Əsas Səhifə > Güney Press / Ana xəbər > Qaraçuxur bələdiyyəsi qəsəbəni it gününə qoyub

Qaraçuxur bələdiyyəsi qəsəbəni it gününə qoyub


14-10-2014, 10:59
Qaraçuxur bələdiyyəsi qəsəbəni it gününə qoyub
Bu gün yenidən bələdiyyə mövzusuna toxunmaqda məqsədimiz əbəs deyil. Əvəz Mirzəyevin sədrlik etdiyi Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsi bu gün yenidən müzakirə obyektinə çevrilib. Səbəb isə vətəndaşların şikayətlərinə baxılmaması və problemlərinin həll edilməməsidir. Bu gün həm Yeni Günəşli, həm də Qaraçuxur qəsəbəsi sakinləri Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsindən olduqca narazıdırlar. Sakinlər bildirirlər ki, bələdiyyə sədri Əvəz Mirzəyev onların heç bir problemi ilə maraqlanmır. Nəinki maraqlanmır, heç sakinləri qəbul da etmir. Belə olan halda isə, hər iki qəsəbə sakinləri şikayətlərini deyə biləcəkləri səlahiyyətli şəxs tapa bilmirlər. Deyilənə görə, qəsəbədə kifayət qədər həll edilməli problemlər varkən, onlara əhəmiyyət verən belə, yoxdur. Bələdiyyə sədri hazırkı vəzifəsinə gəldiyi gündən indiyə qədər bir dəfə də olsun qəsəbələrdəki problemlərlə maraqlanmayıb. Ümumiyyətlə, Əvəz Mirzəyev bələdiyyə sədri postuna əyləşdiyi gündən, "Bələdiyyələr haqqında" Qanunu bir kənara qoyub, ancaq özünün müəyyən etdiyi qaydalarla hərəkət edir. Əvəz Mirzəyev Qaraçuxur bələdiyyəsinə rəhbərlik etməsinə baxmayaraq, hələ də başa düşmür ki, bələdiyyələr vətəndaşa aid sosial məsələlərlə məşğul olmalı, imkan daxilində onların həllinə çalışmalıdır. Rayondakı bəzi problemlərlə bağlı bələdiyyəyə müraciət edən zaman, bələdiyyə işçiləri sakinləri kobud qarşılayır, onlara heç bir köməklik edə bilməyəcəklərini söyləyərək, onları yola salırlar. Halbuki, sakinlər sırf bələdiyyənin səlahiyyətində olan, onların çözə biləcəyi problemlərlə bağlı müraciət edirlər. Deyilənə görə, bələdiyyə sədri və onun yaxın adamları qəsəbələrdə boş bir ərazi belə qoymayıb. Həmin ərazilər ya icarəyə verilib və yaxud da satılıb. Qəsəbələrin, ələlxüsus da, Qaraçuxur qəsəbəsinin yolları bərbad gündə olsa da, bu durum bələdiyyə sədrini heç də narahat etmir. Əgər belə olmasa idi, ən azından məhəlləarası yollara, əsas yollarda yaranmış çalalara nəzarət edərdilər. Qəsəbədəki parklar, istirahət guşələri də bərbad vəziyyətdədir. Halbuki, həmin parklara, istirahət guşələrinə nəzarət etmək bələdiyyənin səlahiyyətindədir. Sakinlərin bələdiyyə sədrindən olan şikayətləri bununla da bitmir. Belə ki, aylardır pul verib torpaq alanlar indi bələdiyyə sədri deyib, əllərində çıraqla onu gəzirlər. Səbəb isə eyni torpaq sahəsinin bir neçə nəfərə satılmasıdır. Bir neçə vətəndaşa eyni torpaq sahəsini satmaqla qanunsuzluq edən bələdiyyə sədri həm də yəqin unudub ki, bələdiyyələrin vətəndaşlara birbaşa torpaq satması bir neçə il bundan əvvəl qadağan edilib. Mülkiyyətlərində torpaq sahəsi olan bələdiyyələr isə, bunu ancaq hərrac yolu ilə həyata keçirə bilərlər. Bu isə onu göstərir ki, bələdiyyə sədri açıq-aşkar qanunsuz işlərlə məşğuldur. Ümumiyyətlə, təxminən iki illik fəaliyyətində Əvəz Mirzəyevin adı yalnız qanunsuz işlərlə birgə hallanır. Elə bu səbəbdən də, hazırkı bələdiyyə sədri barədə müvafiq ölçülərin götürülməsi olduqca vacibdir. Bizlər məsələni yenidən işıqlandırdıq. Hansısa müvafiq tədbirlərin görülməsi isə aidiyyəti orqanların səlahiyyətindədir.
\\ gundelik-baki \\
Geri qayıt