Cəfərli bələdiyyəni arabanın beçinci təkərinə bənzədir: “Suraxanı rayonunu Zığ qəsəbəsində daimi qeydiyyatdayam. Bu səbəbdən bizi təmsil edən bələdiyyənin adı da Zığ bələdiyyəsidir. Bələdiyyə arabanın beşinci təkəri kimi mənasız bir qurumdur. Mən bələdiyyənin olub-olmadığını yalnız qəzet və saytlarda görürəm. Başqa heç yerdə”. Azxeber.com portalının baş direktoru Əfsələddin Ağalarov Zəngilan bələdiyyəsinin ümumiyyətlə fəaliyyətsiz olduğunu deyir: “Bələdiyyə seçkiləri haqqında ancaq mətbuatdan xəbər tuturuq. Əslinə qalsa, bələdiyyə seçkilərinə hansı namizədin qatıldığı, kimin qalib gəldiyi barədə də məlumatımız olmur. Çünki bələdiyyələrin heç bir səlahiyyəti yoxdur. Səlahiyyəti olmayan bir təsisata kimlərin seçildiyi və ya seçilmək marağında olması bir jurnalist olaraq qətiyyən məni maraqlandırmır”. Tanınmış teleaparıcı Elçin Əlibəyli bələdiyyələrinin aktiv fəaliyyətini arzulayır: “Yasamal rayonu ərazisində yaşayıram. Tam səmimi deyim ki, Yasamal Bələdiyyəsinin fəaliyyəti normaldır. Lakin ümumilikdə bələdiyyələrin fəaliyyətinin daha da artırılmasını arzu edirəm”. “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy hesab edir ki, hazırki şəraitdə MİS-lərin fəaliyyəti bələdiyyələrdən daha aktivdir: “Xətai bələdiyyəsinin ərazisində yaşayıram. Bakıda “JEK”-in fəaliyyəti bələdiyyədən çox hiss olunur”. “Kaspi” qəzetinin əməkdaşı Rufik İsmayılov Nəsimi Bələdiyyəsinin fəaliyyətsiz olduğunu deyir: “Nəsimi rayonu ərazisində 1988-ci ildən daimi qeydiyyatdayam. Bu rayon bələdiyyəsinin hər hansı ciddi fəaliyyətini hiss etməmişəm. Rayon əhalisi üzləşdiyi hər hansı problemi özü həll etməyə məcburdur. Qapılarını döyüb şikayət edəndə də, bizim səlahiyyətimiz çatmır, büdcəmiz məhduddur, imkanımız çatmır deyə, camaatı başlarından edirlər. Vaxtilə yaşadığım 20 yanvar küçəsi, “7 a” saylı evin həyətində sakinlər öz güclərinə bir neçə dəfə asvalt örtüyü dəyişiblər. Amma yadıma gəlmir ki, nə vaxtsa bələdiyyə o həyətə heç olmasa bir vedrə asvalt töksün, yaxud oradakı sınmış bir oturacağı düzəltdirsin və s. Bunu bir misal kimi çəkdim. Buna görə də Nəsimi bələdiyyəsi əməkdaşlarının üzləri gəlmir ki, hansısa vətəndaşdan hər hansı ödəməni, vergini yığsınlar. Çünki yerli camaat verdiyi pulun müqabilində haqlı olaraq real iş tələb edir. Ona görə də bələdiyyə bu işi yerli mənzil istismar sahəsinə (JEK) tapşırıb. Əgər kimsə hər hansı işinə görə arayış almaq üçün JEK-ə gedirsə, o zaman JEK əməkdaşları vətəndaşa məcburən bələdiyyəyə çatacaq ödəməni də ödətdirirlər. Bax beləcə, bələdiyyə müftə pul yeyib ortada gəzməklə məşğuldur. Halbuki qonşu Türkiyənin timsalında bələdiyyələrin insanlar üçün necə yaxşı işlər gördüyünü, necə yaxşı idarəetmə sistemi formalaşdırdığını müşahidə etməkdəyik”. Geri qayıt |