Əsas Səhifə > Güney Press / Ana xəbər > İrəvanın ermənilərə verilməsi qərarının rəsmi ləğvi təklif olundu

İrəvanın ermənilərə verilməsi qərarının rəsmi ləğvi təklif olundu


14-10-2014, 13:20
İrəvanın ermənilərə verilməsi qərarının rəsmi ləğvi təklif olundu
Rəsmi dövlət qəzeti “Azərbaycan”ın 14 oktyabr sayında tarixçi alim, Milli Məclisin üzvü Yaqub Mahmudovun İrəvan məsələsi ilə bağlı məqaləsi çıxıb.

“Media forum” saytının məlumatına görə, “İrəvan və ətrafındakı torpaqlar ermənilərə hansı şərtlərlə verilmişdi” başlıqlı məqalədə alim yazır ki, Milli Elmlər Akademiyasının Tarix İnstitutu İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi ilə bağlı yeni sənədlər və faktlar aşkar olunub: “Həmin sənədlər sübut edir ki, erməni tərəfi Batum danışıqları və müqavilələrinə (11 may-4 iyun 1918-ci il) əsasən İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərinə bir sıra öhdəliklər götürmüşdü. Lakin ermənilər məqsədlərinə nail olduqdan sonra üzərilərinə götürdükləri bütün öhdəlikləri birtərəfli qaydada pozmuş, işğalçılıq siyasətini davam etdirmişlər. Beləliklə, İrəvan və ətrafındakı Azərbaycan topraqlarının ermənilərə verilməsi barədə həm Batum müqavilələrinin müvafiq maddələri, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirmişdir. Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi haqqındakı qərarına yenidən baxılmalı, həmin qərar qüvvədən salınmalı və Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır”.

Ermənistan dövlətinin yaradılması prosesindən geniş söz açan Yaqub Mahmudov qeyd edir ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti İrəvan və ətrafındakı Azərbaycan torpaqlarını ermənilərə 1918-ci il Batum danışıqları (11 may-4 iyun) və Batum müqavilələrinin (4 iyun 1918-ci il) şərtlərinə əsasən vermişdi: “Azərbaycan tərəfi bu taleyüklü addımı atarkən ermənilərlə dostluq və mehriban qonşuluq münasibətləri yaratmağa çalışırdı və danışıqlarda iştirak edən erməni tərəfinin səmimiyyətinə inanırdı. Lakin erməni tərəfi Batum danışıqları zamanı əldə olunmuş razılaşmalara və Batum müqavilələrinin şərtlərinə əsasən üzərinə götürdüyü bütün öhdəlikləri birtərəfli qaydada pozdu: işğalçılıq, deportasiyalar və soyqırımıları siyasətini davam etdirdi. Buna görə də 4 iyun 1918-ci il tarixli Batum müqavilələri və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı əslində öz hüquqi qüvvəsini itirmişdir.

Fikrimizcə, erməni tərəfi 1918-ci il Batum razılaşmalarının və Batum müqavilələrinin bütün şərtlərini birtərəfli qaydada pozduğu üçün və bununla da göstərilən müqavilələr öz hüquqi qüvvəsini itirdiyinə görə Azərbaycan Xalq Cümhuriyyətinin qanuni varisi olan Azərbaycan Respublikası adekvat addım atmalıdır: Azərbaycan Milli Şurasının xalqın iradəsini nəzərə almadan İrəvanın və ətrafındakı torpaqların ermənilərə verilməsi haqqında 29 may 1918-ci il tarixli qərarına yenidən baxılmalı və həmin qərar qüvvədən salınmalıdır. Bununla, Azərbaycan xalqının öz tarixi torpaqlarına varislik hüququ bərpa olunmalıdır”.

Geri qayıt