Əsas Səhifə > Güney Press / Ana xəbər > Üzeyir Cəfərovdan Müdafiə Nazirliyinə qarşı yeni ittihamlar

Üzeyir Cəfərovdan Müdafiə Nazirliyinə qarşı yeni ittihamlar


14-08-2014, 12:57
Üzeyir Cəfərovdan Müdafiə Nazirliyinə qarşı yeni ittihamlar
"Hərbi Jurnalistlər" İctimai Biriliyinin rəhbəri Üzeyir Cəfərovun öz facebook səhifəsində paylaşdığı daha bir müraciəti oxuculara təqdim edirik:

Dəyərli dostlar, hörmətli həmkarlar!

Bir qədər aşağıda sizin diqqətinizə çatdırmaq istədiyim məsələ Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri (HHQ) və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHMQ) cəbhə bölgəsində yerləşən hərbi hissələrindən birində baş verən xoşagəlməz hadisələr haqqındadır. Bu müraciətin dərc olunub-olunmaması haqqında çox götür-qoy etdim, hələ bir xeyli müddət gözləməyə qərar da verdim. Fikirləşdim ki, ola bilsin ki, komandanlıq yazılanlarla bağlı hansısa tədbir görsün. Amma görəndə ki, problemlər qalmaqda, dərinləşməkdədir və MN-nin, eləcə də HHQ və HHMQ-nın komandanı general-leytenant Ramiz Tahirovun başı Bakıdakı başqa "vacib" işlərinə qarışıb, müraciəti ictimailəşdirməyə qərar verdim. Diqqətinizə çatdıracağım faktlara görə məsuliyyət adı çəkilən hərbi hissənin zabitlərinin, gizirlərinin üzərinə düşür. Onu da gözəl bilirəm ki, günü sabah, MN öz "hazırcavab Mətbuat Xidməti" vasitəsiylə yazılanları təkzib etməyə cəhd edəcək. Qoy olsun, amma yazılanların tam əksəriyyətinin doğru olmasına mənim qətiyyən şübhəm yoxdur. Ona görə də, əlaqədar qurumlardan xahiş edirəm ki, zabitlərin müraciətinə elə-belə adi kağız parçası kimi baxmasınlar. Hər şeyi dərindən araşdırsınlar, sonra ictimaiyyətə məlumat versinlər. Maraqlı cəhətlərdən biri də odur ki, bu müraciət Azərbaycan Respublikasinin İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) Elmira xanım Sülüymanovaya da ünvanlanıb. Müraciətin yazılışına və stilinə toxunmadan diqqətinizə çatdırıram.

Azərbaycan Respublikasinin İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN)

Elmira xanım Süleymanovaya

Müraciət

Sizə bildiririk ki, Sizin son zamanda tərəfinizdən keçirilən ön cəbhədə yerləşən hərbi hissələrə baxış müntəzəm qaydada davam etdirilir. Bundan ötrü biz zabit və gizirlər çox razıyıq. Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə qoşunlarının da cəbhə bölgəsi sayılan Agcəbədi rayonunda yerləşən N saylı hərbi hissənin şəxsi heyyətinin mənəvi psixoloji durumu ilə, məişət şəraiti ilə tanış olmağınız barədə tərəfimizdən xahiş olunur. Siz burada qısa araşdırma apardıqdan sonra özunüzdə buradakı insan hüquqlarının necə kobud şəkildə pozulmasının şahidi olacaqsınız.

Əsas pozuntu halları:

İlk əvvəl Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmaq arzusunda olan hərbi vəzifəlilər hərbi xidmət keçmək istədikləri hərbi hissələrin komandanlığına müraciət edə bilərlər dedi və əmr hərbi hissəyə daxil oldu.

O gündən başlayaraq Ağcəbədidə yaşayan insanlar müraciət etdilər və onlardan qane edəcək məbləği müəyyən adamlar vasitəsi ilə hərbi hissə komandirinə çatdıran adamlar işə qəbul oldu və hələ də qəbul olmaqda davam edir.

Qəbul olunan müddətdən artıq xidmət edən hərbi qulluqçulara hərbi hissə komandiri tərəfindən heç bir qanuna uyğun olmayaraq Nəzarət Buraxılış Məntəqəsindən 150 metr ve ondanda çox ərazilər süpürtdürülür, zibilləri təmizlətdirilir, mülkü mağazanın qarşısına tökülmüş mağazanın zibilləri atdırılır, yaxındakı ərzaidə yaşayan vətəndaşların həyət qapılarının qarşısındakı zibillər atdırılır.

Daxili xidmətdə isə müddətdən artıq xidmət edən hərbi qulluqçular fəhlə əvəzinə sutkanın istənilən vaxtı bütün işlər gördülür, baxmayaraq onlar hansı vəzifədə çalışırlar. Bundan əlavə Müdafiə Nazirliyindən gələn müfaviq əmrə əsasən günvurmadan qorunma tədbirləri görülmədən müddətdən artıq xidmət edən hərbi qulluqçular günəş altında qul kimi istismar olunurlar.

Hərbi hissə komandirinə etiraz edən müddətdən artıq xidmət edən hərbi qulluqçuları hərbi hissə komandiri işdən qovulmaqla hədələyir.

Eyni analoji hadisə zabit və gizirlərdədə özünü göstərir. Belə ki düzülüş vaxtları günvurmanın ən ehtimal olunan vaxtlarında uzun müddət keçirilir (14:00-16:00) . Bundan sonra isə şəxsi heyyət isti olmağına baxmayaraq kütləvi idman tədbirləri ilə əsasəndə 3000 metr məsafəyə qaçış ilə hər gün məşğul olur.

