Əsas Səhifə > Güney Press / Ana xəbər > Türkiyə İŞİD-ə qarşı koalisiyaya niyə qoşulmur?

Türkiyə İŞİD-ə qarşı koalisiyaya niyə qoşulmur?


13-09-2014, 11:29
Türkiyə İŞİD-ə qarşı koalisiyaya niyə qoşulmur?
Bütün dünyanın diqqətini özünə çəkən problemlərdən olan İŞİD terror qruplaşması haqda ABŞ prezidenti Barak Obama xeyli vaxtdır gözlənilən qərarını açıqlayıb. Belə ki, o, silahlı qruplaşmaya qarşı koalisiya yaradılmasını təklif edib və strategiyasını elan edib. Bildirib ki, terror təşkilatı ilə mübarizədə görəcəyi ilk işlərdən biri qruplaşmanı zəiflətmək və ərazilərinin sərhədini daraldaraq məğlub etməkdir. Obama İŞİD terror qruplaşmasının mövqelərinə zərbə endirəcəklərini desə də, bölgəyə quru qoşunları göndərməyi planlaşdırmadığını bildirib. Onu da deyək ki, koalisiyaya NATO-nun müttəfiqləri və Ərəb dövlətləri də daxil olacaqlar və hazırda ABŞ dövlət katibi Con Kerri müəyyən dövlətləri qruplaşmaya daxil etmək üçün Yaxın Şərqə səfər reallaşdırıb. Onların koalisiyaya cəlb etmək istədikləri müttəfiqlərindən biri isə qonşu Türkiyədir. Amma sözügedən ölkə qruplaşmaya qoşulmaqdan imtina edir. Türkiyə hökuməti bu qərarını əsaslandırmaq üçün ortaya müxtəlif arqumentlər qoyur. Əsas həssas məqam kimi terrorçular tərəfindən əsir götürülən 49 nəfər Türkiyə vətəndaşının təhlükəli şəraitdə olması vurğulanır.
Politoloq Elman Nəsirov bizimlə söhbətində dedi ki, ABŞ prezidenti Obama sanki öz sələfi Corc Buşun 2002-ci ildə İraq əleyhinə koalisiya yaratmaq mövqeyinə bənzər davranır: “Necə ki, 2002-ci ildə Buş Səddam Hüseyn əleyhinə koalisiya yaratdı, indi də Obama İŞİD-ə qarşı eyni mövzunu gündəmə gətirdi. Obama analoji durumu yaşayır və həmin dövrdə Buşun qarşısına çıxan problemlərlə üz-üzə qalmaqdadır. Yəni, eyni o zamankı kimi, müttəfiqlər arasında fikir ayrılığı mövcuddur. ABŞ-ın əsas müttəfiqlərindən sayılan Türkiyənin mövqeyində fərqli yanaşma özünü göstərir. Türkiyə, ərazisində yerləşən ABŞ-ın hərbi hava bazasından döyüş və hərbi məqsədlər üçün istifadə olunmasına razı deyil. Türkiyənin iştirakı humanitar missiyaların yerinə yetirilməsində mümkün ola bilər”.

