Əsas Səhifə > Güney Press / Ana xəbər > Şirvanda da Müəllim Günü rüşvət yığımı davam edib...
Şirvanda da Müəllim Günü rüşvət yığımı davam edib...10-10-2014, 13:52 |
![]() Şirvan Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində mövcud olan neqativ hallar haqqında ötən saylarımızda məlumat vermişdik. Faktlar əsasında hazırlanan yazılarda təhsil şöbəsinin rəhbər işçilərinin, eləcə də bəzi məktəb direktorlarının fəaliyyətindəki qanun pozuntuları tənqid olunurdu. Bu dəfə isə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində yerləşən 12 saylı məktəbin direktoru Bədirxan Qurbanovla bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. İlk öncə qeyd edək ki, sözügedən təhsil ocağı 1992-ci ildə inşa olunub. 2012-ci ildə isə Şirvan Şəhər İcra Hakimiyyətinə ayrılan büdcə vəsaiti hesabına bərpa-bərkitmə işləri ilə yanaşı, əsaslı şəkildə təmir edilib. Etibarlı mənbələrdən aldığımız məlumatlara görə, hər cür şəraitlə təmin edilən və 700-dən yuxarı şagirdin oxuduğu məktəbdə təhsilin səviyyəsi ürəkaçan deyil: "Buna səbəb direktorun qanuna sığmayan əməlləridir. Bildiyimiz kimi, müəllim peşəsi çox şərəfli peşədir. Azərbaycanda müəllimlərə böyük hörmət və diqqət var. Təhsil naziri dəyişəndən sonra müəllimlərin sosial problemlərinin həlli istiqamətində bir sıra müsbət işlər həyata keçirilib. Yaxın vaxtlarda müəllimlərin maaşında artım gözlənilir. 12 saylı məktəbin direktoru isə yaradılan şəraitdən istifadə edir. Geridə qalan 5 oktyabr Müəllimlər Günü ilə bağlı Bədirxan Qurbanovun rəhbərlik etdiyi təhsil müəssisəsində əməlli-başlı canlanma yaranmışdı. Hələ dərs ili yenicə başlayanda müəllimlər əlamətdar günə hansı formada hazırlaşmaları barədə şagirdlərə, onların valideynlərinə xəbərdarlıq etmişdilər. Məktəbdə təhsil alan şagirdlərin əksəriyyəti bayram münasibətilə direktor başda olmaqla bütün müəllimləri ənənəvi formada təbrik etdilər. Geridə qalan bayram valideynlərin büdcəsinə əhəmiyyətli dərəcədə öz təsirini göstərdi. Baxmayaraq ki, nazir Mikayıl Cabbarov direktorlara Müəllimlər Gününə görə şagirdlərdən pul yığmağı qadağan etmişdi. Bədirxan müəllim nazirin göstərişinə əməl etməyərək öz bildiyi şəkildə iş gördü. Məhz bu kimi məsələlər üzündən 12 saylı məktəbdə təhsilin səviyyəsi ildən-ilə aşağı düşür". Mənbəmiz deyir ki, məktəbdə dərs deyən əksər müəllimlərin və şagirdlərin dərsə marağı demək olar ki, yoxdur: "Repititorluq fəaliyyəti ilə məşğul olan bəzi müəllimlər direktorla "razılaşıb" dərsə intizamlı şəkildə gəlmirlər. Ali məktəblərə repititor yanında hazırlaşan şagirdlər də eyni qaydadan istifadə etməklə tədris prosesindən yayınırlar. Yuxarı sinif şagirdlərindən bir neçəsi məktəb rəhbərinin "tələb"lərini qarşılayıb günlərlə dərsə gəlmir. Bədirxan Qurbanov özünə yaxın olan müəllimlərə hər cür himayədarlıq göstərir. Məsələn, direktorla münasibətləri yüksək səviyyədə olan müəllimlər dərs saatı sarıdan əziyyət çəkmir. Belə ki, direktor onlara ürəkləri istəyən qədər dərs saatı yazdırıb. Lakin Bədirxan müəllimin özbaşına işlərinə göz yuma bilməyən, onunla kəllə-kəlləyə gələn müəllimlərə isə az dərs saatı verilib. Məktəb rəhbəri bu yolla həmin müəllimlərə təsir etməyə çalışır. Bədirxan Qurbanov bir sıra hallarda xoşa gəlməyən işlərə imza atır. O, bəzən qadın müəllimələrlə rəftar zamanı etik normaları gözləmir, yəni danışığına fikir vermir. Belə olan halda müxtəlif problemlər meydana çıxır. Hacıqəhrəmanlı qəsəbəsinin sakinləri məktəb rəhbərinin tezliklə dəyişməsini arzulayırlar. Bəlkə direktor dəyişəndən sonra 12 saylı məktəbdə təhsilin səviyyəsi yüksələr. İndiki halda isə məktəbdə təhsil alan şagirdlərdən yüksək nəticə gözləmək əbəsdir". Biz inanırıq ki, hörmətli Mikayıl Cabbarov 12 saylı məktəbdə yaşananlara biganə qalmayacaq və direktoru lazım olan şəkildə cəzalandıracaq. Geri qayıt |