Əsas Səhifə > Güney Press / Ana xəbər > İlham və Fərizənin qəbirlərinin təhqirinin arxasındakı sirr
İlham və Fərizənin qəbirlərinin təhqirinin arxasındakı sirr26-08-2014, 10:32 |
|
Bu həftə həm də mənəvi baxımdan çox ağrılı bir xəbərlə diqqətləri çəkdi. Söhbət Şəhidlər Xiyabanında İlham və Fərizənin məzarlarının təhqir olunmasından gedir. Bəri başdan bildirək ki, real yaddaşımız bu faktı heç vaxt unutmayacaq. Onu da xatırladaq ki, artıq faktla əlaqədar cinayət işi açılıb. Yəni hadisəni törədənlər axtarılır. Biz də, öz növbəmizdə, hadisənin kimlər tərəfindən törədilə biləcəyini ehtimallarımızla araşdırmaq qərarına gəldik. İstənilən halda, düşmən işidir və bu danılmaz faktdır. Yəni içində zərrə qədər də olsa Azərbaycan sevgisi olan şəxs bunu etməz. Bu addım həm də insana yaraşmayan bir cinayət əməlidir. Yəni İlhamla Fərizə təkcə 20 Yanvarın yadigarları deyil, onlar həm də bir müqəddəs sevginin yadigarları olduqlarından, hansısa insani duyğulara malik birisinin bu şərəfsizliyə qol qoyması imkansızdır. Məlumdur ki, bu gün sıralarımızda özlərini müxtəlif adlarla çağıran, amma bir adları olan vəhhabilər də var. Onlar üçün müqəddəs dəyərlərin olmadığını hər kəs, bütün dünya gözəl bilir. Məhz onlardır insanlara qoyulan abidələrin, xatirə yerlərinin, ziyarətgahların uçurulmasını təbliğ və təlqin edənlər. Azərbaycanda da dəfələrlə olub ki, hansısa vəhhabinin məzarlığı dağıtması xəbərini alaq. Hətta bir neçə il əvvəl Beyləqanda yerli əhalinin inanc bəslədiyi Cərcis Peyğəmbər ziyarətgahı da məhz vəhhabi basqınına məruz qalmışdı. Bu gün elə İraqda meydan sulayan "vəhhabilərin kralı" olan İŞİD-çilərin müqəddəs ünvanlara - hətta məscidlərə qarşı nümayiş etdirdikləri təcavüzlər göz önündədir. Bəli, bu bir ideya məsələsidir. Necə ki, İlham və Fərizənin məzarı kiminsə şəxsi qərəzliliyinin nəticəsi olaraq təhqir oluna bilməz, eyni məntiqlə deyə bilərik ki, bu işin arxasında konkret olaraq ideologiyalı insan dayanır. Tanınmış şərqşünas Seyid Camal Əzimbəyli də oxşar versiyanı inkar etmir. O bildirir ki, bununla bağlı indiyədək Bakı Şəhər İcra hakimiyyətinə, millət vəkillərinə rəsmi müraciət də edib: "Ailəmlə birgə Şəhidlər Xiyabanını gecə saat 12-dən sonra da ziyarət etdiyimiz olub. Dəfələrlə şahidi olmuşuq ki, bahalı maşınlardan enən gənc qız və oğlanlar yanlarındakı itləri, köpəkləri qəbir daşlarının üzərindən tullandıra-tullandıra, hay-küylə keçib gediblər. İradımı bildirdikdə mənə ailəmin yanında deyiblər ki, get işinlə məşğul ol! Bununla bağlı dəfələrlə mətbuatda çıxış etmişəm, oğlum Mirbəhram da "525-ci qəzet"də "Şəhidlər Xiyabanı qınaq obyekti" başlıqlı məqalə ilə çıxış edib, Bakı Şəhər İcra hakimiyyətinə yazmışam. Heç bir cavab verilməyib. Hətta bir müraciətimdə də bildirdim ki, Vətən uğrunda, keçmişimiz, gələcəyimiz uğrunda canını fəda etmiş şəhidlərimizin uyuduğu bir yer protokol halına salınmalıdır. Xalqımızın müqəddəs ziyarətgahına qarşı bu cür qeyri-əxlaqi, nalayiq, natəmiz münasibət göstərən şəxslər ora buraxılmamalıdır və onlar cəzalanmalıdır. Şəhidlər Xiyabanı Azərbaycanın bəlkə də ən əxlaqsız insanlarının gecə saat 1-dən sonra görüş yerinə çevrilib. Düşünürəm ki, bu məsələyə dövlət başçısı özü reaksiya verəcək. İnanıram ki, bundan sonra Şəhidlər Xiyabanının müqəddəs məkan olduğu insanların ictimai şüuruna, mənəviyyatına hopdurulacaq. Dövlətin Şəhidlər Xiyabanına ciddi mühafizə ayırması vacibdir. İki polisin mühafizəsi kifayət deyil. Ora əsgər keşik çəkməlidir. Deyirlər orada kamera yoxdur. Bu rəzalətdir" Seyid Camal Əzimbəylinin fikrincə, bu rəzalətin baş verməsi erməni mənşəli şəxslərin, o cümlədən özlərini radikal islamçı kimi təqdim edən, Azərbaycanda son 11 şəhidi "leş" adlandıran, özlərini vəhhabi təriqətindən hesab edən bir qrupun da işi ola bilər: "Bayaqdan mənə durmadan zənglər gəlir, onlar arasında mənəviyyat adamları ilə yanaşı, dövlət adamları da var. Onlarla bu məsələni analiz edəndə bildirdim ki, bu, erməni təxribatı da ola bilər". Məhəmmədəli QƏRİBLİ/bakı-xəbər Geri qayıt |