Əsas Səhifə > Güney Press / Ana xəbər > Xaçmaz Rayon Maliyyə İdarəsinin müdiri kimə arxalanır?
Xaçmaz Rayon Maliyyə İdarəsinin müdiri kimə arxalanır?14-08-2014, 15:15 |
![]() Əksər regionlarda durumun ağır olduğunu hər kəs bilir. Bir sıra məmurların özbaşınalığı, qanundankənar hərəkətləri rayon sakinlərinin yaşayışlarını daha da ağırlaşdırır. Aidiyyəti qurumlara müraciət edilsə də, heç bir tədbir görülmür. Sanki bu işlər məqsədli şəkildə həyata keçir. Elə məmurlar var ki, ölkə qanunlarına əhəmiyyət vermədən, öz "qanunlarını" həyata keçirməklə məşğuldur. Etibarlı mənbələrin verdiyi məlumata görə, Xaçmaz rayon Maliyyə İdarəsində bu cür vəziyyət yaşanır. Xaçmazda fəaliyyət göstərən bütün idarə və müəssisələr, büdcə təşkilatları yerli Maliyyə İdarəsinin rəhbərinin əlindən boğaza yığılıblar. Maliyyə İdarəsinin əlindən cana doyan büdcə təşkilatları rayonda yaşanan bu cür özbaşınalıqları dilə gətirməyə başlayıblar. Rayon Maliyyə İdarəsinin müdiri vəzifə başına keçəndən sonra tətbiq etdiyi ilk qayda rayondakı bütün idarə və müəssisələrin onun icazəsi olmadan işə adam qəbul etməməsi olub. Mənbələr bildirir ki, idarə rəhbəri bütün qurumların rəhbərlərinə bərk-bərk tapşırıb ki, əgər belə bir addım atarlarsa, onların hər birində yoxlama aparıb, bütün yeyinti faktlarını üzə çıxaracaq. Qəzetimizə verilən məlumata görə, rayondakı büdcə təşkilatlarının rəhbərləri öz qohumlarının adını işə yazdırıb, sonra da onların əmək haqlarını özlərinə götürürlər. Yalnız yoxlamadan yoxlamaya iş yerində tapılan bu şəxsləri müdafiə etmək də məhz müəssisə rəhbərinin vəzifəsidir. Maliyyə İdarəsinin müdiri də bundan xəbər tutduqdan sonra həmin işə götürülənlərə şərik olmağa başlayıb. Yəni o, alınan əmək haqlarının yarısını özünə istəyir. Əks təqdirdə, yoxlama aparacağı ilə qarşı tərəfi hədələyir. Bütün bunlar Maliyyə İdarəsinin rəisinin kiməsə arxalandığını, kiminsə himayəsində olduğunu göstərir. Sıravi maliyyə işçisi çox gözəl bilir ki, nə vaxtsa dövlət büdcəsini talasa, məsuliyyətə cəlb oluna bilər. Görünür, kiməsə arxayın olduğundan, onu bu cür ciddi problemlər heç cür narahat etmir. Ən qəribəsi də odur ki, bütün bunlara baxmayaraq, ona "gözün üstündə qaşın var" deyən də yoxdur. Maraqlıdır, görəsən, niyə? Onun güvəndiyi, himayəsinə arxayın olduğu şəxs kimdir? Ki, idarə rəisi istədiyini edir. Qanundankənar işlərlə məşğuldur. Rayonda fəaliyyət göstərən təşkilat və müəssisələrin, o cümlədən büdcə təşkilatlarının rəhbərlərini təngə gətirib. Xaçmaz Rayon Maliyyə İdarəsinin çirkin əməlləri artıq Xaçmaz rayonunda hamını bezdirib. İdarə rəisinin maliyyə maxinasiyalarında iştirakı isə ağır cinayət hesab olunur. Ümid edirik ki, müvafiq qurumlar yazıda göstərilən hər bir nöqsan və çirkin əməli ciddi nəzarət altında araşdırıb tədbir görəcəklər. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik. Geri qayıt |