Əsas Səhifə > Güney Press / Ana xəbər > İŞİD Türkiyəyə necə girdi...
İŞİD Türkiyəyə necə girdi...8-10-2014, 15:26 |
|
Türkiyədə kürdlərlə təhlükəsizlik qüvvələri arasında hələ də ara verməyən toqquşmalarda ölənlərin sayı 16-ya çatıb. Virtualaz.org saytı xəbər verir ki, Türkiyə qaynaqları onlarla ağır yaralının xəstəxanalarda olduğunu, ölənlərin sayının arta biləcəyini bildirir. Suriyanın Türkiyə ilə sərhədindəki Kobani kürd şəhərinə “İslam Dövləti” (İŞİD) qüvvələrinin hücumuna qarşı Ankaranın hərbi müdaxilə etməməsinə etiraz olaraq başlayan iğtişaşlar ölkənin cənub-şərq əyalətləri olan Diyarbəkir, Mardin, Siirt, Van və Batmanda, habelə Muş və digər şəhərlərdə başlayıb. Ən çox ölüm hadisəsi küçələrin savaş meydanına çevrildiyi Diyarbəkirdə baş verib və orada azı 8 nəfər odlu silahdan açılan atəşlərdən, kəsici alətlərlə endirilən zərbələrdən, qaz fişənglərindən aldıqları xəsarətdən və daş zərbələrindən ölüb. Polis etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edir. Xüsusi təyinatlı polisin iğtişaşları yatırmaqda gücsüz qalmasından sonra hökumət şəhərlərə ordu birliklərini yeridib. İğtişaşların başladığı 6 şəhərdə komendant saatı elan edilib, Siirt və Diyarbəkir küçələrində tanklar gözə dəyir. Orduya iğtişaşçılara atəş açıb-açmamaq əmrinin verildiyi hələ məlum deyil. Lakin daxili işlər naziri Afkan Ala zorakılıqlara yol verənlərə qarşı amansız olacaqlarını elan edib. Beləliklə, Kobani şəhərini almaq üzrə olan “xilafət ordusu” hələ Türkiyə sərhədlərini keçməsə də İŞİD deyilən və getdikcə daha çox qlobal təhdidə çevrilən kabus artıq Türkiyəyə girib. Çünki bu qanlı iğtişaşların bilavasitə səbəbi İŞİD və onun Türkiyə sərhədlərinin cəmi 1 kilometrliyinə qədər irəliləyən, yaxşı silahlanmış qüvvələridir. Türkiyə kürdləri hökuməti İŞİD-in Suriyanın şimalında kürdlərə divan tutmasına göz yummaqda ittiham edir və “xilafət ordusu” na qarşı qurudan müdaxilə istəyir. Habelə Türkiyədən kürd könüllülərin İŞİD-lə vuruşmaq üçün sərhədi keçməsinə icazə verilməsini tələb edirlər. İndi tamamilə aydındır ki, Türkiyə hökuməti onun sərhədlərinə dirənmiş İŞİD təhdidinə qarşı çətin dilemma qarşısındadır. Türkiyə Silahlı Qüvvələri təhlükəyə qarşı sərhədə böyük sayda hərbi texnika və canlı qüvvə cəmləşdirib. Lakin Türkiyə ordusu sərhədin cəmi 1 kilometrliyində üç həftədən çoxdur amansız döyüşlər aparan tərəfləri ancaq izləyir və onlara müdaxilə etmir. Türkiyə komandanlığının sərhədə cəmləşdirilmiş qüvvələrə verdiyi əmrə əsasən ancaq ölkə ərazisinə atılan mərmilərə cavab atəşi açıla bilər. Bu mərmilərin hansı tərəfdən atılmasının əhəmiyyəti yoxdur, yəni indiki əmrə əsasən Türkiyə ordusu sərhədin o tayında həm İŞİD-in, həm də onunla döyüşən və PKK-nın qolu olan, Suriyada müharibənin başlamasından sonra ölkənin şimalında “kürd muxtariyyəti” elan edən YPG-nin silahlı qanadının mövqelərinə zərbə endirmək səlahiyyətindədir. Digər tərəfdən, Türkiyə Suriyanın şimalından 160 min kürd qaçqını qəbul edib, İŞİD-lə döyüşən YPG yaralılarına tibbi yardım göstərir və humanitar xarakterli digər addımlar atır. Türkiyə hökumətinin, prezident Rəcəb Tayyib Ərdoğanın son günlərə qədər olan taktikası İŞİD-lə kürdlər arasında gedən döyüşlərə qarışmamaqdan ibarət