Əsas Səhifə > Güney Press / Ana xəbər > 9 milyardın sahibi ev dustağı edildi, növbə Köçəryanın müdirinə çatdı

9 milyardın sahibi ev dustağı edildi, növbə Köçəryanın müdirinə çatdı


17-09-2014, 11:53
9 milyardın sahibi ev dustağı edildi, növbə Köçəryanın müdirinə çatdı
Rusiya İstintaq Komitəsi ölkənin ən iri maliyyə korporasiyası “Sistema”nın sahibi Vladimir Yevtuşenkova qarşı Başqırdıstan Dövlət Neft Şirkətinin səhmlərini qəsb etmə ittihamı irəli sürüb və onun barəsində ev dustaqlığı qərarı çıxarıb.

Virtualaz.org saytı “Forbes” jurnalının rus versiyasına istinadən xəbər verir ki, Yevtuşenkov Rusiyanın ən zəngin adamlarından biridir. “Forbes”in reytinqində o, 9 milyard dollarlıq kapitalla 15-ci yerdədir.

İstintaq Komitəsinin rəsmisi Vladimir Markin bildirib ki, Yevtuşenkov Başqırdıstanın yanacaq-energetika kompleksinə daxil olan müəssisələrin səhmlərinin mənimsənməsi işi üzrə aparılan istintaq çərçivəsində məhkəmənin qərarı ilə ev dustağı edilib. Yevtuşenkovun qoluna elektron bilərzik keçirilib və onun hərəkəti nəzarət altında saxlanılacaq.

V.Markin bildirib ki, istintaqın əlində milyarderin cinayətkar yollarla əldə edilmiş vəsaitin leqallaşdırılmasını həyata keçirdiyinə dair ciddi dəlillər var. Bu ittiham üzrə onu 7 il həbs cəzası gözləyir. Milyarder artıq bu iş üzrə istintaqa çağırılıb və ifadə verib.

Yevtuşenkova qarşı irəli sürülən ittiham Qarabağdan olan erməni mafioz, dünyanın ən varlı ermənilərindən biri olan Levon Ayrapetyanın həbsinə səbəb olan cinayət işi çərçivəsindədir. L.Ayrapetyan bu ilin iyul ayında Moskva aeroportunda həbs edilib və o, Başqırdıstanın “Başneft” şirkətinin səhmlərinin cinayətkar yollarla ələ keçirilməsində iştirakda ittiham olunur.

Ayrapetyanı Başqırdıstandan olan eks-senator, erməni milyarderin keçmiş ortağı, killerlər bandasının işi üzrə qaldırılmış cinayət işi çərçivəsində həbs edilən İqor İzmestyev ələ verib.

“Başneft” şirkətinin səhmləri 2009-cu ildə şirkətin rəhbəri, Başqırdıstan prezidentinin oğlu Ural Rəhimov tərəfindən “Sistema” korporasiyasına satılıb. Bu sövdələşmədə əsas vasitəçi Ayrapetyan olub və o, şirkətin satışından on milyonlarla dollar, habelə səhmlərin bir hissəsini qazanıb. İş üzrə Ural Rəhimova da ittiham irəli sürülüb və onun barəsində axtarış elan edilib.

Qeyd edək ki,”Sistema” maliyyə korporasiyasının Direktorlar Şurasının üzvlərindən biri də Ermənistanın eks-prezidenti, Qarabağ klanının liderlərindən biri Robert Köçəryandır. Köçəryan korporasiyanın səhmlərinin kiçik hissəsinə nəzarət edir və müstəqil direktor kimi korporasiyanın rəhbərliyində təmsil olunur. Onun “Sistema” korporasiyası ilə ortaqlığı Levon Ayrapetyan vasitəsilə baş tutub.

İndi Yevtuşenkova ittiham irəli sürülməsindən və onun ev dustağı edilməsindən sonra “Sistema” korporasiyasının səhmlərinin sürətlə ucuzlaşacağı, hətta korporasiyanın müflis olacağı gözlənilir. Belə ki, Yevtuşenkova ittiham irəli sürülməsi Rusiyanın iri biznes-maliyyə çevrələrində şok effekti yaradıb.

“Kommersant” qəzetinin məlumatına görə, Yevtuşenkov israrla prezident Vladimir Putinlə görüşməyə can atıb. Həbsinə hazırlıq getdiyini öyrənən milyarder iyulun ortalarında Putinlə görüşmək üçün bütün kanallardan istifadə edib, lakin cəhdləri baş tutmayıb. Həmçinin o, Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanovun dəstəyini qazanmağa çalışıb.

Qəzetə məlumat verən mənbələr bildirir ki, Yevtuşenkovun həbsi birbaşa Putinlə razılaşdırılmadan mümkün olmazdı. Ekspertlər isə deyirlər ki, Yevtuşenkov həmişə hakimiyyətə loyal olub, ancaq onun Moskvanın keçmiş meri Yuri Lujkovla yaxın olduğu da dəqiqdir.

Hazırda mühacirətdə olan keçmiş oliqarx, YUKOS neft şirkətinin keçmiş sahibi Mixail Xodorkovski isə deyib ki, Yevtuşenkovun həbsinin arxasında “Rosneft” prezidenti, Kremlin “boz kardinalı” İqor Seçin dayanır. Məqsəd “Başneft” şirkətini onun əlindən almaq və “Rosneft”ə birləşdirmək olub. Lakin Yevtuşenkov “Başneft”i Seçinin qoyduğu şərtlərlə satmaq və neft biznesindən çəkilmək istəməyib.

Geri qayıt