Əsas Səhifə > Güney Press / Ana xəbər > Göygöldəki bir qətlin qaranlıq məqamları
Göygöldəki bir qətlin qaranlıq məqamları1-10-2014, 14:08 |
![]() Sentyabr ayının 5-də Göygöl rayonunda qətlə yetirilmiş 1985-ci il təvəllüdlü Rüstəmov Kamal Əli oğlunun qohumları dünən “Bizim Dövr” qəzetinin redaksiyasına gəliblər. Gəlişin məqsədi hadisənin bəzi təfərrüatlarına əlavə aydınlıq gətirmək, ən əsası da hadisə ilə bağlı Göygöl rayon Prokurorluğu tərəfindən aparılan istintaqın gedişindən narazılıqlarını ifadə etmək idi. Mərhumun qohumları hadisə haqqında bunları deyiblər: “Rüstəmov Kamal Əli oğlu 04 sentyabr 2014-cü il saat 16.00 radələrində sabiq qaynı Rzayev Urfan Tapdıq oğlu tərəfindən amansızcasına qətlə yetirilmişdir. Hadisəni törədən Urfan Rzayev mərhumun qaynatası Tapdıq Rzayevin oğlu, yəni Kamalın qaynı olub. 2007-ci ildə Kamal Rüstəmov Tapdıq Rzayevin qızı ilə evlənib. Tapdıq Rzayevin imkanlı bir şəxs kimi 5 müəssisəsi olub. Moskvada da müəssisələri olub. Göygöl rayonu ərazisində çaxır və araq istehsalı ilə məşğul olub. Yeznəsi olan mərhum Kamal Rüstəmov da həmin müəssisənin satış üzrə meneceri işləyib. Qohumların iş birliyi altı il davam edib. 2013-cü ildə qaynata ilə kürəkən arasında müəyyən narazılıq olub. Bundan sonra Kamal Rüstəmov qaynatasının biznesindən uzaqlaşaraq özünə Quşqara kəndində limonad sexi açıb. Kamal Rüstəmovla Tapdıq Rzayevin qızı bu soyuqluğun nəticəsi olaraq bir müddət sonra boşanıblar. Keçmiş qaynatası Kamalın onları tərk edib özünə iş qura bilməsini həzm edə bilməyib və hər vəchlə onun biznes fəaliyyətinə mane olmağa başlayıb. Məsələn, Kamal Rüstəmov limonadları ayrı-ayrı dükanlara 40 qəpiyə təklif edirmişsə, onlar izləyib həmin dükanlara ziyana olsa belə həmin limonadı 25-30 qəpiyə təklif edirmiş. Dükan sahiblərinə də deyirmişlər ki, heç kim Kamaldan mal almasın. Kamal Rüstəmovun işçilərinin dediyinə görə, Tapdıq Rzayev və onun oğlu Ürfan Rzayev tez-tez gəlib onu narahat edirmişlər, hədələyirmişlər ki, neçə ki, biz varıq, sən burdan xeyir götürə bilməzsən... ”Bundan başqa isə Kamalın xalası Laləzar Bayramova bacısı oğlunun Rzayevlər tərəfindən dəfələrlə ölümlə hədələndiyinin şahidi olduğunu bildirir. Onun sözlərinə görə sentyabrın 4-də Urfanın atası Tapdıq Rzayevlə və Vaqif və Kamran adlı daha iki şəxslə gecə saatlarında kafedə oturaraq cinayət planı işləyib hazırlamalarının şahidləri də var. Lakin Tapdıq Rzayevdən çəkinən bu insanlar ifadə verməkdən ehtiyat edirlər. Nəhayət hadisə baş verən gün, sentyabr ayının 5-də Kamalın guya ki, onlara borcu olması bəhanəsilə Rzayevlər digər iki şəxslə mərhumun iş yerinə gəliblər. İşçilərinin dediyinə görə, birinci dəfə Urfan saat 13 radələrində “Mersedes 600” SLK ilə gəlib və hansısa sənədi Kamala göstərib ki, borc budur. O da sənədə baxıb deyib ki, mənim işlədiyim dövrə aid deyil. Urfan gedib və saat 17 radələrində yenidən yanındakılarla qayıdıb Kamalın limonad sexinə. Qohumlarının iddiasına görə gələnlərdən biri Kamalın başını sənədlərlə qataraq onun fikrini yayındırmış, məhz elə bu məqamda da Urfan Rzayev Kamala bıçaqla bir neçə zərbə endirmişdir. Mərhumun atası Əli Rüstəmov isə bildirir ki, oğlu son nəfəsində onu Urfanın vurduğunu təsdiq edib. Bundan sonra Əli Rüstəmov oğlunu maşına qoyaraq, onu xəstəxanaya aparıb. Əli Rüstəmovun dediklərindən: “Yolda gördüm ki, həmin Mersedes 600 SLK maşını yolun kənarında dayanıb. Kamalı xəstəxanaya çatdırmaq mümkün olmadı. O, yolda keçindi. Xəstəxanaya çatanda gördüm ki, artıq Tapdıq Rzayev və sürücüsü də ordadır. Ona görə də hesab edirəm ki, bu əvvəlcədən planlaşdırılmış qətl olub.”Sonda mərhumun qohumları bir daha hadisə ilə bağlı Göygöl rayon Prokurorluğu tərəfindən aparılan istintaqın gedişindən narazılıqlarını bildirdilər. Onların dediklərinə görə, cinayət hadisəsinin xarakterini yüngülləşdirmək məqsədilə artıq hadisənin qrup tərəfindən deyil, bir nəfər tərəfindən törədildiyi iddiası ortaya atılıb. Digər tərəfdən isə Tapdıq Rzayevin oğlunun ruhi xəstə olmasına dair müvafiq sənədlər hazırlaması barədə xəbərlər də mərhumun qohumlarını narahat edir. Həmçinin Laləzar Bayramova bacısı oğlunun qətlinə dair onun şahid kimi dindirilməməsindən narazıdır. Bütün bunları nəzərə alaraq Kamal Rüstəmovun valideynləri və qohumları işin Göygöl rayon Prokurorluğundan alınaraq, Respublika Prokurorluğuna verilməsi tələbi ilə çıxış edirlər. Geri qayıt |