Əsas Səhifə > Güney Press / Ana xəbər > “Rusiya istəyir ki, Cənubi Qafqazda nəzarətli qaydada gərginlik qalsın”

“Rusiya istəyir ki, Cənubi Qafqazda nəzarətli qaydada gərginlik qalsın”


14-08-2014, 16:30
“Rusiya istəyir ki, Cənubi Qafqazda nəzarətli qaydada gərginlik qalsın”
“Düşünmürəm ki, bu görüş elə bir nəticə verdi. Bircə o oldu ki, tərəflər daha böyük miqyasda zorakılıqdan çəkindiklərinə görə alqışlandılar”, - Amerika Xarici Siyasət Şurasının baş tədqiqatçısı Stefen Blank “Amerikanın Səsi”nə müsahibəsində Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşünü şərh edərkən bildirib.

Onun fikrincə, heç kim görüşdən sülhə doğru real proqres gözləmirdi. “Mənim gözləntilərim aşağıdır, çünki Rusiyanın sülhdə marağı yoxdur. Və başqa heç kəs aktiv rol oynamaq istəmir. Ona görə də hökumətlər üzərində sülhə nail olmaq üçün xarici təzyiq yoxdur”, - o qeyd edib.

Ekspert bir daha Rusiyanın Qafqazda sülhün yaranmasında maraqlı olmadığını deyib: “Rusiya müharibənin baş verməsində də maraqlı deyil. Amma onlar istərdilər ki, nəzarətli qaydada gərginliklər qalsın. Bu, onların maraqlarına cavab verir. Onlar Azərbaycana da, Ermənistana da silah satırlar. Onların Ermənistanda qoşunları var. Bu həll olunmamış münaqişə onlara Cənubi Qafqazda dominant qüvvə olmağa imkan verir”.

O, son bir neçə həftədə təmas xəttində eskalasiya ilə bağlı danışarkən deyib ki, insidentlərin yenidən baş qaldırması ehtimalı kifayət qədər yüksəkdir, hətta müharibənin də. “Hər iki tərəf silahlanır. Həmin kontekstdə həmişə belə bir ehtimal var ki, müxtəlif növ səbəblərdən, yaxud bilərəkdən bir insident başlasın. Nəticədə toqquşmalar vüsət ala bilər və ən pis halda müharibə baş verə bilər”.

O hesab edir ki, müharibə başlasa Ermənistan da, Azərbaycan da uduzacaq. “Yeganə qalib Moskva olacaq. Rusiya hansısa məqamda ya birbaşa yaxud da hədə yolu ilə münaqişəyə qatılaraq bu dövlətləri öz orbitinə salacaq. Ona görə də hesab edirəm ki, bu münaqişə tezliklə həll olunmalıdır. Çünki qarşıdurma nə qədər uzanırsa, bir o qədər müharibə ehtimalı artır. Onlar hər ikisi Rusiyanın caynaqlarına düşə bilərlər. Onlardan heç biri də bunu arzulamır. Biz artıq görürük ki, Ermənistana nə olub. Bu ölkə xarici siyasətdə, bəlkə də daxili və iqtisadi siyasətdə müstəqilliyini faktiki uduzub. Ermənistan Dağlıq Qarabağdakı ambisiyalarının girovuna çevrilib”, - S.Blank bildirib.

“Qarabağda gərginliyin artması Azərbaycanda sivil cəmiyyət fəallarına qarşı genişmiqyaslı basqılarla müşayiət olunur. Azərbaycan polisi bir neçə tanınmış insan haqları fəallarını həbs edib. Bütün bunlar Azərbaycanın Qərblə münasibətlərinə necə təsir göstərir?” sualının cavabında Stefen Blank deyib ki, bu, Azərbaycanın Qərblə münasibətlərinə zərbə vurur: “Vaşinqtonda çox sayda adam var ki, Azərbaycana Rusiyanın nüfuz dairəsində olan və Qərb üçün heç bir əhəmiyyəti olmayan diktatura kimi baxır. Şəxsən mənim fikrimcə, burada ABŞ-ın da günahı var. Biz Azərbaycanın təhlükəsizlik maraqlarını ciddi qəbul etməliyik. Söhbət burada Dağlıq Qarabağdan gedir. Əgər biz istəyiriksə ki, Azərbaycan insan haqları fəallarının həbslərinə son qoysun və siyasi atmosferi yaxşılaşdırsın, biz Azərbaycanla insan haqları sahəsində olduğu kimi təhlükəsizlik sahəsində da danışmalıyıq. Yalnız belə olan halda onlar bizə qulaq asacaqlar”.

Geri qayıt