Əsas Səhifə > Güney Press / Ana xəbər > Başı kəsilən qızın oxuduğu Musiqi Akademiyasından açıqlama:

Başı kəsilən qızın oxuduğu Musiqi Akademiyasından açıqlama:


23-10-2014, 12:36
Başı kəsilən qızın oxuduğu Musiqi Akademiyasından açıqlama:
AzVision.az saytı ötən gün Bakıda bacısı tərəfindən qətlə yetirilən Nuriyeva Günel Etibar qızı ilə yeni məlumatlar əldə edib. Belə ki, qətlə yetirilən 20 yaşlı qız Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının II kurs tələbəsi olub.

Mərhumun təhsil aldığı akademiyanın dekan müavini sayta açıqlamasında bildirib ki, mərhum Günel Nuriyevın cinsi azlıq nümayəndəsi olması barədə yayılan məlumatların heç bir əsası yoxdur: “Çox yaxşı tələbə olub. Rayondan bura gəlmişdi. Çox sakit biri idi. Biz onda hər hansı bir dəyişiklik müşahidə etməmişik. Gənc bir qız haqqında elə sözlər yazmaq olmaz. Onun haqqında yazılanlar yalnış məlumatdır. Həmin xanım çox yaxşı bir ailənin övladı olub. Bu ailəyə vurulan zərbə idi. İnternetdə bəziləri qızlara ləkə yaxırlar”.

Dekan müavini xatırladıb ki, bacılar Şəki rayonundan olublar və Bakı şəhərində kirayə yaşayırlarmış: “Bacılarının hər ikisi yaxşı qız olub. Bacısı ilə dərsə gəlib-gedirdi. Belə bir hadisənin baş verməsi bizədə pis təsir etdi”.

* * *10:35

Bakı Şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğu Xətai rayonunda baş verən qətllə bağlı birgə məlumat yayıb.

Bakı Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, oktyabrın 22-də saat 16 radələrində paytaxtın Xətai rayonu ərazisində yaşamış, 1994-cü il təvəllüdlü Nuriyeva Günel Etibar qızının yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri ilə müşayiət olunan meyitinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

***

Xəbər verdiyimiz kimi, Bakıda törədilmiş dəhşətli qətlin üstü açılıb.

Məlum olub ki, Xətai rayonu Xudu Məmmədov küçəsi18 ünvanında 1994-cü il təvəllüdlü Nuriyeva Günel Etibar qızının bacısı Pərvanə Nuriyeva tərəfindən amansızlıqla öldürülməsi müəyyən edilib və o, saxlanılıb. Lent.az-ın məlumatına görə, P.Nuriyeva ilkin ifadəsində bildirib ki, bacısı cinsi azlıq nümayəndəsi olub və evə cinsi azlıq nümayəndəsi olan qızları gətirirmiş. O, kiçik bacısına bu əməllərinə son qoymasını, anasının yatağına başqalarını gətirməməsini tələb edib.

Lakin musiqi məktəbinin piano sinfinin tələbəsi olan Günel Nuriyeva bacısının xəbərdarlığına məhəl qoymayıb və onlar arasında münaqişə yaranıb. Münaqişə zəminində P.Nuriyeva bacısını bıçaqlayıb, daha sonra isə boğazını kəsərək öldürüb.

* * *10:15

Ötən gün günorta saatlarında başı kəsilən 20 yaşlı Günel Etibar qızı Nuriyevanın qatili məlum olub.

Xətai rayon prokurorunun köməkçisi Şəbnəm Məmmədovanın ANS PRESS-ə verdiyi məlumata görə, gənc tələbə qızın başını elə onun öz doğma bacısı kəsib.

Günel Nuriyevanı onun öz bacısı Pərvanə Nuriyeva öldürüb. Bacısını qətlə yetirən Pərvanə Nuriyeva saxlanılıb. Qətlin səbəbi bilinmir. Hazırda istintaq davam edir", - deyə Şəbnəm Məmmədova bildirib.

Onların atası Etibar Nuriyev tanınmış biznesmendir.

Etibar Nuriyevin Şəkidə bir neçə ticarət obyektləri, torpaq sahələri var. Ailənin 3 qız övladı var. Qizlardan ikisi əkizdir. Qətlə yetirilən Günel Nuriyeva isə ailənin böyük qızıdır.

* * *21:00

Bakıda evində başı kəsilən 20 yaşlı Günel Etibar qızı Nuriyevanın qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Qətl hadisəsi törədilən zaman Günel Nuriyeva evdə tək olub. Qətl hadisəsi günorta saatlarında baş verib. Verilən məlumata görə, əslən Şəki rayonundan olan G.Nuriyeva yaşadığı evdə bacıları ilə birlikdə kirayə qalırmış. Onların hər üçünün tələbə olduğu bildirilir.

G.Nuriyevanın meyitini onun bacıları günorta saatlarında evə gələrkən aşkarlayıb.

Faktla bağlı cinayət işi başlanıb (ANS PRESS).

* * * 19:08

Bu gün Bakıda daha bir dəhşətli qətl törədilib.

Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün Xətai rayonu, Xudu Məmmədov küçəsi, 18 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 20 yaşlı Günel Etibar qızı Nuriyevanın başı kəsilmiş meyiti tapılıb.

Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil. Polisdən həmçinin bildirilib ki, qətlə yetirilən G.Nuriyeva Bakıdakı musiqi məktəblərindən birinin II kursunda oxuyurmuş.

Faktla bağlı cinayət işi başlanıb, hazırda hadisəni tərədən şəxsin və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir (APA).

Geri qayıt