Əsas Səhifə > Güney Press / Ana xəbər > Nəsimi rayonunda ağacların məhv edilməsinin "ASAN XİDMƏTİ"

Nəsimi rayonunda ağacların məhv edilməsinin "ASAN XİDMƏTİ"


5-09-2014, 11:51
Nəsimi rayonunda ağacların məhv edilməsinin "ASAN XİDMƏTİ"
Bu gün ağac kəsimi sanki adət halını alıb. Az qala hər gün hansısa rayonda ağacların kəsilməsi ilə bağlı məlumatlar əldə edirik. Səbəb isə təbii ki, eynidir. Yəni ağaclar məhv edilərək, yerində hansısa obyekt, müəsissə tikilir. Ümumiyyətlə, son bir il ərzində ağac kəsimləri daha geniş vüsət alıb. Sanki bəzi məmurlar ağacları kəsdirməklə, həmin yerlərdə obyekt tikdirməyi asan yola çeviriblər.

Ağacların kəsilməsi ilk növbədə təbiətə ziyandır, daha sonra isə insan sağlamlığına mənfi təsir göstərir. Eyni zamanda ətraf mühitin gözəlliyinə də xələl gətirir. Qeyd edək ki, mərhum prezident Heydər Əliyev payız və yaz aylarında "hərəyə bir ağac əkək" təşəbbüsünü irəli sürürdü. Hətta ölkə başçısı bu təşəbbüsdə özü də, fəal iştirak edirdi. Dəfələrlə ətraf mühiti qorumağın vacibliyini də önə çəkirdi. Amma çox təəssüflər olsun ki, paytaxtdan tutmuş, rayonlara qədər ağaclar kəsilərək təbiəti məhvə sürükləyirlər. Hər kəsə bəllidir ki, rayonlarda ağaclar vətəndaşların odun tədarükünü təmin etmək üçün kəsilir. Paytaxtda isə yaşıllıqlar məhv edilərək yerində tikinti işləri həyata keçirilir. Bu gün ağacların qırılmasına daha çox Xətai rayonunda rast gəlinsə də, lakin Xəzər, Qaradağ, Nəsimi rayonları bu işdə Xətai rayonundan heç də, geri qalmırlar. Müşahidələrimizdən də görürük ki, əvvəlcə yaşıllıq əraziləri hasarlayır, xüsusilə insanların etirazına səbəb olmasın deyə gecə ikən hamısını məhv edirlər. Bu ədalətsizliyə isə müvafiq qurumlar göz yumurlar. Yaşıllıqların məhvi bəzi üzdəniraq məmurların nəfislərinin ucbatından baş verir. Ölkənin büdcəsini yeyib talamaqla doymayan həmin yüksək vəzifəli şəxslər hansısa biznes qurmaq üçün ağacları kəsməklə gəlir əldə etməyə çalışırlar. Bundan başqa, ağacları kəsməklə kifayətlənmir, eyni zamanda insanların rahatlığını da pozurlar. Həmin ərazi toz-torpağa qərq edilir ki, toz əlindən küçəyə çıxmaq müşkül məsələyə çevrilir. Hələ bir müddət əvvəl, ötən saylarımızdan birində Nəsimi rayon sakinlərinin müraciətini işıqlandırmış və qeyd etmişdik ki, rayonun mərkəzi hissələrində ağacların kəsilməsi prosesi fasilə verilmədən həyata keçirilir. Bu məsələ bu gün də, gündəmdədir. Sakinlər bu duruma biganə qalmır və aidiyyəti qurumlara şikayətlər edirlər. Elə bu günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Qaynar xətt"inə Nəsimi rayonu, Cavadxan küçəsi, 26 ünvanında ağacların dibinə sulfat turşusunun tökülməsi ilə bağlı şikayət ediblər. Şikayət dərhal nazirliyin əməkdaşları tərəfindən yerindəcə araşdırılıb. Əraziyə baxış zamanı sözügedən ünvanda yaş köküstə 9 ədəd şam və 1 ədəd qarağac cinsindən olan ağacların dibinə mənşəyi məlum olmayan maddənin töküldüyü faktı aşkar edilib. Faktla bağlı mövcud vəziyyət sənədləşdirilərək sözügedən ağacların dibinə tökülən maddənin mənşəyinin müəyyən edilməsi məqsədilə ETSN-in mütəxəssisləri tərəfindən həmin sahədən torpaq nümunələri də götürülüb. Torpaq nümunələri üzərində aparılan analizlərin nəticəsinə uyğun olaraq həmin maddənin zərərverici olduğu təsdiq edilərsə, təqsirkarların müəyyənləşdirilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacağı bildirilib.

Sakinlər iddia edirlər ki, həmin ağacların dibinə sulfat turşusu tökülüb ki, ağaclar qurusun və onları kəsən zaman hansısa bir narazılıqla qarşılaşmasınlar.

Qeyd edək ki, Yaşıllar Hərəkatının son 5 ildə apardığı monitorinqə görə, Bakı və onun ətraf qəsəbələrində 75 faiz yaşıllıq məhv edilib. Bu isə o deməkdir ki, artıq həqiqətən həyəcan təbili çalınmalıdır.

Geri qayıt