Hərbi hissə tərəfindən təminat olunmadan heç bir ehtiyyat hissə verilmədən zabit və gizirlərdən onların tabeçiliyində yerləşən texnikaların hərbi qulluqçunun öz maaliyə hesabına təmir edilməsi əmr edilir.

Hərbi hissə tərəfindən təminat olunmadan zabit və gizirlərdən kazarmaların təmir olunması, tikinti işlərinin davam etdirilməsi, təmir bərpa işlərinin aparılması tələb olunur və elətdirilir.

Əşya kisələri və zabit çantaları eləcədə onların içərisində yerləşən ləvazimatlar hərbi hissənin əşya xidmət rəisi tərəfindən təmin olunmadan hərbi hissə komandri tərəfindən zabitlərdən öz maaliyə hesabı ilə alınması tələb olunur. Əşya anbarından alınan yay maykalarının geyinilməsini qadağan edib yenədə başqa cür maykaların geyinilməsini tələb edir. Yenədə zabit və gizirlər eləcədə müddətdən artıq xidmət edən hərbi qulluqçuları öz hesabına geyim almağa məcbur edir və aldırır.

Dərs saatı və qeyri dərs saatlarında zabit və gizirlərin daima belində zabit çantasının olmasını əmr edir, eləcədə rayon ərazisində hərəkətdə olduğu halda belə.

2014 cü il üçün əvvəlcədən planlaşdırılmış zabit və gizirlərin məzuniyyətlərini planlaşdırılmış vaxtlarda getməsini təmin etmir. Kefi kimi istəyir göndərir, kimidə istəmirsə göndərmir.

1. Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 11. İstirahət hüququ

1. Hərbi qulluqçuların istirahət hüququ həftədə 41 saatdan çox olmayan xidmət vaxtının müəyyən edilməsi, həftəlik istirahət günlərinin, iş günü hesab edilməyən bayram günlərinin, illik məzuniyyətlərin və başqa ödənişli məzuniyyətlərin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa). Habelə dincəlmək və qidalanmaq üçün kündəlik fasilələrin verilməsi yolu ilə təmin edilir.

- zabitlər, gizirlər və miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına üçün— iki istirahət günü ilə beşgünlük.

Bu qanunun heç bir bəndi yerinə yetirilmir. Döyüş hazırlığını yüksək səviyyədə saxlamaq şərti ilə qoşun xidmətinin naryadını və döyüş növbəsini təşkil edilməsində iştirak etməyən zabit, gizirlər və müddətdən artıq xidmət edən hərbi qulluqçular həftədə 7 iş günü işləyirlər və həftədə və bayramlarda heç vaxtı qeyri iş günü olmur. Həftədə 41 saat iş rejimindən daha çox iş saatı zabitlər və gizirlər işləyir. Hərbi hissə komandirinin hərbi hissə üzrə əmr və sərəncamlar kitabına qeyd edilmədən şifahi əmrlə zabit və gizirlərə kazarma vəziyyəti elan edib günlərlə iş yerində saxlanılıraq evə gedişini məhdudlaşdırılır. Evinə gedə bilmədiyi üçün gündəlik ərzaq təminatı ilə ailə üzvlərini təmin edə bilməyən zabitlər Ağcəbədi rayonunda yaşayan taxsi sürücülərinə pul verərək bazardan ərzaq alıb ailəsinə çatdırmalarını tapşırırlar.

Bütün bu və bunun kimi neqativ hallara etiraz edən zabit və gizirləri hərbi hissədən başqa hərbi hissəyə yerdəyişməsini edir və digərlərinidə bu əməli ilə hədələyir.

Bir misal var bıçaq artıq qırtlağa dirənmiş bir vəziyyətdir. Xahiş edirəm ki bu hərbi hissədə insident baş vermədən hərbi hissə komandiri polkovnik-leytenant Dünyamalıyev Əziz Dünyamalı oğlunun zabit şərəfinə yaraşmayacaq şəkildə hərəkətlərinə son verilmısinə vəsilə olasınız.

Sizdən xahiş edirik ki Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin aşağıdakı bəndlərinin pozulmasına qəti sürətdə yol verməyəsiniz!

Maddə 309.: Vəzifə səlahiyyətlərini aşma

Maddə 311.: Rüşvət alma (passiv rüşvətxorluq)

Bax belə. Əslində müraciətdə göstərilən bəzi məqamlarla mən də razı deyiləm. Çünki döyüş bölgəsində xidmət keçən zabit və gizirlər onu unutmamalıdırlar ki, onlar arxa cəbhədə xidmət keçənlərdən fərqli olaraq ikiqat məvacib alır, onların iş rejimi sırf hərbi tapşırığa uyğun həyata keçirilir və sairə. Amma komandirin öz səlahiyyətlərindən sui-istifadə edib qanunsuzluğa yol verməsi qəti qadağandır və o buna görə məsuliyyət daşıyır.

İnanmaq istərdik ki, MN-i müraciətdə qeyd olunan hallar üzrə araşdırma aparıb lazım olanları edəcək. Bizdən isə, doğrudan da ordumuzun bəzi cavan komandirləri tərəfindən yol verilən nöqsanların aradan qaldırılması üçün MN-nin rəhbərliyinə kömək məqsədiylə bu cür müraciətlərə vaxtında reaksiya verilməsini xahiş etmək qalır. Məqsədimiz ordu sıralarında baş verə biləcək xoşagəlməz hadisələrin qarşısını vaxtında almaq, bu məqsədlə profilaktik tədbirlərin həyata keçirilməsinə nail olmaqdır."

Geri qayıt