Əsas Səhifə > Güney Press / Ana xəbər > "Diaqnoz" Tibb mərkəzində vergidən necə yayınırlar...
"Diaqnoz" Tibb mərkəzində vergidən necə yayınırlar...11-09-2014, 11:58 |
![]() Dövlət hesabına maliyyələşən xəstəxanalarla yanaşı, özəl tibb ocaqlarında da müxtəlif problemlər mövcuddur. Nazir Oqtay Şirəliyev dəfələrlə özəl səhiyyə mərkəzlərində qeydə alınan mənfi hallara öz münasibətini bildirib və aidiyyəti üzrə tapışırıqlarını verib. Səhiyyə Nazirliyinin lisenziya verdiyi özəl klinikaların əksəriyyəti vətəndaşlara keyfiyyətsiz tibbi xidmət göstərir. Bu cür müəssisələrdən biri də paytaxtın Xətai rayonunda, "Bakı" kinoteatrının yaxınlığında yerləşən "Diaqnoz" tibb mərkəzidir. Məlumat üçün bildirək ki, tibb ocağı 2003-cü ildə fəaliyyətə başlayıb. Burda laboratoriya, şüa-diaqnostika, ginekologiya, nevrologiya, stomatologiya, endokrinologiya, kardiologiya, lor, fizioterapiya, qastroentenologiya, cərrahiyyə, oftolmologiya, urologiya, reanimasiya və intensiv terapiva, pediatriya, travmatologiya, təcili yardım, dəri-zöhrəvi, andrologiya və seksopotologiya, proktologiya şöbələri və gündüz stasionarı fəaliyyət göstərir. Müxtəlif televiziya vasitələrində canfəşanlıqla reklam edilən "Diaqnoz" tibb mərkəzində vətəndaşlara təklif edilən tibbi xidmətlərin səviyyəsi çox aşağıdır. Apardığımız araşdırmalar nəticəsində aydın oldu ki, tibb mərkəzinin rəhbərliyi, konkret olaraq baş həkim Ələddin Cabbarov qiymətləri Səhiyyə Nazirliyinin rəsmiləri ilə razılaşdırmadan özbaşına şəkildə müəyyən edib: "Diaqnoz" tibb mərkəzində mövcud olan qiymətlər dodaq uçuqladır. Məsələn, qanın ümumi analizinin qiyməti 50 manatdan başlayır. Dövlət xəstəxanalarına etibar etməyən vətəndaşlar məcburiyyət qarşısında özəl klinikalara üz tuturlar. Səhiyyə mərkəzinə müraciət edən insanlara ödənilən pulun qarşılığında qəbz verilmir. Tibb mərkəzinin işçiləri əlyazma şəklində özlərindən "çek" yazırlar. Bu isə o deməkdir ki, "Diaqnoz" tibb mərkəzində vergidən yayınma halları var. Əgər belə olmasaydı, vətəndaşlardan alınan pulun qarşılığında onlara qanuni formada kassa qəbzi verilərdi. Baş həkim Ələddin Cabbarov bu tip məsələlərə laqeyd münasibət göstərir. Əslində, yaranan durum baş həkimə sərf edir. Çünki vergidən yayındırılan vəsaitlərin böyük hissəsi ona çatır. Klinikada cərrahiyyə əməliyyatlarının da qiyməti çox bahadır. Məsələn, sünnət əməliyyatı 70 manatdan aşağı qiymətə edilmir. Nazik bağırsağın perforativ dəliyinin tikilməsi isə 700 manatdır. Bu qiymətlər tibb mərkəzinin saytında da göstərilib. Bahalıq olsa da, insanlara normal xidmət göstərilmir". Araşdırma zamanı öyrəndik ki, bir neçə müddət əvvəl burun çəpərinin əyriliyi üzündən əməliyyata gətirilən 31 yaşlı Ruslan Həmidov adlı xəstə əməliyyat zamanı dünyasını dəyişib. Məlumata görə, həkim İlqar Əzimov mili nəfəs borusundan xəstənin burnuna daxil etmək istəyərkən aorta damarına toxunub. Aorta damarında başlayan qanaxma nəticəsində Ruslan Həmidov cərrahiyyə stolunda dünyasını dəyişib. Mərhumun yaxınları isə bunun sadə əməliyyat olduğunu bildirərək yaxınlarının ölümündə həkim səriştəsizliyi və səhlənkarlığının olduğunu deyiblər. Qeyd edək ki, Məhkəmə Tibb Ekspertizası da hadisənin həkimin səhlənkarlığı üzündən baş verdiyini təsdiqləyib. Bu hadisəni səbəbsiz yerə xatırlatmadıq. Belə ki, "Diaqnoz" tibb mərkəzinin əksər həkimləri yenə də işlərinə məsuliyyətsiz yanaşırlar. Bir çox hallarda mərkəzdə vətəndaşlara qoyulan diaqnozlar özünü doğrultmur. Adının çəkilməməsini istəyən paytaxt sakininin redaksiyamıza verdiyi məlumata görə, sözügedən tibb mərkəzinin həkimləri vətəndaşların cibinə girməkdən başqa heç nəyi bilmir: "Təxminən üç ay əvvəl başımda ağrılar əmələ gəlməyə başladı. Özümü həkimə yoxlatmaq üçün "Diaqnoz" tibb mərkəzinə müraciət etdim. Həkimlər müayinədən sonra xəstəliyimin beyin xərçəngi olduğunu dedilər. Bundan sonra İrana yollandım. Həkimlər məni yoxladılar və belə bir xəstəlik üzə çıxmadı. Sadəcə qarmaritimin olduğunu dedilər. Heç kimə "Diaqnoz" tibb mərkəzinə getməyi məsləhət görmürəm. Yalnız adı və reklamı var. Tibbi xidmət isə bərbad haldadır". Təbii ki, belə səhiyyə mərkəzlərinin mövcudluğu vətəndaşların həyatını risk qarşısında qoyur. Fikrimizcə, Səhiyyə Nazirliyinin mütəxəssisləri "Diaqnoz"un fəaliyyətini dərindən yoxlayıb müvafiq cəza tədbirləri görməlidir. Ümumiyyətlə, mərkəzə nəzarət gücləndirilməlidir. Vergilər Nazirliyinin rəhbərliyindən isə xahiş edirik ki, səhiyyə müəssisəsində vergidən yayınma hallarının olub-olmamasını araşdırsınlar. Qarşı tərəfin də fikirlərini işıqlandıra bilərik. Geri qayıt |