Əsas Səhifə > Güney Press / Ana xəbər > Əyalət səhiyyəsində daha bir özbaşınalıq

Əyalət səhiyyəsində daha bir özbaşınalıq


10-09-2014, 15:11
Əyalət səhiyyəsində daha bir özbaşınalıq
Ölkəmizin səhiyyə sistemində baş qaldıran bəzi problemlər Salyan rayonunun səhiyyəsinə də öz mənfi təsirini göstərib. Belə ki, dövlət səviyyəsində rayonda səhiyyə strukturunun inkişaf etdirilməsi məqsədilə böyük vəsaitlərin ayrılmasına baxmayaraq, Mərkəzi Xəstəxananın baş həkimi Hüseynağa Həsənov tamam başqa işlərlə məşğul olur. Ümumiyyətlə, adıçəkilən şəxs Salyan Rayon Mərkəzi Xəstəxanasına (RMX) baş həkim vəzifəsinə təyin ediləndən sonra vətəndaşların şikayətlərinin ardı-arası kəsilmir və onlar pulsuz səhiyyə xidmətlərindən istifadə edə bilməməkdən gileylənirlər.

Baş həkimin qanunla düz gəlməyən əməlləri ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Həmin məlumatlara keçməmişdən əvvəl qısaca qeyd edək ki, Salyan rayon əhalisinin sağlamlığını qorumaq məqsədi ilə rayonda 36 ambulator-poliklinika müəssisələri, 14 xəstəxana fəaliyyət göstərir. 1370 xəstəxana çarpayılıq bu tibb ocaqlarında 344 həkim və 917 orta tibb işçisi çalışır. Mərkəzi Xəstəxananın binası 1972-ci ildə istifadəyə verilib. 2008-ci ildə prezident İlham Əliyevin tapşırığı ilə əsaslı təmir olunub. 248 çarpayılılıq 9 şöbədən (Qəbul şöbəsi, Terapiya şöbəsi -50 çarpayılıq, Cərrahiyyə şöbəsi - 30 çarpayılıq, Yoluxucu xəstəliklər şöbəsi - 20 çarpayılıq, Anestezioloq-Reanimasiya şöbəsi - 18 çarpayılıq, Kardioloji şöbə - 30 çarpayılılıq, Doğum evi və mamalıq şöbəsi - 50 çarpayılıq, Oftomaloji şöbə - 15 çarpayılıq) ibarət olan tibb ocağında 330 həkim, 836 orta tibb işçisi və 686 kiçik işçi çalışır. Etibarlı mənbələrdən aldığımız məlumatlara görə, Salyan səhiyyəsi 2011-ci ilin iyul ayından durğunluq dövrünə qədəm qoyub: "Hüseynağa Həsənov həmin tarixdə xəstəxanaya baş həkim təyin edilib. Açığı ona ümidlər böyük idi, yerli əhali baş həkimin dəyişməsindən sonra xəstəxanadakı xoşagəlməz ab-havanın da dəyişəcəyini gözləyirdi. Lakin Hüseynağa müəllim xəstəxanaya üç illik rəhbərliyi dövründə etimadı doğrulda bilməyib. Əksinə, rayonun səhiyyə sistemi daha acınacaqlı hala düşüb. Əhaliyə yüksək keyfiyyətli xidmət göstərilmir. Xəstəxananın tibbi personalının peşəkarlığı aşağı səviyyədədir. Hər cür şəraitlə təmin olunan xəstəxanada işinin öhdəsindən layiqincə gələn, peşəsinə sadiqlik göstərən, yəni gözü xəstələrin cibində olmayan az həkim var. Baş həkim belə şəxsləri sıxışdırır və onların rahat işləməsinə maneçilik törədir. Şöbə müdirləri hər ay müəyyən olunmuş vaxtlarda baş həkimə həyata keçirdikləri "işlərlə" bağlı hesabat verirlər. Hər şöbə müdirinin özünün konkret "tapşırığı" var. Hansı şöbə müdiri həmin tapşırığı deyilən qaydada yerinə yetirə bilmirsə, baş həkim onu çox pis şəkildə cəzalandırır. Baş həkimin dəyişməsindən sonra rayonda dövlət hesabına maliyyələşən tibb müəssisələrində pulsuz səhiyyəyə qadağa qoyulub. Həkimlər xəstələrdən nəysə almamış onlara xidmət göstərmirlər. Lap istəyirsən yıxıl öl xeyri yoxdur. Bu kimi halların qeydə alınması yerli əhalinin narazılığına gətirib çıxarır. Kəndlərdə vəziyyət daha kritikdir. Həkim məntəqələrinin bir çoxu bərbad durumda olduğuna görə kənd sakinləri hansısa problem meydana gələn kimi rayonun mərkəzinə üz tutmaq məcburiyyətində qalırlar. Tibb məntəqələrində normal şərait yoxdur. Onların əksəriyyətinin adı sadəcə, kağız üzərində mövcuddur. Bundan başqa, həmin məntəqələrin cari təmiri və dəftərxana ləvazimatlarının alınması adı altında büdcədən irihəcmli vəsaitlər alınaraq mənimsənilir". Mənbənin məlumatına görə, rayon üzrə bəzi xəstələr var ki, onlar şəkərli diabet və digər xəstəliklərdən əziyyət çəkdiklərindən xəstəxanada qeydiyyatdadırlar: "Dövlət hər ay həmin şəxslərə pulsuz dərman preparatları göndərir. Hüseynağa Həsənov bu dərmanların sahiblərinə təmənnasız çatmasına imkan vermir. Diabet xəstələri həmin dərmanları pulla alırlar. Baş həkimin qeyri-qanuni işləri rayonun səhiyyəsini uçuruma aparır. Hazırda Salyanın səhiyyə sektoru reanimasiya vəziyyətindədir. Xəstəxananın doğum şöbəsində yaşanan hadisələr əsl dəhşətdir. Belə ki, şöbənin həkimlərinin və tibb bacılarının yetərli hissəsi işinə məsuliyyətlə yanaşmır. Buna görə də bəzi hallarda doğuş əməliyyatı zamanı bədbəxt hadisələr qeydə alınır. Amma Hüseynağa Həsənov müəyyən üsullardan istifadə edərək belə hadisələrin ictimailəşməsinə imkan yaratmır. Xəstəxanada o qədər problem var ki, saymaqla bitən deyil. Yaxşı olardı ki, Səhiyyə Nazirliyinin, Maliyyə Nazirliyinin və digər əhəmiyyətli qurumların yetkililəri xəstəxanaya təşrif buyurub baş həkimin fəaliyyətini yoxlasınlar". İnanmaq istərdik ki, adıçəkilən nazirliklərin rəsmiləri təcili hərəkətə keçib Salyan Mərkəzi Xəstəxanasının fəaliyyətini nəzarətə götürəcək və vəzifə səlahiyyətlərini aşan baş həkimi qanuni formada cəzalandıracaqlar. Növbəti sayımızda Hüseynağa Həsənovun "Biznes LTD" şirkəti ilə əlaqələri və göyə sovrulan vəsaitlər haqqında şok faktları açıqlayacağıq. Bizi izləyin.

Yazı ilə bağlı qarşı tərəfin də münasibətini işıqlandırmağa hazırıq.

Geri qayıt