E.Nəsirov xatırlatdı ki, Türkiyə Səddam Hüseynə qarşı müharibə başladılarkən də analoji addım atmışdı: “Türkiyə onda da hərbi bazadan istifadə məsələsində öz mövqeyini ortaya qoymuşdu və məsələnin əleyhinə çıxmışdı. İndi isə əsas məsələ bu deyil. 2002-ci illə müqayisədə fərqli məqamlar ortalığa çıxıb. Söhbət Türkiyə vətəndaşlarının əsir götürülməsindən gedir. Prezidentin hər bir vətəndaşının təhlükəsizliyinə təminat verməsi kimi məsələlər ön plana keçib. Türkiyə bu koalisiyaya qoşularsa, həmin şəxslərin taleyi sual altına düşə bilər. İkinci məsələ odur ki, Türkiyə NATO ölkəsi kimi bu prosesə daxil olsa, əsas güc onun üzərinə düşəcək. Bu zaman Türkiyənin özünün həmin terrorçu qruplaşmanın hədəfinə çevrilməsi reallaşa bilər. Hesab edirəm ki, Türkiyənin müəyyən təcrübəsi qərar verməkdə onun köməyinə gəldi. Çünki NATO Liviyada Qəddafi rejiminə qarşı hərbi əməliyyatlara başlayarkən Türkiyə fəallıq nümayiş etdirirdi və əsas tərəflərdən biri idi. Amma müttəfiqlər Qəddafini devirdikdən sonra Türkiyəni prosesdən uzaqlaşdırdılar və enerji ehtiyatlarının istifadə məsələsində onu kənarda qoydular. Onda əsas qazanan ABŞ və onun Avropa üzrə müttəfiqləri - Fransa, Böyük Britaniya oldu. Hesab edirəm ki, keçmişdəki reallıqları nəzərə alan Türkiyə bu prosesdə fəal tərəf kimi deyil, passiv çıxış edəcək və özünü humanitar missiyanın yerinə yetirilməsində göstərəcək”.
Politoloq onu da qeyd etdi ki, bu gün sözügedən terror təşkilatının sıralarında təmsil olunanlar vaxtilə Əsədə qarşı mübarizə aparmış qüvvələrdir: “Onlar Qərbin Əsədi devirməmək siyasətindən narazı qaldılar və sanki özlərini aldadılmış hesab etdilər. Əvvəlcə dəstək verildi, Əsədə qarşı mübarizə aparıldı. Amma sonra Rusiyanın təzyiqi nəticəsində Qərbin geri çəkilməsi onların da mövqeyini dəyişməsinə səbəb oldu. Vaxtilə Əsədə qarşı döyüşən qüvvələrin böyük bir qismi İŞİD-in sıralarına qoşuldular. Təbii ki, Əsədə qarşı mübarizə məsələsində Türkiyə Qərbin siyasətindən narazıdır. Hesab edir ki, Qərb bu məsələdə qətiyyətlilik nümayiş etdirmədi. Onun indiyə kimi hakimiyyətdə qalmasına səbəb Qərbin tutduğu barışdırıcı və prinsipial olmayan mövqeyi hesab olunur. Hesab edirəm ki, bu məqam da nəzərdən qaçmamalıdır”.
Politoloq Vəfa Quluzadə isə hesab edir ki, Türkiyənin bu koalisiyaya qoşulmamasına səbəb gedişatın onun maraqlarına uyğun gəlməməsidir: “Burada bir məqam ortaya çıxır. İŞİD hərəkatı əsasən sünnilərdən ibarət olan qruplaşmadır. Türkiyə sünni dövlətidir, yəni, inanclıların əksəriyyəti sunni müsəlmanlardır. Hesab edirəm ki, Türkiyə bu səbəbdən koalisiyaya qoşulmur. Düzdür, indi sünniləri vəhhabi adlandırırlar və bu yolla sanki onlara damğa vurmaq istəyirlər. Amma əslində, vəhhabi sünni demək deyil. Başqa dövlətlər, məsələn, Səudiyyə Ərəbistanı vəhhabiliyin vətəni hesab olunur. Amma bu dövlət koalisiyaya qoşulub. Türkiyənin sərhədində münaqişə yaranmasını istəməməsi və ya özünün Əsədə qarşı olması haqda deyilənlərə gəlincə isə düşünürəm ki, hazırda Əsəd də İŞİD-ə qarşıdır, İran da, Amerika da. Türkiyə Amerikanın müttəfiqidir. Lakin regional məsələlərdə onların öz mövqeyi, öz maraqları ola bilər. Təbii olaraq hər bir dövlət maraqlarını qoruyur və qorumalıdır”.

Politoloq Fərhad Mehdiyev də Türkiyənin koalisiyaya qoşulmamaq üçün bir neçə səbəbi olduğunu bildirdi: “Belə görünür, Obama əsas yükü Türkiyənin üzərinə qoymaq istəyir. Amma türklər tutulan 49 vətəndaşının olduğunu diqqətə çatdırır və onların həyatına təhlükə yarana biləcəyini qeyd edirlər. Həqiqətən də, belə halın yaşana bilməsi mümkündür. Məncə, Türkiyədə ABŞ-ın özünü təhlükəyə atmadan onları çətin vəziyyətdə qoymaq istədiyini başa düşüblər. Ona görə də koalisiyaya qoşulmamaqlarının əsas səbəbinin bu olduğunu düşünürəm. Həmçinin Türkiyə hesab edir ki, İŞİD-in yaranmasının səbəbi Əsədin iqtidarda qalmasıdır və Əsəd hakimiyyətdən uzaqlaşdırılmadan İŞİD-ə qarşı aparılan mübarizə mənasızdır. Con Kerri ilə görüşdə deyildi ki, əməliyyat həm də Əsədə qarşı yönəldilməlidir”.
\\ kaspi.az \\
Geri qayıt