idi. Əslində Ərdoğan əvvəlcə ümumiyyətlə İŞİD-ə qarşı koalisiyada yer almaq istəmirdi. Amma təhlükənin getdikcə irəlilədiyini görəndə Türkiyə parlamenti silahlı qüvvələrdən ölkə sərhədləri xaricində istifadəyə icazə verən qətnamı çıxardı. Ancaq türk ordusunun Suriya sərhədini keçməsi qərarı hələ verilməyib. Ərdoğan İŞİD-lə quru döyüşünə girən ilk tərəf olmaq istəmir və “xilafət ordusu”nun da Türkiyə sərhədini keçməyəcəyinə ümid edir. Digər tərəfdən, Ərdoğan şərtlər irəli sürür. Bildirir ki, Türkiyə Suriyanın şimalında İŞİD-in hədəfi olan kürdlərə ancaq bir halda dəstək verə bilərdi: ABŞ başda olmaqla beynəlxalq koalisiya hədəfinin təkcə İŞİD yox, Bəşər Əsəd rejimi olduğunu bəyan etsin. Türkiyə prezidenti bir gün əvvəl növbəti şərtini irəli sürərək bildirib ki, koalisiya hava zərbələri ilə kifayətlənməyib Suriya ərazisində yekun məqsədi Əsədi devirməkdən ibarət olan quru əməliyyatlarına başlasın. Ancaq bu şərtlər qeyri-real görünür. ABŞ və digər Qərb ölkələri İraq və Suriyada İŞİD-ə qarşı quru döyüşlərinə girməyi istisna edirlər. ABŞ prezidenti Barak Obama anti-İŞİD strategiyasını elan edəndə quru əməliyyatlarının istisna olduğunu bildirib. Konqresin ona İraq və Suriyaya qoşun göndərməyə icazə verəcəyi də real deyil. Deməli, Türkiyə indi İŞİD ordusu qarşısında faktiki olaraq tək qalıb və belə davam etsə, cəmi bir neçə günə istər-istəməz “xilafət ordusu” ilə toqquşmalara girməyə məcbur olacaq. Doğrudur, NATO bildirir ki, İŞİD Türkiyə sərhədini keçsə alyansın kollektiv müdafiə haqda bəndi işə düşəcək. Lakin bu halda belə NATO-nun Türkiyənin köməyinə quru qüvvələri göndərəcəyi inandırıcı deyil. Ən yaxşı halda hava dəstəyindən söhbət gedə bilər. Hava zərbələrinin və Obamanın anti-İŞİD strategiyasının isə artıq indidən iflasa uğradığı ortadadır. Bir neçə həftədir ABŞ və müttəfiqlərinin təyyarələri İŞİD hədəflərinə zərbələr endirsələr də bunlar “xilafət ordusu”nun irəliləməsinr mane ola bilməyib. İŞİD hava zərbələrindən yayına bilmək üçün yaxşı təcrübəyə malikdir və onun qüvvələri tez-tez yerlərini dəyişərək koalisiya təyyarələrinin bombalarına hədəf olmurlar. Məsələn, İŞİD Kobaniyə hücuma keçəndə koalisiya təyyarələri 8 hava zərbəsi endirib, onlardan 4-ü ümumiyyətlə boşa çıxıb, qalanlar isə o qədər də effektli olmayıb. Beləliklə, həm Türkiyə, həm NATO, həm ayrıca ABŞ üçün ciddi dilemma vəziyyəti yaranır. Türkiyə üçün PKK-nın qolu olan YPG ilə İŞİD demək olar ki, eyni dərəcədə təhdid sayıla bilər. YPG və onun Türkiyədəki ortağı PKK müstəqil Kürdüstan uğrunda illərdir türk ordusu ilə döyüşən separatçı terror təşkilatlarıdır. İŞİD isə həm kürdləri, həm də Türkiyədəki digər dini azlıqları, hətta sünni çoxluğunun bir qismini düşmən hesab edən terror hərəkatıdır. Nəzəri baxımdan Türkiyənin bu düşmənlərin bir-birlərini zəiflətməsində marağı olmalıdır. Ancaq YPG Kobanidən də çıxsa, o zaman Türkiyə daha təhlükəli düşmənlə üz-üzə qalacaq. Bu baxımdan Türkiyənin sərhədin o tayında baş verənlərə hərbi yöndən müdaxilə etməmək taktikası o qədər də uğurlu deyil. Deyəsən, Türkiyədə indi başa düşməyə başlayıblar ki, təhlükənin bu qədər yaxına gəlməməsi üçün vaxtında Suriyanın şimalına ordu yeridib tampon bölgə qurmaq lazım idi... Geri qayıt |